Bir dəfə demişdim - bizim oxucular amorf oxuculardı. Yəni, bizim oxucuların beyninin bədii özəyi yoxdu, sferası var. Odur ki, bir neçə nəfərdən ibarət olan bu kütləni istənilən yerə yönəltmək olar. Məsələn, bir neçə tanınmış ciddi imza desin ki, müğənni İbrahim Borçalının əla bir romanı var, düzdü, Markesin təsiri bir balaca hiss olunur, di gəl, zalım oğlu magik-realizmin anasını ağladıb. Tamam. İndi oğul deyirəm camaatın qabağına dur görüm, nə təhər durursan.
Məsələ № 1
“İlahi siyasət - tərəqqinin fəlsəfəsi” adlı 3 cildlik elmi-fəlsəfi əsərin müəllifi və 30 ilə yaxın aktiv siyasi fəaliyyəti olan bir nəfərin Azərbaycan ədəbiyyatını “rep janrı”nda görməsi və təqdir etməsi. Əvət, əfəndilər. Söhbət Sərdar bəydən gedir. O Sərdar bəydən ki, dostumuz-qardaşımız Qaraqan “kliçka”lı rep deyən Elxan Zeynallını Azərbaycan ədəbiyyatının ən azad yazıçısı və özünəməxsus tərzi, təhkiyəsi ilə fərqlənən ən istedadlı qələm adamı kimi təqdir edir. Və əlimi bütün müqəddəs kitablara basıb bütün dinlərdə and içirəm. Ki, Sərdar bəy yalan danışır! Özü də burunlu-quyruqlu, ali təhsilli, əsgərliyə gedib-gəlmiş, qolundan əməlli-başlı tutub evləndiriləsi yalan. Ona görə belə əminliklə deyirəm ki, mən Saday Budaqlını tanıyıram, Şərif Ağayarı, Məqsəd Nuru, Etimad Başkeçidi, Xanəmiri, Həmid Herisçini tanıyıram. Bu siyahını 3-5 imzalıq uzatmaq olar əlbəttə. Amma, mən nisbətən orta nəsil yazıçılardan danışıram. Həm də yazı estetikası müəyyən qədər “sistem” işarəsi altına alına biləcək imzalardan. Belə anlaşılmasın ki, guya mən Elxan dostumuzu bədii mətnə qısqanıram. Əsla. Zatən mən bilirəm ki, o, ən uzağı, ən uzağı nə yaza bilər. Hətta bayaq adını zarafatla çəkdiyim İbrahim Borçalının da roman-filan yazmağını, kitab çıxartmağını istəyirəm, inanın. Hər-halda maaş kəsmir, rüşvət almır, “torba tikmir”. Vicdanlı və dəyərli bir işlə məşğul olur, kitab çıxardır, təbliğ edir və. s Yəni, məsələ reperin, müğənninin, hansısa manısın kitab yazmağında deyil. Məsələ adamlar tərəfindən ciddi qəbul olunan bir kəsin etalon sayıla biləcək imzaları qoyub həmin manıs ədəbiyyatını təqdir etməsindədi. Mənim kiməsə izahat verməyə nə borcum, nə də hövsələm var. Sadəcə dedim ki, niyyətim düzgün anlaşılsın. Yenə də yanlış başa düşüldümsə... ey vallah!
Məsələ № 2
Salam Sarvan. Qədim zamanlarda İran təcridxanasında olarkən
Kəndiri rezinmiş dar ağacımın,
Bəxtəvər başıma, hələ dartılır
misralarını demək olar hər gün təkrar eləyirdim. Dostum Fərid Hüseyn “Qandalı görməsin” adlı xatirələr kitabında bunu yaxşıca qeyd eləyib. Həqiqətən bu misralar elə bil bizim boyumuza biçilmişdi. Bu şeirdən kənar Salamın 5-10 şeiri də var ki, onlara söykənib tam rahatlıqla 58 il şeir yazmamaq olar. Zatən Azərbaycan boyda diyarın ədəbiyyatında qalmaq üçün 10 yaxşı şeir qırtlağa qədər bəs eləyir. Biz Əli Kərimi də, Əli Kərimi də, Əli Kərimi də (xatırlayası başqa imza yoxdu deyəsən, vəziyyət kifayət qədər hüznlüymüş) 5-10 şeirlə xatırlayırıq. Bax, (sağ əlimi sağ üzümə vurub deyirəm) bu ölsün, Salam Sarvana heç kəs deyə bilməz ki, “niyə təzə şeir yazmırsan”? Əllicə qram “Staliçni” atıb, xiyar turşusunu götürüb, həmin adama silkələyib, “Zor eləyirəm yazmıram” deməklə bütün problemlərə aydınlıq gətirmək olar. Di gəl, Salam qağamız yazır. Özü də nə yazır:
gizlənirəm, gizlənirəm
yenə də izlənirəm
və ya
Mən bilirəm niyə doğum-ölüm tarixləri
yazılır mötərizədə...
Amma qiyamətdə də bilinməyəcək ki,
nə yazılmışdı Məmmədhəsən əminin
Həzrət Abbasa göndərdiyi ərizədə.
və ya
uzaqdan baxma ey dost,
aramızda yoxdu post,
gəl yaxına sağlığına,
deyim “ölümünə” tost...
Üzr istəyirəm, sonuncu bənd Oktay Rzanındı deyəsən. Yaddaşım da korşalıb, qatıb-qatışdırıram. Belə... Xeyli fəlsəfi... Açığı başa düşmürəm Salam bu son şeirlərlə nə demək istəyir. Əgər bu son şeirlər ironiyadırsa, burda ironiya hanı? Yox, əgər poeziyadırsa, onda bə poeziya hanı? Yox, əgər heç biri deyilsə, onda nədi? Yox əgər “heç nə”dirsə onda... Çox uzatdım yenə, mənə deyən gərək, bəsdi, mən ölüm, mollalıq eləmə...
Son olaraq bircə cümlə deyəcəm:
“Adamlara özlərini daha fundamental şəkildə biabır eləməkləri üçün mümkün qədər geniş imkanlar yaratmaq lazımdı, vəssəlam!”
Bu son cümlənin isə bu yazıda adı keçən heç bir kəsə dəxli yoxdur. Ciddi sözümdü...