“Dədə Qorqud” filminin sirləri - ARAŞDIRMA

“Dədə Qorqud” filminin sirləri - ARAŞDIRMA
22 iyul 2011
# 13:09
Bu il 35 yaşı tamam olan “Dədə Qorqud” filmi Azərbaycanda çəkilən ilk ikiseriyalı bədii filmdir. O vaxt bunun icazəsini almaq o qədər sevindirici olub ki, elə birseriyalı film üçün ayrılmış vəsaitə filmin ikinci hissəsini də çəkiblər. Maddi çətinlik o dərəcədə imiş ki, filmdəki bütün döyüş səhnələri cəmi 7 atla başa gəlib. Çəkib, sonra kadrları calaq edirmişlər ki, guya döyüş səhnələridir, amma bu o qədər peşəkarlıqla edilib ki, tamaşaçı filmə baxanda hələ də hiss etmir.


Nodar Şaşıqoğlu Beyrək roluna yoxlama çəkilişindən keçməyib


Beyrək obrazı üçün Rasim Balayevdən başqa bir-neçə aktyor, o cümlədən Nodar Şaşıqoğlu da yoxlama çəkilişlərinə dəvət olunubmuş. Bədii Şura Rasim Balayevi təsdiqləyib. Pirquluda aparılan çəkilişlər vaxtı ortaya bir müşkül məsələ düşüb, Rasim Balayev at çapa bilmir. O vaxt artıq “7 oğul istərəm” filmindən bu sahədə təcrübə qazanmış Ənvər Həsənov ona at sürməyi öyrədəcəyinə söz verir. Rasim Balayev belə nəql edir ki, Ənvər Həsənov ona at çapmağı öyrətmək üçün özü bir atı minib, o birisini də Beyrəyin ifaçısına göstərib: “Atını çapdı mən də onun arxasınca, sağ olsun qışqırığıma da məhəl qoymadı. Balaca bir təpəcikdən aşdı, mən də atın belində onun ardınca aşmaq istəyəndə at məni yıxdı. Dedim ayə, belə də at sürmək öyrədirlər? Sonra düzdür, bir az gözüm qorxdu, amma yavaş-yavaş özüm öyrəndim”.


Rasim Balayev şirlə necə tanış olub


Günlərin birində kinostudiyanın həyətinə böyük bir şir gətirirlər. Ətraf binalara da səs yayılır ki, bəs kinostudiyaya şir gətirdilər. “RAF”-da oturmuş şiri Rasim Balayevə göstərən filmin direktoru Nazim Ələkbərov deyir ki, get otur avtobusda, şirlə tanış ol, sənə isinişsin. Rasim Balayev deyir ki, yox, keçəl suya getməz, elə-belə güdaza getmək istəmirəm. “Heç olmazsa, çəkiliş vaxtı olsun, məndən sonra uşaqlarım təqaüd alsın”. Nazim Ələkbərov “ə, ağ ciyər olma”, deyib özü keçib oturur şirin qarşısında. Şir gözucu buna baxıb yerini dəyişir. Şirin kürəyimi onu yıxır, yoxsa qorxudanmı filmin rəhmətlik direktoru gəlir yerə. Ətrafda gülüş qopur.

Dekorasiya qurulur, Beyrəklə Şirin səhnəsi çəkilir. Rasim Balayevə deyirlər ki, ev şiridir, qorxma, südlə böyüyüb. Üstəlik, ayağından nazik trosla bağlandığını da deyiblər ki, şıltaqlıq etsə, trosu çəkib onu sakitləşdirmək olur. Sonradan məlum olub ki, həmin tros gözdən pərdə asmaq üçün, yəni Beyrəyi sərbəstləşdirmək üçün qurulmuş oyundur.

Bütün bunlara baxmayaraq, Rasim Balayevin simasında qorxu ifadəsi hiss olunduğundan rejissor Tofiq Tağızadə qeyzlənib aktyora deyib ki, sən atıl şirin üstünə, ondan qorxduğun sifətində hiss olunmasın, sən axı Beyrəksən, qəhrəmansan. Yuxarıdan bu göstərişi verən Tofiq Tağızadəyə Rasim Balayevin “əşi, yuxarıdan göstəriş verməyə nə var e, gəl bu şirlə üz-üzə dur, görüm sənin sifətində hansı ifadə yaranacaq” - deməsi çəkilişə baxmaq üçün yığılmış camaatın gülüşünə səbəb olub. Bəzi kadrlarda Rasim Balayev deyil, şirin öz sahibi çəkilməklə səhnə yola verilib.

Şir ən tananmış aktyorlardan artıq qonorar alıb, amma görün şirin şirliyi yadına düşəndə nə edib?

Şir həqiqətən də evdə, əl içində südlə böyüyüb. Bu filmdən sonra peşəkar aktyor olan şir “Dədə Qorqud” filminə görə Rasim Balayevdən də, hətta Həşim Qadoyevdən də artıq qonorar alır. Sonralar “Şir evdən getdi” filminə, “Mosfilm”də, “Leninqradfilm”də kinolara çəkilir, sahibinə qazanc gətirir. Ət kombinatı onu hamiliyə götürüb, gündəlik ətlə təmin edirmiş. Xüsusi avtobus ayrılıb ona. Nə yazıq ki, sahibi dünyasını dəyişəndən sonra bir gün şirin şirliyi yadına düşür və sahibinin oğlunu və xanımını parçalayır. Bir ailənin məhvinə səbəb olmuş aktyor şir milis nəfərinin bir gülləsinin qurbanı olur. Xarici qəzetlərdən birində oxumuşdum ki, məşhur Hollivud aktyoru şirlə filmə çəkilməkdən imtina edib deyir ki, heç bir qonorar mənim həyatımdan qiymətli deyil: “O da südlə böyüyüb, mən də, necə olur ki, mən insan ola-ola insanın dadlı ətindən vaz keçmərəm, o ki, qaldı şir ola…” Bu baxımdan, görün Rasim Balayev hansı riskə gedib…


Güləş çempionu Leyla Şıxlinskayanı yıxmaqda çətinlik çəkib


Azərbaycanın ilk güləş üzrə dünya çempionu Aydın İbrahimov Rasim Balayevlə Leyla Şıxlinskayanın güləş səhnəsinin məsləhətçisi olub. Güləşin estetik olması üçün incəliklərini Leyla Şıxlinskayaya öyrətməyə çalışan dünya çempionu ömründə ilk dəfə çətinlik qarşısında olduğunu etiraf edirmiş: “İndiyə qədərki rəqiblərim güclü olub, onu qatlayıb yıxmaqda çətinlik çəkməmişəm. Gəl indi incə zərif, üstəlik gözəl məxluqa həm güləşi öyrət, həm də əlindən xəta çıxmasın. Axı, onun sür-sümüyü barmaqlarımın altında sına bilər…”

Rasim Balayev isə ona fənd öyrədən dünya çempionunun özünü boş tutmasından istifadə edib onun kürəyini yerə vurmaqla tarixə düşmək istəyib, ustadın arifliyi sayəsində Beyrəyin cəhdi alınmayıb.


Tofiq Tağızadə Həsən Məmmədova əvəzedici axtarırmış


Dədə Qorqud obrazını yaradan mərhum Həsən Məmmədovun psixi xəstəxanaya düşməyi barədə şayiələr dolaşırmış. Guya ilanla olan kadr çəkiləndə Həsən Məmmədovun qorxudan başına hava gəlib. Tofiq Tağızadə təsadüfdən növbəti çəkilişə gecikən Həsən Məmmədovu görməyib əvəzedici aktyor barədə düşünürmüş ki, Həsən Məmmədovun öz gəlişi toy-bayrama səbəb olub.


Qazan xanı oynayan aktyorun yalanı bəlli olub


Gedib ölkəsində sinəsinə döyüb qürrələnirmiş ki, bəs, çəkiliş vaxtı bir vəhşi öküz girdi pavilyona, hamı götürüldü. Mən eləmədim tənbəllik, aldım öküzün buynuzlarından qoydum onu yerə. Bir-neçə ay sonra Tacikistana çəkilişə gedən bizim kino xadimlərini belə bir hadisənin olmasını etiraf ediblər, amma onu da əlavə etməklə ki, həmin hadisə kinoda olub və o kadr çəkiləndə Həşim yalnız öküzün buynuzlarından tutub, bir-neçə nəfər isə öküzü arxadan yıxıb.

Filmə musiqini Emin Sabitoğlu yazıb. Mahnıları ifa edən Yalçın Rzazadə onları Moskva Simfonik Orkestri ilə yazdıqlarını yaxşı xatırlayır: “Burdan mahnını hazırlayıb Moskvaya yollandıq. Moskva Simfonik orkestrinə bizim milli alətlərdən bir neçəsi də əlavə olunmaqla ifa etdim və heç bir səsgücləndirici , nə bilim daha nə əlavə olunmadan canlı səs filmə verildi”.

1975-ci ildə çəkilişləri başa çatan “Dədə Qorqud” filminin ssenarisini Anar yazıb. Filmin rejissoru Tofiq Tağızadə, operatoru Rasim İsmayılovdur. Rəssamları Nadir Zeynalov və Bədurə Əfqanlıdır.


Ramilə Qurbanlı
# 3676 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #