Tənha bayraq

Tənha bayraq
17 aprel 2018
# 15:20

Səmayə Bayramova

Külək möhkəm əsirdi. Onun amansızlığından və ədalətsizliyindən hamı bezmişdi. Ən çox bezən isə bayraqlar idi. Külək bayraqları gah sağa, gah sola fırladır, əldən salırdı.

Bir dəfə bayraqlardan ən ağıllı və qorxmazı təklif etdi ki, küləyin ədalətsizliyinə etiraz əlaməti olaraq onun əksinə dalğalansınlar. Ağıllı bayraqla bir xeyli mübariz ruhlu bayraq razılaşdı. Qalan bayraqlar isə bu işin mənasız, küləyin onlardan güclü olduğunu, əksinə dalğalanmayacaqlarını dedilər. Mübariz ruhlu bayraqlar həmin gündən küləyin əksinə dalğalanaraq küləyə güc gəlməyə başladılar.

Bayraqların bu hərəkətindən külək çox qəzəbləndi. Hər gün daha amansız əsməyə başladı. Əsdi, əsdi, əsdi. Amma bayraqları məğlub edə bilmədi.

Külək qəzəbdən bilmirdi necə əssin ki, bayraqları məğlub etsin. Küləyin ağlına bir fikir gəldi. O, başçı bayraqdan da möhkəm, mübariz bayrağı qaralayıb, bütün gücü ilə əsib onu məhv etməyə qərar verdi.

Külək belə də etdi.

O qədər möhkəm əsdi ki, bayraqların ən mübarizi yıxıldı. Bütün bayraqlar bundan çox sarsıldı.

Külək boş dayanmadı. Bir-bir bütün bayraqları yıxdı. Lakin nə qədər çalışsa da, başçı bayrağı yıxa bilmədi.

Başçı bayraq tənha qaldı, daha dalğalanmağa gücü qalmamışdı. Külək nə qədər onu öz əsdiyi istiqamətdə dalğalandırmağa çalışdısa da, alınmadı.

Tənha bayraq nə külək istiqamətində, nə də əks istiqamətdə dalğalanmadı.

O, sonadək tənha, hərəkətsiz dayandı.

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

# # #