Hacı Zeynalabdin Tağıyev “hicab davası”na nə demişdi?

Hacı Zeynalabdin Tağıyev “hicab davası”na nə demişdi?
5 oktyabr 2012
# 17:38
Professor Hadi Əliyev deyirdi ki, mühəndis dayım İbad Əliyev Tağıyevin Bibiheybətdəki mədənində müdir olmuşdu, onunla yaxın idi; Şollar su kəmərini çəkəndə avadanlığı gətirmək üçün İbadı yolladı Rusiyaya. 120 vaqon maşın, nasos və digər avadanlıq gətirdi və işi tamamlayıb başa çatdırdılar. Hadinin dediyinə görə, dayısı İbad nəql edirmiş ki, imperator III Aleksandr sağ olanda Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəyir.

III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibətilə Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verilsin.

Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün banka 150.000 manat qoyur, bu da beş faizdən ildə 7.500 manat gəlir gətirəcəkdi və bununla da məktəbin xərc-xərasatı artıqlamasilə ödəniləcəkdi. İki ildən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslavskiyə tapşırır. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur, 184.000 manata başa gəlir. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Tağıyev, müsəlman qaragüruhçuları işə mane olmasın deyə, onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün iki nəfərə məktub, pul və qiymətli hədiyyələr verib, müqəddəs hesab edilən yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstambula, Tehrana və sair yerlərə göndərir və tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərdən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər, burada heç bir xilaf şey yoxdur.

Lakin müsəlman qızları üçün müasir məktəbin açılacağı xəbəri şəhərə vəlvələ salır, məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bu barədə söhbət gedir. Məhəllələrin başçıları, şəhərin ağsaqqalları iki dəfə Təzəpir məscidində toplaşıb qız məktəbi haqqında danışmaq istəmişdilərsə, nəticəsiz qalmışdı, dava-mərəkə düşür, məclis baş tutmur.

Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar, tapançalı-xəncərli qoçular ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırlar.

Hacı Zeynalabdin Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı müstəhid və din xadimlərinin imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri oxutdurub camaatı başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç bir xilaf iş yoxdur, əksinə bu, çox vacib və lazımdır, bundan sonra qaragüruhçular təzədən soşurlar.

Tağıyev məclisdə iştirak edən ən mötəbər iki din xadiminə: Bakı quberniya qazisi Mir Məhəmməd Kərimə və Mirzə Abutürab Axunda Quran ayələri oxutdurub tərcümə etdirir ki, müslüm (müsəlman kişiləri) kimi müslümələr də bütün biliklərə yiyələnməyə borcludur.

Yenə etiraz səsləri ucalır. Bu dəfə Hacı Zeynalabdin özü danışmağa başlayır: «Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın, hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər; əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımızçoxdur.

Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular küçələrə tökülüşüb dikdaban ayaqqabı geymiş müsəlman qadın və qızlarının tufli və çəkmələrini çıxardıb, zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri, qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları döyür, ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin evlərinə soxulub öldürürdülər; o cümlədən, içərişəhərli Axund molla Ruhullanın evinə zorla girib namaz üstündə kişini qətl etmişdilər ki, birdən-birə iki qızını «şkola» yollayıb.

Hökumət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb məsələlərinə qarışmırıq. Qızlara belə məsləhət görürlər ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. İki gündən sonra Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını, həyatda xoşbəxt
yaşamalarını arzu edir.

Bu teleqramla bütün mübahisələr və müsəlman qız məktəbinin taleyi bir dəfəlik həll edilir.


Məqalə Manaf Süleymanlının “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabından götürülüb


Redaksiyadan: Bu günü anlamağın əsas mexanizmlərindən biri də tarixi öyrənmək, keçmişdə insanların oxşar problemlər qarşısında hansı reaksiyalar verdiyini aydınlaşdırmaqdır.

Bu gün “hicab davası” olaraq qarşımıza çıxarılan problem əslində yüz il əvvəl də vardı.

Fərq ondaydı ki, o vaxt qızları məktəbə, ümumiyyətlə, qoymurdular.

Və yüz il bundan əvvəl mütərəqqi ziyalılar, mesenatlar qız uşaqlarını oxutmaq üçün əziyyət çəkəndə qarşılarındakı qüvvə kim idi?

Onlara kim mane olurdu, qadını mətbəxə kilidləyən, nəinki səhnəyə çıxmasını, hətta məktəbdə oxumasını belə “dinə-əxlaqa zidd” sayanlar kimlər idi?

Nə qədər absurd olsa da, bu gün guya qız uşaqlarının məktəbə getməsi uğrunda vuruşanlar... Mollalar, qazılar...

Əslində bu gün Azərbaycan məktəblərində hicablı müəllimələr də, şagirdlər də var.

Hər nə qədər qanuna zidd olsa belə bunlar var.

Amma Azərbaycanı zülmətə çevirmək istəyənlərin əlində hicab yalnız bəhanədir.

Yüz il əvvəl Hacını məktəb açdırmaq üstündə minbir əziyyətə düçar edənlərin indi qız uşaqlarını oxumaq sevdasına düşmələri nə ilə izah oluna bilər?

“Maarif nuru” hardan onların ürəyinə doldu?

Çarizmlə birlikdə xalqımızın görkəmli ziyalılarına qarşı müqəddəs ittifaq quranların bu gün də dünyəvi respublikamız əleyhinə teokratik dövlətlə saziş bağladığını görmək bu qədərmi çətindir?

Məqsəd qızları oxutmaq deyil, onların məqsədi bütün qızların başını örtüb məktəbə getməyə qoymayan bir dövlət yaratmaqdır.

Hansısa möcüzəylə Hacı Zeynalabdin Tağıyev dirilsəydi, şəksiz ki, bugünkü mənzərədən heyrətə düşər və Mirzə Cəlildən borc aldığı üçcə sözlə fikrini deyərdi: “Tfu sizin üzünüzə!”
# 3200 dəfə oxunub

Oxşar xəbərlər

Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

12:00 26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

15:00 25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

12:00 25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

09:00 24 oktyabr 2024
#
#
# # #