Kulis.az Şəhriyar del Geraninin "Şeirə tələsməyən şair" yazısnı təqdim edir.
Bilmirəm hardan, nə vaxt, necə bu qənaətə gəlmiş idim, 6-7 il öncə “Oxu zalı”nın “Yazı masası” rubrikasına müsahibədə qəflətən demiş idim. Ki, “Şairlik təkcə şeir yazmaqdan ibarət deyil, yazı masası ətrafıyla dairələnmir, şairlik – həyat tərzidir, sən bu məşum həyat tərzinə qatlaşmalısan…” Hələ də o müsahibə rastıma çıxanda dik atılıram. Niyə axı o fikir məni rahat buraxmayıb və mən o fikri dilə gətirmişəm? Bu məşum, günü-gündən bir az daha bozlaşan və məni intəhasız tənhalığa qərq edən tale də bəlkə həmin cümlədən sonra yapışıb yaxamdan. Mən cümlələrin, şeirlərin ömrə çevrilə bildiklərinə inanıram…
Elə həmin qos-qoca bozluq günlərindən biriydi, evdə oturub pəncərədən bütün ili gözümüzü mazol eyləyən qara baxırdım. Keçən ilin oktyabrından düşən qarlar hələ də əriməmişdi. İl 2019, aprel, amma Kiyevə yaz gəlməmişdi. Mənsə təpədən dırnağa Şərqli mahiyyətimlə dirçələcək torpağı, cücərəcək otları, yaşıllaşacaq ağacları gözləyirdim. Bir mesaj aldım, məzmun təxminən beləydi: “Şair salam. Deyəsən Kiyevdəsiniz. Kitabınızı Bakıdan göndəriblər bir dəfə, amma gəlib çatmayıb, burda olsaydı, oxuyardım”. Öz növbəmdə - “Salamlar, bəli, Kiyevdəyəm, bir gün görüşərik sağlıq olsun” - yazdım. Düzü, bu yazıya başlayanda mesencerə baxıb tanışlığımızın tarixini bilmək istədim, ordan çıxdım bu xatirəyə. Sən demə, elə vur-tut keçən ilin apreliymiş. Cəmi 10 ay. Qəti mübaliğəsiz deyirəm, elə bilirəm ən azı bir ömrün dostuyuq onunla. Dəqiq xatirimdə deyil, o yazışmadan bir neçə gün sonra görüşdük. Heç gözləmədiyim halda ədəbiyyatı, şeiri son dərəcə bilən və poeziyanı duyan bir adam vardı qarşımda. Gerçək poeziyanı, həqiqi şeiri duya bilmək, seçmək, ayırd eləmək həmin duya bildiyin mətnlərə həmmüəllif olmaqdır mənə görə. O, bir çox mətnlərə həmmüəllif idi – bildiyiniz, sevdiyiniz bütün mətnlərə. Təcrübədən bilirəm ki, belə adamların gizli şairliyi də olur. Əksi mümkün deyil. Şair tərəfi olmadan şeiri axıracan duymaq sadəcə aldanışdır. Niyə “şeiri bilmək” yox, “şeiri duymaq” deyirəm? Nədən ki, şeir bilinmir, duyulur. Poeziya da bir ruhani təlimdir. Ya sən onu duyub ona iman gətirirsən, ya da duya bilmirsən, asi düşürsən. Vəssəlam. Burda hansısa bilgilər rol oynamır, oynaya bilmir. Deyirəm, şeirdən, poeziyadan danışdıqca onun necə haldan-hala düşdüyünü görürdüm. Bəlli misraları əzbərə dedikcə gözlərinə işıq gəlirdi. Soruşdum, “Özün yazırsanmı?” Dedi, “Yox, lap çoxdan olub yazmağım, yeniyetməlik illərində bir-iki cızma-qara etmişəm”. Əlbəttə, inanmadım. Üstəlik, mənə hardansa tanış da gəlirdi. Onu da soruşdum, tanışlıq verdi. Sən demə bizim indiki qəhrəmanımız, mənim 10 aylıq qədim dostum məşhur ektrasens, parapsixoloq Səbuhi İmanov imiş. Hə, bayaqdan onun haqqında danışırdım. Bir neçə müddət sonra etiraf etdi. Açıq-aşkar boynuna aldı ki, “Bəli, şeir yazıram”. Bir neçə şeir göndərməsini istədim. Göndərdi. Oxuyub bircə cümlə yazdım: “Möhtəşəm Azərbaycan poeziyasına xoş gəlmisən, əziz dost!” Onun şeirlərini oxuduqca özlüyümdə müqayisələr aparırdım. İlahi, neçə illərdir Azərbaycan ədəbiyyatına özünü sırıyan, min bir cür sırtıqlıqlar edib özünü hər yerə dürtüşdürən onlarla sürtük adamlara bax, bu cür gözəl şeirlər yazan, amma bircə dəfə də olsun o şeirlərin çap olunmasını, yayımlanmasını istəməyən bu əxlaq sahibinə bax. Etiraf edirəm ki, məni hər şeydə aldatmaq mümkündür və heç vaxt da düzəlməyəcəm. Mən nə aldananları sevirəm, nə də aldananları. Amma sadəlövhlüyün riyakarlıqdan müqəddəs olduğuna əminəm. Ol səbəb hər daim aldananların yanında olmuşam. O cümlədən, öz yanımda. Di gəl, şeirdə məni aldatmaq mümkün deyil. Mən şeiri gözüm qədər sevirəm, işıq kimi duyuram, dəqiq tanıyıram. Səbuhi haqqında məni yazmağa vadar edən isə bu misralar oldu. Mən onu tanıdım:
“Nəsimiləri Tanrı olduğuna görə yox,
ola bilmədiklərinə görə soyurlar...”
Və:
Axı quşlar balalarına uçmaqdan əvvəl
havada rəsm çəkməyi,
dağlar da torpağa yüksəlməyi öyrədirlər.
Ağaclar havaya hündürlük yazırlar,
otlar qəbirlərə yaşıllıq.
Kim bilir, bəlkə gəmilər sulara yarılmağı öyrədirlər...
Açığı, şeir haqqında danışmaq bir az absurd görünür mənə, şair haqqında danışmağı məqbul sayıram. Onu deyirdim axı, şairlik təkcə şeir yazmaqdan ibarət deyil, yazı masası ətrafıyla dairələnmir, şairlik – həyat tərzidir, sən bu məşum həyat tərzinə qatlaşmalısan. Səbuhini 30 ildir vətəndən didərgin qürbətlərə salan həmin o nəsnənin adı da burdadır – həyat tərzinə çevrilmiş şairlik. Büsbütün mahiyyəti, aurası, xarakteri şair olan adam elə hər daim didərgin düşür. Fərqi yoxdur vətən içinə, ya qürbət çölünə, ya öz içinə, ya öz çölünə.
İndiysə, müdaxiləm üçün üzr istəyib beşcə cümlədən sonra sizi müəlliflə baş-başa buraxıram. Əziz dost, bizə Səbuhi İmanov lazım deyil. İman lazımdır əlbət, amma “ov”a qəti ehtiyac yox, elə Səbuhi bəsimiz. Uğurlar, Səbuhi! Məlum, sən şeirə tələsməmisən. Amma əmin ol, heç, gecikməmisən də. Eşqlər!
***
İndi bütün saatlarda sənə bir ömür qalır,
bütün kitablarda bir dərslik...
Həyatı günbəgün vurdururam özümə,
hamısında ağrıdır sənsizlik...
Çağırmıram, sənsə hər yerdən gəlirsən,
axı nədir bu üzüyola tərslik?
Mənimsə qayıtmağa özümdən başqa yerim yox,
Ora da yol çəkilib – sənsizlik...
Daha, çəkil ətrafındakı bütün yerlərdən,
görə bilmirəm səni.
Axı niyə təkbaşına
bunca gedib yığılmısan öz başına?
Bu dünyada hamı bir az Adəmdi…
Bütün ağaclar bir az gəmidi,
bütün sular bir az Nuhun seli.
Bütün qadınlar bir az səhradı
Və bütün kişilər bir az dəli...
Yaşlandıqca adamlar önə əyilirlər
elə bil, bu dünyadan getmək üçün finişə tələsirlər.
Əslində, qadınlar bir sümük artıq,
kişilərsə bir sümük əskikdirlər.
Körpəlikdən ölməliyədək hamı böyüdü... böyüdü,
amma heç kimsənin yaşı ömrünün boyuna çatmadı.
Kimlərsə bir-birini yalanla,
kimlərsə bir-birini sevgiylə aldatdı…
Bizsə nə tənhalığa qaldıq, nə də ayrılığa,
Beləcə hər şey müflisləşdi –
Yaradıb torpaqdan ayırmışdılar,
ölüb yenidən birləşdik.
Minməyə bir gəmi qaldı,
boğulmağa bircə sel.
İlahi, İbrahimin ayaq izlərini geyinmək istəyirəm,
Yəni, yəni səninlə necəsə dil tapmaq istəyirəm, dil...
***
Etmədiyim günahlara görə bağışla məni, İlahi,
etdiklərim vaxtını almasın...
Sənə yazılası dərdim qalmayıb,
dərd bilib çəkdiklərim xəcalət imiş...
Eşq adına sarmaşanları da bir-birinə çəkən
əslində sevgi deyil, ətalət imiş...
Nə gizlədim,
hər gün sənin üçün Allaha əl açıram,
adamlarsa ovcuma pul qoyurlar...
Mən sənə demişdim axı
Nəsimiləri Tanrı olduğuna görə yox,
ola bilmədiklərinə görə soyurlar...
***
Bir gəlməyən sabah hər şeyi sənə görə unudub
köçəcəm yaddaşına
sənə - insanlığı sənə qurban verməyin
yollarını göstərmək üçün.
Bütün bunlar səni mənə yaxınlaşdırmaq üçündü.
Hətta səndən uzaqlaşmağım da.
Hətta səndən inciməyim
səni tez-tez xatırlamağın bəhanəsidi.
İndi qalmışam aramızda,
sevgi də səni ilk dəfə gördüyüm kənddə.
İndi getdiyim bütün şəhərlər o kəndə qayıtmaq istəyir,
bütün kəndlər o kəndə oxşamaq istəyir.
İndi bildim niyə bütün insanlar mənə tanış gəlir,
Nədən ki, hamı ana bətninə oxşayır…
***
Uğrunda ölməyə bəhanə tapmıram,
yaşamağa bəhanəm sənsən.
Ayrılıq bizi tanımayıb keçdi həyatımızdan,
sən də deyirsən ki, sevgimiz bütövdü.
Axı quşlar balalarına uçmaqdan əvvəl
havada rəsm çəkməyi,
dağlar torpağa yüksəlməyi öyrədirlər.
Ağaclar havaya hündürlük yazırlar,
otlar qəbirlərə yaşıllıq…
Kim bilir, bəlkə gəmilər sulara yarılmağı öyrədirlər...
Mən də səndən uzağam ki,
sənə darıxmağı öyrədim axır…