Arvadımda ən çox qiymətləndirdiyim məziyyət ...

Arvadımda ən çox qiymətləndirdiyim məziyyət ...
24 sentyabr 2012
# 05:00
Kulis.az Liviya inqilabının rəhbəri, 2011-ci il oktyabrın 20-də, 70 yaşında Siirtdə qətlə yetirilən Müəmmar Qəzzafinin həyat qaydalarını təqdim edir.

Mən doğum şəhadətnaməsi belə olmayan tənha bədəviyəm. Tərtəmiz bir dünyada böyümüşəm. Məni əhatə edən hər bir şey müasir həyatın iyrəncliklərindən tamamilə uzaqdı. Bizim cəmiyyətdə cavanlar qocalara hörmət edirdilər. Və bizlər yaxşını pisdən ayırmağı bacarırdıq.

Bir çox qəbilələr artıq öz mövcudluğuna son qoyub. Amaziqlərin qəbiləsi lap çoxdan, hələ Numidiya dönəmində (Şimali Afrikada qədim vilayət - Esquire) ölüb. Onlar haqda, demək olar ki, heç nə bilmirik. Onlar həlak olublar. Onlar artıq mövcud deyillər. İndi hanı mişvaş, ribu, libu, samu, tixbu qəbiləsi? Biz onların adını belə artıq düzgün tələffüz edə bilmirik.

Mənim yalnız bir arvadım var. Kişinin bir qadınla kifayətlənməli olduğuna əminəm.

Arvadımda ən çox qiymətləndirdiyim məziyyət onun siyasətlə maraqlanmamağıdır.

Yer üzündə yalnız bircə dövlətdə demokratiya mövcuddur və bu dövlət Liviyadır.

Qələmə aldığım “Yaşıl kitab”ın (Qəzzafinin proqram əməyi - Esquire) yeni əsrin İncili olmasından əminəm. Cəmahiriyyədə (Qəzzafi tərəfindən təklif edilmiş və 1977-ci ildə Liviyada təsis edilmiş dövlət quruluşu forması - Esquire) çoxluq və azlıq üçün yer yoxdur.

Birləşmiş Ştatlar, Hindistan, Çin və Rusiya Federasiyası kimi ölkələrə Cəmahiriyyə lazımdır. Özü də çox təcili.

Nə qədər ki insanın tələbatı başqaları tərəfindən idarə olunur, o, natamamdır.

İnqilabçının öhdəsinə düşən düşməninə qarşı zəruri zor işlətməsidir.

Qarşılarında baş əydiyim, bütləşdirdiyim iki şəxs var – prezident Linkoln və Sun Yatsen (Çin inqilabçısı, Homindyan Tayvan partiyasının əsasını qoyan şəxs - Esquire). Linkoln haqda çox oxumuşam. O, dahi və eyni zamanda insanpərvər olub. Qandi də məndə pərəstiş hissi oyadır. Axı o, digərləri uğrunda yaşayıb.

Səddamı çox yaxşı tanımışam. Amerikalı əsgərləri quzulara çevirmək lazımdır. Belə olanda onları yeyə bilərdik. Hüseyn ondan xahiş olunan hər şeyi edib. Onu hər şeydən məhrum etdilər. Ona yalnız sonunacan vuruşmaq qaldı. O, arxasını divara söykəyib mübarizə aparmalıydı. Amerikalılar ondan bundan savayı nə gözləyə bilərdilər ki? Nədir, o, amerikalıların qarşısında lüt soyunub oynamalıydı?

Prezident Buş yer üzündə heç kimə qulaq asmır. Ancaq mən Amerika Birləşmiş Ştatlarının uçuruma yuvarlandığından əminəm. Amerikalılar bir-birinin ardınca çaldıqları zəfərdən zövq alırlar. Lakin belə davam edə bilməz. Prezident Buş Hitlerin başına gələnləri unutmamalıdır. Biz, ərəblər belə söyləyirik: “Əvvəlində gülən sonunda ağlayır”.

Buş məntiq adlı məfhumdan məhrumdur. Onun növbəti saniyədə nə hoqqa çıxaracağı heç kəsə məlum deyil. Siz hər şeyə hazır olmalısınız. İndi heç kəs söyləyə bilməz ki, “Onun növbəti hədəfi mənəm”, və ya “Onun növbəti hədəfi dəqiq mən olmayacağam”.

Dünya amerikalılara münasibətində vahiddir. Bu, yalnız İraq əhlinə olan rəğbətdən irəli gəlmir. Sadəcə amerikalılar yalançı ittihamlar üzərində qurulmuş mənasız müharibənin cavabını verməli olurlar.

Milli ruhu dağılmış millətin yeri xarabalıqdır.

Onlar (öz işlərini Jyllands-Posten qəzetində çap etmiş danimarkalı karikaturaçılar nəzərdə tutulur - Esquire) Məhəmmədi çadralı qadınların ətrafında təsvir ediblər. Çünki çadra bir çox müsəlman qadınının daşıdığı geyimdir. Onda biz İsanın çılpaq qadınların əhatəsində çəkiləcəyini gözləməliyik? Çünki xristian qızlar tez-tez lütlənirlər. Orda, Skandinaviyada, ümumiyyətlə, bütün qadınlar çılpaqdır.

Dünya ərəbləri əhəmiyyətsiz bir şey kimi qəbul edir, qoyun yerinə qoyur.

Bin Laden tərəfdarlarını Amerikanın islam dünyasına təhlükə olduğuna inandıra bilib. Hələ çox əvvəllər o, Amerikanın hədəfinin yalnız Əfqanıstan olmadığını söyləyirdi. Son hadisələr Bin Ladenin doğru olduğunu sübuta yetirir. ABŞ Liviya, Səudiyyə Ərəbistanı və ya Suriya haqda danışmağa başlayan kimi Bin Laden deyir: “Görürsünüz, mən haqlıydım”.

Yaxın Şərqdəki müxalifət inkişaf etmiş ölkələrdəki müxalifətdən bir qədər fərqlənir. Bizdə müxalifət partlayış, qətl və zorakılıq formasına meyllənir.

Mən sülh tərəfdarıyam. Biz hamımız sülh tərəfdarıyıq.

Mən həmişə milli qurtuluş uğrunda mübarizənin arxasında dayanmışam və heç vaxt terrorizmi dəstəkləməmişəm. Mən Nelson Mandelanı və sonralar Namibiyanın prezidenti olan Sem Nuyomunu dəstəkləmişəm. Mən həmçinin Fələstinin Azadlığı uğrunda Təşkilatı dəstəkləmişəm. İndi bu adamları Ağ Evdə hörmətli qonaq qismində qəbul edirlər. Mən isə əvvəlkitək terrorçu sayırlar.

Mənim rolum yalnız inqilabi qüvvələrə rəhbərlik etməkdən, onları istiqamətləndirməkdən və onlara hərəkət azadlığı verməkdən ibarətdir.

Mən portretlərimin küçələrdən asılmasına qadağa qoymuşam. Lakin insanlar onu asmaqda davam edirlər. Mənsə xalqı öz hakimiyyətini həyata keçirməyə təhrik edirəm.

Düzünü deməyə qalsa, getməyi çox arzulayıram, amma bu, artıq mənim əlimdə deyil. Əgər kral və ya prezident olsaydım, hadisələr başqa cür cərəyan edərdi. Lakin mən inqilabçıyam.

Çevirdi: Kifayət Haqverdiyeva
# 2020 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #