Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.
***
Bəsdi bu dünyanın dərdini çəkdin,
Dur gəl, ikimizin dərdini çəkək.
Bir az dərdimizin yükün daşıyaq,
Bir az yükümüzün dərdini çəkək.
Mən sənə sevinim, sən mənə sevin,
Mən sənə ağlayım, sən mənə ağla.
Təzə sualların cavabı köhnə,
Götür sevgimizi bir az varaqla.
Sən nə yol tapasan məndən keçməyə,
Mən necə yox sanım, axı var səni.
Sən ki sevilməyə çox öyrəşmisən,
Unudulmaq sözü qorxudar səni.
Bu gözəl günlərdə, xoş havalarda
Bayağı şənliklər nəyinə lazım?!
Sən ki mənim ilə xoşbəxt olmadın,
Başqa bədbəxtliklər nəyinə lazım?!
Otur dərdimizin şəklini çəkək,
Sonra şəklimizin dərdini çəkək.
Bəsdi, bu dünyanın dərdini çəkdik,
Dur gəl, ikimizin dərdini çəkək.