Həmədan qazısı bir nalbənd oğluna bənd olmuş...

Həmədan qazısı bir nalbənd oğluna bənd olmuş...
27 iyul 2012
# 05:00
Həmədan qazısı haqqında danışırlar ki, o bir nalbənd oğluna bənd olmuş, qəlbinin nalını oda qoymuşdu, bir müddət dərdilə kədərlənmiş, bir müddət ətrafında hərlənmiş, gah dalınca düşüb gedərmiş, gah haqqında danışıb, şeir deyərmiş.

Şeir

Gözümə göründü o sərv qamət,
Qəlbimi qaparaq saldı ayağa.
Ürəyi kəməndə salan bil, gözdür,
Qəlbi qorumaqçın gözünü bağla.

Deyirlər ki, bir dəfə yoldan keçərkən oğlan qazının yolunu kəsdi, özü haqqında deyilən bəzi sözləri eşitdiyinə və bərk incidiyinə görə, qazını söyməyə başladı, ürəyi soyumadı, sonra onu daşladı, ağzına gələni dedi, olmazın hörmətsizliklər etdi.

Qazı əhvalatı müşahidə edən, onunla birlikdə gedən üləmalardan birinə demişdi:
Beyt

Gözəlin acığı nazə bərabər,
Üzünü turşutsa şirin dad verər.

Ərəb ölkələrində belə bir məsəl var, deyərlər: “Sevgilinin söyüşü şirin kişmiş kimidir”.
Beyt

Sənin gül əlindən yumruq yesəm mən,
Xoşdur öz əlimlə çörək yeməkdən.

Qara-qışqırıq salır, demək razılıq iyi gəlir.

Beyt

Üzüm qora çağı turş olar yəqin,
Üç-dörd gün səbr elə ki, olsun şirin.

Qazı bunu deyib geri döndü, gəlib qəzavət kürsüsündə oturdu. Onun xidmətində olan mənsəb sahiblərindən bir neçəsi baş əyib təzim etdilər, yeri öpüb belə dedilər:
- Ədəb xaricində olsa da, icazə verin sizə bir sual verək. Böyüklər deyiblər:

Beyt
Hər bir sözə irad tutmaq bil, deyildir, məsləhət,
Böyüklərə qələt tutmaq özü sayılar qələt.

Lakin bütün ömrümüz boyu sizdən mərhəmət görüb, ənam aldığımız üçün, bildiyimiz məsləhəti deməsək, xəyanət etmiş olarıq. Yaxşısı budur ki, sən bu nalbənd oğlundan əl çəkib öz ehtiras süfrəni yığışdırasan, pak qəzavət kürsüsünü belə çirkin işlərlə kəsafətə bulaşdırmayasan. Hərifin kim olduğunu gördünüz, hərifin nə olduğunu eşitdiniz.

Şeir

Biri həyasızlığa etmişsə adət,
Özgə həyasına verərmi qiymət?
Çox olmuş əlli il yaxşı qalan ad
Bir çirkin iş ilə olmuşdur bərbad!

Qazı dostlarının fikrini bəyəndi, onların xeyirxahlığına qarşı təşəkkür etdi və dedi: - Mənim haqqımda əziz dostlarımın dedikləri tamamilə düzdür, ona etiraz ola bilməz, çünki doğru sözdür, lakin:

Beyt

Nə qədər kefindir elə məzəmmət
Zəncini yumaqla ağarmaz əlbət.

Beyt

Bu dünyada səni mənə unutduran iş varmı?
Başı qopmuş bir ilanam, qıvrılmasam olarmı?

Bunu deyib onu yola gətirmək üçün adam saldı, mal tökdü, pul xərclədi, hədiyyə aldı. Demişlər ki, kimin qızılı qovluğundadır, onun gücü də qolundadır. Kimin dünyada kisəsi boşdur, onun da dünyada heç kəsi yoxdur.

Beyt

Qızılı kim görsə ona baş əyər
Dəmirqol tərəzi olsa da əgər.

Müxtəsər, bir gecə aranı xəlvət eləmişdilər ki, darğaya da xəbər çatdı. Qazı bütün gecəni şərab içir, sevgilisinin gah sağına, gah soluna keçir, məhəbbətin şiddətindən belə zümzümə edirdi:
Şeir

Ey kaş xoruz banlamasın bu səhər erkən,
Aşiqlər hələ doymadı məşuqələrindən
Yatdıqda yarın sən oyaq ol, fürsəti vermə,
Bu ömrü, amandır, belə bivayə keçirmə.
Məsciddən azan səsləri yüksəlsə də hər an,
Ya təbl səsi qalxsa Atabəy sarayından.
Sən açma xoruz gözləri tək ləbləri zinhar,
Əfsanə demə, etmə sən öz sirrini izhar.

Qazı bu vəziyyətdə idi ki, yaxın adamlarından biri gəlib dedi: - Nə oturmusan qalx, nə qədər bacarırsan tez qaç! Paxılların sənə həsəd aparıb xəbərçilik etmişlər, bəlkə də haqq demişlər. Nə qədər ki, fitnə odu alovlanmayıb, bəlkə onu tədbir suyu ilə söndürək, sabaha qalsa güclənib yanğına çevrilər, yayılıb dünyanı bürüyər.

Qazı gülümsəyərək ona baxdı və dedi:

Şeir

Şirlər ov üstünə pəncə açanda,
Nə fayda itlərin hürüşməsindən.
Yarınla üz-üzə söhbət elə, qoy
Əlinin dalını çeynəsin düşmən.

O gecə şaha da məlumat verdilər ki, sənin ölkəndə belə bir murdar hadisə baş vermişdir, əmrin nədir?
Şah dedi: - Mən onu əsrimizin görkəmli alimi, misilsiz qazısı kimi tanıyıram, ola bilər düşmənləri bu hadisəni onun haqqında uydurmuş olalar, bu məsələni yoxlamayınca mən ona inana bilmərəm. Ağıllı adamlar deyiblər:

Şeir

Hirslənib qılınca tezcə əl atsan,
Sonra peşmançılıq baş verər inan.

Qazının yanına gəldi. Gördü şam yanır, oğlan oturub, şərab dağılıb, qədəh sındırılıb, qazı isə özündən getmiş, dünyadan bixəbər, məst, sərxoş, bihuş, mədhuş bir halda yatır. Şah ehmalca qazını oyadaraq ahəstə dedi: - Dur, günəş çıxmışdır.
Qazı işin nə yerdə olduğunu başa düşüb soruşdu:
- Hansı tərəfdən çıxmışdır?
Dedi: - Hər gün çıxdığı tərəfdən, məşriqdən.
Dedi: - Allaha şükür olsun ki, tövbə qapıları hələ açıqdır, hədisdə deyilib: “Tövbə qapıları o zaman bağlanar ki, günəş məğribdən çıxsın”. İlahi tövbə edirəm, bağışlanmağımı istəyirəm.

Şeir

Mənə iki şeyi tutdular nöqsan,
Qarabəxt dedilər bir də ki, nadan.
Sən məni həbs etsən, haqdır, yeri var,
Əfv etsən cəzadan daha xoş olar.

Şah dedi: - İndiki halda, öldürüləcəyini bildikdən sonra tövbənin faydası yoxdur, hətta bu barədə belə bir ayə də vardır: “Cinayətdən sonra tövbənin xeyri yoxdur”.

Şeir

O oğrunun tövbəsindən nə fayda,
Ki, kəməndi ata bilmir saraya.
Ucaboya “meyvə dərmə” deməli,
Gödəklərin onsuz da çatmır əli.

Belə bir iyrənc iş tutduqdan sonra bağışlanmağın qeyri-mümkündür. Şah bunu decək, cəza müvəkkilləri tökülüb qazının əl-ayağını bağladılar.
Qazı dedi: - Şaha deyəcək mənim daha bir sözüm qalmışdır.
Şah eşitdi və dedi: - O nə sözdür?
Qazı dedi:

Şeir

Ətəyindən məlamət yağdıranda mənə sən,
Zənn etmə ki, əlimi üzərəm ətəyindən.
Bu günah ki, mənim var, xilas olmaq çətindir,
Bircə ümid qalıbdır, o da kəramətindir.

Şah dedi: - Bu şeiri çox gözəl dedin, sözü qəribə bir məharətlə yerində işlətdin. Lakin əqlə müvafiq, şərə mütabiq olmaz ki, sənin bu günkü hazırcavablığın canını mənim əlimdən xilas etsin. Əmr edəcəyəm səni saray qülləsindən atsınlar ki, başqaları da görüb ibrət alsınlar.

Dedi: - Ey yer üzünün allahı, mən sənin xanədanının yetişdirməsiyəm, özü də bu günahı tək mən etməmişəm, çoxları etmişlər, başqaların at ki, mən ibrət alım.

Şahı gülmək tutdu, təqsirindən keçdi, qətlini tələb edənə isə belə dedi:

Beyt

Sənin öz canında varikən nöqsan,
Neçin başqasında eyb axtarırsan?

Mənzum hekayət

Gülərüz bir gözəl, xoşsifət cavan
Gəmidə olmuşdu yarla mehriban.
Belə oxumuşam, ümmanda bir gün,
Girdabə düşdülər bəxtləri küskün.
Gəmiçi atıldı dəryaya həmən
Cavanı qurtarsın bəlkə ölümdən.
O isə dalğada əl-qol ataraq,
Deyirdi yarımı xilas et ancaq,
Bu sözü deyincə qaraldı gözü,
Bu oldu cavanın sonuncu sözü.
Eşqə sadiq sanma hər riyakarı,
Ki, bərk gündə ata yarı ilqarı,
Sevənlər bax belə yaşadı, bil sən.
Bir söz də gəl dinlə, qoca Sədidən
Sədi bilir eşqin hər dəlilini,
Bağdadlı bilən tək ərəb dilini.
Könül veribsənsə bir canana sən,
Gərək göz yumasan bu cahana sən,
Leylinin Məcnunu dirilsə əgər,
Eşqin hədisini burdan öyrənər.


Sədi Şirazi; “Gülüstan” Bakı 1987
# 2297 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #