Rəsulzadə və “Azərbaycan” 15 sentyabr haqqında

Rəsulzadə və “Azərbaycan” 15 sentyabr haqqında
15 sentyabr 2012
# 05:00
15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin məhz bu günündə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.

1918-ci ilin may ayında Azərbaycanın müstəqilliyi elan olunsa da, ölkənin bir hissəsi- Bakı və ətraf rayonlar erməni –bolşevik işğalı altında idi. Azərbaycan Milli Şurası, yeni təşkil olunmuş Azərbaycan hökumətinin güclü səyi və qardaş Türkiyə və onun silahlı qüvvələrinin təmənnasız yardımı ilə Milli Şura bütün ölkədə öz hakimiyyətini bərqərar etdi. Beləliklə, Milli hökumətin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

1919-cu il sentyabrın 15-i Bakının azad edilməsinin bir illiyi ilə əlaqədar şənliklər qeyd olunub.

Kulis.az bu tarixi günlə əlaqədar bəzi tarixi sənəd və materiallaı təqdim edir.

“Azərbaycan” qəzeti 10 dekabr 1918-ci ildə işıq üzü görmüş sayında bunları yazıb: “Türk komandanlığı bizim ərazimizə bizim sərhədlərimizi qorumaq, daxili hərc-mərcliyə son qoymaq, daxili işlərimizə xaricdən zor gücünə müdaxilənin qarşısını almaq üçün bizim öz dəvətimizlə daxil olmuşdur. Biz bir tərəfdən suveren hüquqlarımızı qoruyub saxlamağı arzulayır, digər tərəfdən isə türk komandanlığının xidmətlərindən istifadə etməyə möhtac idik. Ona görə biz elə etməli idik ki, özümüzü həm xarici müdaxilədən qoruyaq, həm də bizim fiziki mövcudluğumuzu böyük qurbanlar vermək hesabına edənləri özümüzdən incitməyək”.

Fətəli Xan Xoyski isə Bakının işğaldan azad olunmasını belə qiymətləndirib: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və s. Texniki qurğu,heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin gedişinə mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xöşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır“. (“Azərbaycan” qəzeti(rusca) 19 sentyabr 1918)

Azərbaycan parlamentinin təntənəli iclasında sədrlik edən H.B.Ağayev öz çıxışında deyib ki, bu bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlayır: “Bu bayram münasibətilə türklük və islamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz (hamısı ayağa qalxır)

Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalimlər əlindən xilas olmuşdur. Bizim qəvi (sağlam) vücudumuzu təşrih (kəsmək) və bədənimizi parçalamaq istəyən və hüququmuzu çeynəmək istəyən düşmənlər keçən sənə martdan başlayaraq ta Kürdəmir stansiyonundan igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər.

Böyləlik ilə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişlərdir. Mayın 28-də istiqlalımız elan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır).

Əfəndilər! Qan bahasılə türklük və islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etmək ilə bərabər onu da əlavə edirəm ki, biz azəri türkəri böyük qardaşımız olan türklərin canfədalıqlarını heç bir vaxt unutmayacağımız və müşkülat ilə və müşkülat ilə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən müqəddəs tutaraq əqsayi (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda vaqe olacaq rəsmi keçiddən sonra qəbristana buyurub tədbirlərimizdə iştirak edəsiniz. (Az.RDTA, sr.895, İş 142, 6. 1-4”)

Məmməd Əmin Rəsulzadə isə yazıb ki, Bakısız Azərbaycan təsəvvür olunamaz: “Bakı Azərbaycanın, Azərbaycan da Bakıındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixində, haləndə bir türk şəhəri və müsəlman bələdəsidir(şəhəridir) . istiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir...

Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə, Azərbaycan üçün Bakı ondan artıq olmasa da odur. Bu, o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcübi-heyrətdir. Bakı bolşeviklərinin, rus imperialistlərinin Qafqaziyadakı yardaqçılarının bu fikirdə olduqlarını, azərbaycanlıların haqlarını inkar üçün bu şəkli iltizam etdiklərini bilirdik. Əksəriyyəti kimlərdən ibarət olduğu məlum bilinən Bakı bolşeviklərinin ingilislər tərəfindən dəxi mühazirat görərək bu yolda təhrikatda bulunduqlarını duymuşduq...
Bakı ilə əlaqə petrola bağlı bir əlaqədir, demək ki, iqtisadi və ticvari məsələ qarşısında bulunuyoruz. Bəhri Xəzər kənarında bulunan Azərbaycan petrolu su yerində işlədəcək deyildir... ”

(“Tərcümani-Həqiqət” qəzeti, İstanbul, avqust 1918)

Mənbə:

Ş. Hüseynov “Mənəvi irsimiz və gerçəklik”

# 2795 dəfə oxunub

Oxşar xəbərlər

Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

12:00 26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

15:00 25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

12:00 25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

09:00 24 oktyabr 2024
#
#
# # #