Ən sadə, ən səmimi adamların əhatəsində yaşamaq istəyirəm. Siyasətdən, ədəbiyyatdan, ilahiyyatdan, cəfəngiyyatdan dəm vurmayan adamların içində. Ən adi şeylərdən danışmaq istəyirəm onlarla - səhər yeməyindən, axşam gəzintisindən.
Həyatın ən sadə üzünü ən təbii şəkildə sevmək istəyirəm. Sevginin fəlsəfəsini açmadan, nəzəriyyəsini yaratmadan.
Qismətindəki ömrü süfrəsindəki bir parça çörək kimi sevən insanların əhatəsində yaşamaq istəyirəm. İstedadlı- istedadsız, haqli-haqsız, var(lı) –yox(sul) müzakirəsi açmadan. Üsyanları unudaraq. Butün oyunları qəsdən uduzaraq.
Həyatdan qisas alırmış kimi zövq almadan yaşamaq istəyirəm . Sevincin təpəsinə çıxmadan, dərdin dibinə düşmədən. O qədər də böyük deyil istəyim. Nə acı, nə şirin, orta şəkərli bir ömür.
Sadəcə sevmək
5 oktyabr 2012
08:00
3168 dəfə oxunub