İlahi, kimin əlinə oynayırsan?! – Səhər Əhməddən Yeni Şeirlər

İlahi, kimin əlinə oynayırsan?! – <span style="color:red;">Səhər Əhməddən Yeni Şeirlər
8 iyun 2018
# 11:00

Kulis.az tanınmış şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

***

İlahi, ilahi,

Niyə belə qaranlıqdı,

O boyda günəşə rəğmən.

Hanı sənin adamların,

Sən görürsənmi,

Mən heç nə görmürəm...

Sənmi bizi yaratdın, bizmi səni,

Hansımızdadı qüsur,

Vallah həqiqi soruşuram.

İlahi, bağışla, bu ssenaridə nəsə kəmdi,

Tez-tez çaşıram,

Rolumun sözlərini dəyişə bilərəmmi?!

Əlimdə altıqoşam ölür,

Düşməyə qoymursan...

İlahi, soruşmaq ayıb olmasın,

kimin əlinə oynayırsan?!

***

Yaşasın sərhəd tanımayan dənizlər,

qumlarına ürək şəkli çizilmiş sahillər,

üstündə heç bir dövlət qurulmayan adalar,

heç bir bayraq sancılmayan zirvələr...

Yaşasın yuvasız sevgilər,

Divanə ruhlar.

Məcrasına sığmayan azadlıqlar,

Və bütün günahsızlıqlar.

Rədd olsun millətləri və tarixi düşünən siyasət.

Var olsun fərdləri yaşadan ədəbiyyat...

Qoy qalib olmasın millətlər,

Qanla bəzənməsin tarix,

Yaşasın fərdlər...

# 1745 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #