Döyülən, evdən qovulan hamilə

Döyülən, evdən qovulan hamilə
12 oktyabr 2012
# 07:00
Azərbaycan Uşaqlar Birliyinin (AUB) kimsəsiz uşaqları himayə edən sığınacağında balacaların səs-küyü ətrafı bürümüşdü. Uşaqların hay-küyü fonunda kimsəsiz Gülnarə Rəfiyevanın səssizliyi diqqət çəkirdi.

Dörd aylıq körpəsi Əlini qucağından buraxmayan Gülnarənin acınacaqlı taleyindən yazmaq elə də asan deyil. Tənha qadını yaşadan yeganə qüvvə körpəsidir. Sığınacaqdakı işçilərin dediyinə görə, onun üçün ən böyük əzab uşağını əlindən almaqdır.

Gülnarə ümumiyyətlə, kişilərdən uzaq gəzir. Sığınacaqdakı kişi işçilərlə də ünsiyyət qurmur. Kəmalə xanım “Gülnarə, gəl otur. Dərdini danış, sənə kömək etmək istəyirlər” çağırışından sonra qorxub yan otağa qaçdı.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Gülnarənin qorxmasını onun daima təzyiqə məruz qalması ilə əlaqələndirdi: “Məndə olan məlumata görə, o, hətta ruhi xəstəxanada da yatıb. Əqli gerilikdən əziyyət çəkir, həm də ağır depressiya yaşayıb. Aradabir danışır, kişi görən kimi isə özünə qapanır. Gülnarə əri, qayını tərəfindən dəfələrlə döyülüb və bu hala düşüb. Yaddaşı itib, indi çox şeyi xatırlamır”.

Uşaqlar Birliyində Gülnarə haqda ətraflı məlumat yoxdur. Əli doğulan zaman qoluna bağlanmış “birka”-nın hesabına bilinir ki, qadının adı və soyadı Gülnarə Rəfiyevadır. “Birka”dakı yazıda Əlinin 2012-ci il iyun ayının 14-də doğulduğu yazılıb. Gülnarənin Əlidən başqa bir qız, iki oğlan övladı var. 32 yaşlı Gülnarə hamilə ola-ola əri tərəfindən döyülərək, evdən qovulub.

Gülnarə sığınacağa 39-cu polis bölməsindən gətirilib. Bakıda dilənçilik edən Gülnarəni bölmədən sığınacağa gətirən Kəmalə xanım onun vəziyyətinin ürəkaçan olmadığını söylədi: “Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurublar ki, Opera və Balet Teatrının qarşısında uşaqlı bir qadın yatıb. 39-cu polis bölməsinin əməkdaşları onu bölməyə aparıblar. Bu faktı bildikdən sonra mən, jurnalist İlhamə Novruzova və psixoloqla birlikdə Gülnarə ilə görüşdük və onu sığınacağa gətirdik.

Bölmədə olanda üst-başı çirk içində idi. Ona yaxın durmaq olmurdu. Ancaq qadın psixoloqla ünsiyyətə girirdi. Saçlarını kəsdik, uşağını çimdirdik. Tibbi müayinələrdən sonra nəticələr müsbət oldu. Qətiyyətlə deyə bilərəm ki, Gülnarə yüngül həyat tərzi keçirən qadın olmayıb. Övladına bağlı insandır, onu həyata bağlayan körpəsidir. Aradabir digər övladlarının da adını çəkir. “Nə vaxt gətirəcəksiniz uşaqlarımı?” deyir. Gülnarənin dediklərinə görə təsərrüfatda işləyib, torpaq əkib, yer becərib. Onu da deyim ki, Gülnarənin anası bir müddət öncə dünyasını dəyişib. Qardaşından isə xəbər yoxdur”.

AUB-nin Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə müraciətindən sonra sahibsiz qalan qadının Biləsuvar rayonunda qeydiyyatda olduğu müəyyənləşib. Biləsuvar Rayon İcra Hakimiyyətindən faktı təsdiq etsələr də ətraflı məlumat verməyiblər. İcra Hakimiyyətindən Kəmalə xanıma bildiriblər ki, Gülnarənin uşaqlarını təhvil verəcəyik. Ancaq deyilənlər elə söz olaraq qalıb.

Sığınacaqda işçilər də, uşaqlar da Gülnarə ilə mehriban davranırlar. O, özü də uşaqlara və işçilərə qarşı kobudluq etməyib. Dörd aylıq Əliyə isə işçilər baxır. Sığınacaq kimsəsiz uşaqlar üçün nəzərdə tutulduğuna görə Gülnarəni burada saxlamaq da çətinləşir. Birliyə hər gün yeni uşaqlar gətirilir və Gülnarə uşaqlardan birinin yerini tutur. Kəmalə xanım isə çıxılmaz vəziyyətdə qalıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etsəm də faydası yoxdur. Sığınacaq uşaqlar üçün nəzərdə tutulub və burada ancaq müəyyən müddət qalmaq olar. Gülnarənin hərəkətləri qeyri-adekvatdır, özünə cavabdeh deyil. Burada bir problem olsa, bütün günahlar bizim boynumuzda qalacaq. Gülnarə övladına normal şəkildə baxa bilmir. Bütün günü yatır. Bu qadının sabah nə addım atacağını proqnozlaşdırmaq mümkün deyil. Psixiatr təsdiq etdi ki, Gülnarədə problem var, ancaq xəstəxana qəbul etmir. Psixiatr Xatirə xanım onu Ruhi Əsəb Dispanserinə aparmışdı. Orada yoxlayıblar və başında kista aşkarlanıb. Bizim də əsas istəyimiz odur ki, xəstədirsə müalicə olunsun, uşaq da qohumlarına, atasına təhvil verilsin. Qohumları yaxın durmursa, övladını körpələr evinə verək. Hara göndərim axı bu qadını? Yenə dilənməyə göndərim?!”

Gülnarə barədə AUB-nin xahişi ilə Xəzər televiziyasında süjet göstəriblər. Süjet efirə verildikdən sonra əlaqə telefonlarına zəng edib, özlərini Gülnarənin qohumu kimi təqdim edənlər tapılıb. Biri zəng edib ki, əmisi oğluyam, biri deyib ki, dayısı oğluyam. Gecə saat 12-də sığınacağa gəlmək istəyənlərlə Kəmalə xanım razılaşmayıb: “Dedim ki, sizi bu saatda qəbul edə bilmərəm. Bu insanların niyyətinin yaxşı olmadığını bilirdim. Səhər heç birindən xəbər çıxmadı. Sonra verilişi hazırlayan xanımla görüş təyin ediblər. Xanım da ora başqa insanı yollayıb. Ora bir maşın kişi gəlib. Yəqin ki, Gülnarənin həyatına təhlükə yaradan insanlar olub. Təhdid ediblər, görünür ki, pis əməllərini ört-basdır etmək istəyirmişlər. Bu təsdiqlənsə ki, özündən xəbərsiz, iki aylıq hamilə olarkən Gülnarəni evindən, uşaqlarından ayrı salıblar, həmin insanlara qarşı cinayət işi qaldırılmalıdır. Özünün dediyinə görə əri ondan sonra evlənib. Hətta Gülnarənin xəbəri olmadan məhkəmə onu ərindən boşayıb. Göründüyü kimi zəif bir qadını əri Azad Rəfiyev həyatından silib, onun hüquqlarını pozub, uşaqlarından ayrı salıb. Hamilə qadını küçələrə atıb. Ortada böyük bir özbaşınalıq və cinayət əməli var”.

Hüquqları pozulmuş Gülnarə Rəfiyeva körpəsi Əli ilə birlikdə hələ də aidiyyəti qurumlardan kömək gözləyir...

Qeyd: Gülnarə otağa qapandığı üçün şəklini çəkmək mümkün olmadı.

Fərid MİRZƏYEV
# 2251 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #