Namaz qılmayanlara “şər bəndə” deyən Taleh Boradigahi

Taleh Boradigahi

Taleh Boradigahi

17 aprel 2023
# 15:00

Kulis.az Səddam Laçının “Talehsiz Taleh” adlı yazısını təqdim edir.

Sosial şəbəkədə qarşıma video çıxdı. Hansı işin sahibi olduğu heç kimə bəlli olmayan Taleh Boradigahi adında biri hansısa məclisdə kefi-kök, musiqiylə, oxuya-oxuya belə deyirdi:

“Namaz qılan bəndədi
Qılmayan şər bəndədi”

Bu Həci, Kərbəlayi, Məşhədi, Qumi, Seyid, İrani Taleh Boradigahinin Allahsızlıq yolunda atdığı ilk addım deyil. İllər əvvəl də mərsiyələrinin birində belə demişdi:

"Kərbəla, sənin tozuna çatmaz Kəbə
Çün orda qolsuz Əbəlfəzlimin qanı var"

Misralarını eşqlə, şövqlə səsləndirirdi. Sadəcə bununla da kifayətlənməyib, İncəsənət Universitetinin tələbələrinə dərs verəcək performansda sənətkarlıqla, "Əbəlfəzlimin qanı var"dan dərhal sonra "uy, uy, uy", "hı, hı, hı" nidaları ilə tamaşaçıları göz yaşlarında boğurdu.

Transa keçmiş yüzlərə insan da Həci, Kərbəlayi, Məşədi, Qumi, İrani Taleh Boradigahi ilə birlikdə hönkürür, birlikdə ağlayır, birlikdə oxuyurdular. Yerdən bir nəfər də durub demirdi ki, ay qardaş, ay yoldaş, ay başına dönüm, necə yəni Kəbə Kərbalının tozuna çatmır? Bu necə müqayisədir? Bir tərəfi ucaldıb, digərini alçaltmaq nə deməkdir? Bu İslamın harasıdır? Allahın 5 şərtindən biri olan yerə necə "Kərbəla, sənin tozuna çatmaz Kəbə" deyə bilərsən? Hansı əsasla? Kim olaraq?

Siz bilmirsinizsə də, mən deyim. Allah-təala "Bəqərə sürəsi"ndə bu adamların kimliyi haqqında deyir:

"İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və anlamırlar".

Məlumunuz olduğu kimi, bunlara qulaq asan heç kim ona, Həci, Kərbəlayi, Məşhədi, Qumi, İrani Taleh Boradigahiyə heç bir şəkildə etiraz etmir. Çünki onlar bu ifadələrin şirk olduğunu, Allahın dininə qarşı gəldiyini bilmir. Çünki orada əyləşən və manqurtlaşma prosesindən keçən minlərlə insan demək olar ki Quran oxumur. Quran nədir e, ümumiyyətlə, kitab oxumur. Yaradan həmin adamlar haqqında da elə "Bəqərə sürəsi"ndə danışır.

Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara və ancaq zənnə uyarlar.

İnsan mömin ola və savadsız ola? Bu, İslami cəhətdən mümkün deyil. Çünki inandığın Allah sənə "oxu" deyir, inandığın peyğəmbər sənə "oxu" deyir, inandığın imamlar "oxu" deməklə kifayətlənmir, özləri də ömürləri boyu oxuyaraq sənə örnək olur. Natiqi-quran, hafizi-quran Əli astrofizikadan, səma cismlərinin xarakterstikasından danışır, İmam Sadiq, İmam Səccad kimyadan, təbabətdən danışır, həyatlarının sonuna qədər oxuyur, öyrənirdilər.

Çünki Allah onlara "Ənkəbut sürəsi"ndə “Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz pis və çirkin işlərdən çəkindirər” - deyirdi.

Ardıcıllığa fikir verirsinizmi? Oxu və namaz qıl. Birinci, oxu. Oxu ki, cəhalətdən xilas ol. Siz nə edirsiniz? Siz ömründə bircə dəfə də olsun Quran oxumusunuzmu? Sizcə, quran oxuyan adam Həci, Kərbəlayi, Məşhədi, Qumi, İrani Taleh Boradigahiyə qulaq asarmı? Onun sözü ilə ağlayıb gülərmi? Allaha şirk qoşarmı?

Namaz qılan bəndə imiş, qılmayan şər bəndə imiş.
Kim deyir bunu? Allah? Peyğəmbər? On iki imam? Əlbəttə, xeyr. Bəs bu fətvanı Həci, Kərbəlayi, Məşhədi, Qumi, İrani Taleh Boradigahi nəyə əsasən verir?

Bəqərə sürəsi 79-cu ayə:

"Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!".


Bu söhbəti uzatdıqca uzada bilərəm, amma bir tərəfdən də, yazdıqlarımın o cür şirklə dolu mərsiyələrə və çıxışlara qulaq asıb göz yaşı tökən, dizinə döyən, saç-başını yolan adamlara bir faydasının olacağına elə də ümidim yoxdur.

Taleh Boradigahi və onun kimilər isə insanların həm cahilliyindən, həm dini bilgisizliyindən yaxşıca istifadə edib, qaz vurub, qazan doldururlar.

Nə vaxta kimi insanlara Allahı və dini bu cür “təqdim edib” öz əməllərində istifadə edəcəklər? Nə vaxta kimi buna göz yumulacaq?

Məncə, artıq insanların da qulaq asdıqları, əl çaldıqları, göz yaşı tökdükləri şeylərə diqqətlə qulaq asıb mühakimə etməyinin vaxtı çatıb.

Nə vaxta kimi ki qulaq asdıqlarımızı, oxuduqlarımızı anlamağa çalışmadan, dərk etmədən alqışlayacaq, göz yaşı tökəcəyiksə, elə o vaxta kimi də ağlanılası vəziyyətdə qalacağıq.

# 20192 dəfə oxunub

Müəllifin son yazıları

# # #