Gün yandırsa, əqrəb sancsa nə etməli? MƏSLƏHƏT

Gün yandırsa, əqrəb sancsa nə etməli? MƏSLƏHƏT
10 avqust 2012
# 07:30
İndi oxuyacaqlarınız kiminsə həyatını xilas edə bilər, ona görə, mütləq oxuyub yadda saxlayın ki, isti yay günlərindəki tətilinizin dadı-duzu qaçmasın. Bağda, evdə, tətildə, maşında başımıza hər şey gələr bilər. Balaca bir həşərat, gün vurması, yaxud elə dəniz həyatımıza təhlükə yaradır...

Bəs nə etməli?

Həşərat sancması – birə, arı, gənə…


Həşəratlar haqqında deyilmiş ən dəqiq sözlərdən biri: “Milçək bir şey deyil, amma ürək bulandırır”- cümləsidir. Həşərat dişləyəndə, sancanda kefiniz pozulsa da, sayıqlığı itirməyib, aşağıdakıları edin:

1. Toxunmayın, qəzet və ya başqa bir vasitəylə böcəyi uzaqlaşdırın.
2. Yaranı bol sabun və su ilə yuyun.
3. Həmin yerə soyuq kompres qoyun.
4. Üzərini bağlayın, bir gün sonra açın.

Birdən əqrəb, ilan, ya hörümçək sancsa?

“Şəhərdə əqrəb nə gəzir?” deməyin. Bura Bakıdır, qarşımıza nə desəniz, çıxa bilər: əqrəb, ilan, hörümçək. Sancan kimi bunları edin:

1. Həmin yeri tərpətməyin.
2. Dəsmal, yaxud corabla bərk-bərk sıxıb bağlayın.
3. Buzla kompres edin.
4. Əgər həmin yerdə ağrı, yaxud qarın ağrısı başlasa, ən yaxın xəstəxanaya gedin.

Günəş yandırsa…

Gün yanması deyən kimi əksəriyyətin ağlına çimərlikdən gələr-gəlməz üç litr qatığı bədənə yaxmaq gəlir. Ancaq qatığı zay etməkdənsə, aptekə gedib, bir yanıq kremi alsanız, ya da aşağıdakıları etsəniz, daha xeyirli olar:

1. Ağrını, istiliyi azaltmaq üçün bir dəsmalı soyuq suya batırıb yanıq olan yerə kompres qoyun.
2. İtirilən suyu bərpa etmək üçün bol-bol su için.
3. Yanıq kremini tez-tez yaralı yerlərə çəkin və sərin otaqda istirahət edin.
4. Əgər ağrıya dözə bilmirsinizsə, həkimlə məsləhətləşib bir ağrıkəsici dərman istəyin.
5. Bir də bu qədər günün altında oturmayın. Oturursunuzsa da əvvəlcədən krem alın, çəkin, qaralın.

Elektrik vurmaması üçün...?

Elektrikin zarafatla, bir də su ilə arası heç yoxdur, ona görə elektriklə davrananda son dərəcə diqqətli və ciddi olmaq lazımdır. Məsələn:
1. Volt nə qədər yüksəkdirsə, təhlükə də o qədər artır.
2. Su elektrik axınını ən güclü ötürən maddələrdən biridir, quru ikən ötürücülüyü olmayan taxta, plastik kimi şeylər də islaq olanda təhlükəlidir. Gözünüz açıq olsun.
3. Fen, su isidən alətləri hamama, su olan yerlərə qoymayın.
4. Nəm yerdə elektrik cihazları işlətməyin.
5. Çörək qızartma alətini yemək yediyiniz süfrəyə qoymayın. İçindəki çörək qırıntılarını nə badə çəngəl, bıcaq kimi metal əşyalarla çıxarasınız.
6. Ütüdən istifadə edərkən naqili ütünün isti yerindən uzaq tutun.
7. Çətin ki hansısa yağışlı gündə ürəyinizdən çərpələng uçurtmaq keçə. Əgər keçsə, tez fikrinizdən daşının, çünki islaq çərpələng açıq elektrik naqilinə ilişsə, bu son əyləncəniz olacaq.

Yanınızdakını elektrik vursa?

Arzulayırıq ki, heç birinizi elektrik vurmasın, amma işdir, birdən kimisə vursa, özünüzü itirməyin:

1. Əl vurmayın, onu xilas etdiyiniz yerdə ikinizi də birdən təhlükəyə atmış olarsınız.
2. Əgər elektrikin hardan bağlanacağını bilirsinizsə, bağlayın.
3. Rezin dabanlı bir ayaqqabı geyinin, quru və rezin əlcək taxın.
4. Elektrik vuran adamın ətrafından naqilləri, cihazları uzaqlaşdırın.
5. Paltarlarından tutub onu hadisə baş verən yerdən uzaqlaşdırın və beli üstə yatızdırın.
6. Rezin dabanlı ayaqqabınız, ya da əlcəyiniz yoxsa, toxunmayın, təcili yardıma zəng vurun.

Tutaq ki, əliniz dəydi, lap bilmədən ona əl vurdunuz və elektrik sizi də vurdu, onda nə etməlisiniz?

1. Özünüzdəsinizsə, torpaq olan yerə gedin və yerə uzanın.
2. Yaxşılaşan kimi ən yaxın xəstəxanaya gedin.

Dostunuzu boğulmaqdan bu cür xilas edin…

Getmisiniz sizə ən yaxın çimərliyə. Dəniz ilıq, hava sərin, qarpız da öz yerində. Baş vurursunuz suya. Amma dostunuz sizin kimi ehtiyatlı davranmayıb uzağa gedir və batma təhlükəsi yaranır. Bu vəziyyətdə dostunuzu xilas etmək üçün nə etməlisiniz?

1. Nə badə çox yaxına gedib sizi qucaqlamasına icazə verəsiniz, ikiniz də batarsınız. O istəməsə belə, sizi suya çəkəcək.
2. Ən yaxşısı bir az yaxınlaşıb saçından dartmaqdır; qəribədir, amma ən doğrusu budur. Hara qədər bacarırsınızsa, saçından dartıb aparın.
3. O, çoxlu su udub, su çıxsın deyə beli üstə yatırıb başını yaxşıca arxaya dayayın. Qoyun rahat nəfəs alsın.
4. Ürək masajı, yaxud süni nəfəs verməyi bilirsinizsə edin, bilmirsinizsə, əl vurmayın.
5. Nəfəsi geri qayıtmamış, qan dövranı düzəlməmiş onu yerdən tərpətməyin. Göz düzəltdiyiniz yerdə vurub qaş çıxardarsınız. Təcili yardıma zəng vurun.

Kəsiklər

Çörək kəsəndə sevgilinizi düşünmək, salat doğrayanda sabah işdən icazə almaq üçün bəhanə fikirləşmək, ya da konserv qapağını filmi qaçırmayasız deyə tez-tələsik açmaq istəyi əlinizdə bir neçə gün ağrılı bir iz qoya bilər…Ona görə də bu cür diqqətsizliklərinizə qarşı nə etməli olduğunuzu da bilməlisiniz:

1. Kəsilən yeri çox təmiz, gigiyenik salfetlərlə 5-10 dəqiqə sıxıb saxlayın.
2. Yaranın üstünə plaster yapışdırın, ya da gigiyenik salfetlə sarıyın.
3. Qanayan bölgəni yüksəkdə saxlayın. Məsələn, ayağınız kəsilibsə, yerə uzanıb ayağınızı divara dirəyin.
4. Əgər sarğıdan qan sızırsa, üstünə daha bir sarğı bağlayın. Əvvəlkini çıxarsanız, qanama yenidən başlaya bilər.
5. Qanama tamam dayanandan sonra sarğını açıb yaranı sabunla yuyun.
6. Çalışın yaraya su çox dəyməsin, yoxsa gec bitişər.


Hazırladı: Rena Nevzat
# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #