Afaq Bəşirqızının bizə keçdiyi dərs

Afaq Bəşirqızının bizə keçdiyi dərs
2 dekabr 2019
# 11:45

Sənət adamlarının rəsmi qurumlarda təmsil olunması, daha dəqiq desək, deputat kimi Milli Məclisə seçilməsi sovet dövründən üzü bəri gələn ənənədir.

Hələ ötən əsrin əvvəllərində SSRİ Ali Sovetinə deputat kimi bir neçə dəfə seçilmiş teatr, kino və musiqi xadimləri olub. Ən dəqiq xatırladıqlarım Adil İsgəndərov, Hökümə Qurbanova və Rəşid Behbudovdur. Sonrakı dövrlərdə bu tarixi Zeynəb Xanlarova, Amaliya Pənahova və bir neçə sənət adamı təzələdilər. Onların millət vəkili olduğu dövrlərdə teatr və ya musiqi sahəsində hansısa problemin həll olunmasını, sənət sahəsində islahatların baş verməsini xatırlamıram. Bu baxımdan məşhur sənət adamları insanlar tərəfindən nə qədər sevilirlərsə sevilsinlər əgər ortalığa sənət naminə yararlı heç nə çıxmırsa, şəxsiyyətlərə inam haqlı olaraq azalır.

Bu günlərdə sənətsevərlər tərəfindən Afaq Bəşirqızının deputatlığa layiq görülməsi sosial şəbəkələrdə xeyli müzakirə və mübahisə mövzusuna səbəb oldu.

Xalq artistinin bu məsələdə adının hallanması təbii ki, səbəbsiz deyildir. Bu ilin mart ayında ölkə prezidentinin bir qrup sənətkarla görüşündə Afaq Bəşirqızının teatrın problemlərini dilə gətirməsi, onların görünməyən üzünə işıq tutması həm sənət aləmində, həm də cəmiyyətdə iltifatla qarşılandı. Afaq Bəşirqızı öz çıxışında xeyli həssas məqamlara toxunaraq insanları mütəəssir etməyi bacarmışdı. Hətta onu sevməyənlər tərəfindən “əhsən” sözünü haqq etmişdi.

Afaq xanımın çıxışından sonra bir neçə problem öz həllini tapdı. Əvəzində xanım sənətkar bu problemlərin həllində birbaşa məsuliyyət daşıyan Teatr Xadimləri İttifaqının və ölkənin ən böyük teatrının rəhbəri Azər Paşa Nemətlə düşmən oldu.

Hər bir nüfuzlu sənət adamı öz ictimai mövqeyindən, imtiyazından istifadə edərək təkcə özünün yox, həm də başqalarının narahatlıqlarının aradan qaldırılmasına xidmət etməlidir.

Xalqın gözü doğrudan da tərəzidir. Sadə insanlar məhz bu cür həqiqi qəhrəmanlıqları bəyənir, alqışlayır və bu addımların təkrarlanmasını ürəkdən arzu edirlər.

Afaq xanımı deputat görmək istəyən və bu istəyi müxtəlif yollarla ifadə edən insanlarda bu arzu təsadüfi yaranmayıb.

Uzun illər deputat kürsüsündə səssiz-səmirsiz əyləşən, yaxud, ayda, ildə bir dəfə pafosla danışıb gündəm yaradan sənət adamlarımız da var. Bu səbəbdən adamda belə bir fikir yaranır ki, misal üçün, Afaq xanım deputat seçilsə indiki kimi yanğılı danışmayacaq, həmkarlarının dərdlərinə, çətinliklərin bugünkü kimi həssas yanaşmayacaq.

Könül istərdi ki, Milli Məclis aparan yollarda Afaq Bəşirqızı qədər problemlərə toxunmağı, onları cəsarətlə dilə gətirməyi bacaran ədəbiyyat adamları da olsun, kitabla bağlı ən vacib problemlərin həllinə kömək etsin.

Bu istiqamətdə ən vacibi kitaba və kağıza güzəştlərin tətbiqi və kitab sənayesinin tam formalaşdırılmasıdır. İqtisadi cəhətdən inkişaf etməkdə olan ölkəmizdə bu məsələnin həlli o qədər də əlçatan görünmür. Amma lazımı instansiyalar qarşısında məsələ qaldıran yoxdur.

Bizimsə əlimizdən yalnız yazmaq və arzu etmək gəlir.

Hə, bir də ümid etmək...

# 5233 dəfə oxunub

Müəllifin son yazıları

# # #