Mehman Əhmədli: “Meyxananın tacı heç vaxt Aydın Xırdalanlıda olmayıb” – Müsahibə

Mehman Əhmədli: “Meyxananın tacı heç vaxt Aydın Xırdalanlıda olmayıb” – Müsahibə
31 mart 2021
# 09:00

Kulis.az meyxanaçı Mehman Əhmədli ilə müsahibəni təqdim edir.

- Mehman bəy, məclis adamısınız, pulunuz da məclisdən, sözdən çıxır. Məlum pandemiya dövründə işləriniz necə gedir?

- Bu barədə çox pis. Sən demə, gül kimi yaşayırmışıq, xəbərimiz olmayıb. Koronovirus pandemiyası bizə hər tərəfdən təsir etdi. Maddi tərəfdən daha çox təsir etdi. Belə olanda da adamın heç sənət haqqında fikirləşməyə vaxtı olmur. Yazıb-yaratmaq qalır bir tərəfdə. Ancaq fikirləşirsən ki, beş-üç manat qazana biləsən.

- Sizcə, sənət bir müddətdən sonra maddi məqsədə çevrilir?

- Mən deməzdim elədir. Sənətə təzə-təzə başlayanda sənəti öyrənməyə cəhd edirsən. Gənc olursan, ailə, uşaq olmur. Həyatdan, gəzməkdən, gənclikdən həzz alırsan. Ancaq müəyyən yaş həddinə çatdıqdan sonra ailə, uşaq haqqında düşünməyə, məsuliyyət hiss etməyə başlayırsan. Həm də müəyyən bir zirvəni tutandan sonra əlbəttə ki, ondan bəhrələnmək istəyirsən.

- Amma daim qaçaqaçda olan adam üçün karantin günləri həm də özünə vaxt ayırmaq imkanı verdi.

- Vaxt var, amma həvəs yoxdur. Çünki fikir, xəyal imkan vermir. Şeir, qəzəl yazmaq olar, amma hansısa meyxananı ortalığa çıxarmaq üçün aranjiman da, studiya da, digər məsələlər də pul deməkdir.

- Meyxana mütləq bədahətən olmalıdır?

- Yazılı meyxanalar da var. Hansılar ki, efirdə demək üçün yazırsan. Amma meyxanaçı onu tamaşaçılara təqdim edəndə əvvəldən yazıldığını göstərməlidir. Hoqqa çıxarmaq olmaz. Meyxanaçı var, bir meyxananı şeir kimi yazır. Çox vaxt elə onu məclislərə həmin şeirə, meyxanaya görə çağırırlar. Misal üçün, məni heç vaxt məclisə gəl bu meyxananı de deyə çağırmayıblar. Məni məclisə sənət göstərmək üçün çağırırlar. Amma insan da var ki, dar çərçivədə tanınır. Onu hansısa bir meyxana, şeirlə tanıyırlar. Məclisə də onun üçün çağırırlar ki, gəlib deyib getsin.

- Əhmədli qəsəbəsində daha çox ziyalı, həkim ailələrin məskunlaşdığı mühitdə böyümüsünüz. Nə baş verdi, elə mühitdən çıxıb meyxana aləminə düşdünüz?

- Bu məsələlər bir az da qanda olmalıdır. Fitri istedad insanla birgə doğulur. Əgər mən meyxana deməsəydim, ola bilərdi, istedad başqa sahədə özünü göstərərdi. Mən isə uşaqlıqdan şeir yazırdım və bu, mənim ata tərəfimdə var idi. Atam, əmilərim hərdən bir az cızma-qara edirdilər. Mənim də xoşuma gəlirdi deyə yazırdım. Sonralar meyxananı eşidib sevdim, deməyə başladım. Və sizə deyim, bəlkə, meyxana deyənlərin içərisində məndən çox əziyyət çəkən olmadı. Meyxana həmişə Bakı kəndlərində olub. Ora da çadır toylarının, meyxanasevərlərin məkanı olub. Meyxanaya yeni başlayan gəncin qabında az da olsa nəsə varsa ətrafı ona dəstək olub, beş-üç manat verib ki, cibxərcliyi eləsin. Belə-belə o gənci irəli çəkiblər, püxtələşdiriblər. Mən isə Təzə Əhmədlidən, bina evindən çıxmışam. Bu baxımdan bizdə nə palatka toyu olub, nə də Əhmədlidən bir meyxanaçı çıxıb ki, məni dəstəkləsin. Bizim məhəllədə ən çox müəllim, müəllim uşaqları yaşayıb. Onlar üçün meyxana yad bir sahə idi. Orda meyxana demək mənim üçün çox çətin idi. Bir də görürdün, sahə müvəkkili gəlib ilişirdi ki, meyxana demək olmaz. Belə-belə mən başıma uşaqlar yığdım və elə bir yerə gətirib çıxartdım ki, Əhmədli məktəbi yarandı.

- O dövrün məşhur meyxanaçıları da kömək etmədi?

- Yox, əksinə, sıxma-boğmaya salanlar vardı ki, bina evindən meyxana deyən çıxmaz. Meyxana kənd yeri üçündür. Amma ortalığa çıxandan sonra bizi qəbul etdilər. Qəbul etməmələri mümkün də deyildi. Çünki biz bir dəstə halında idik.

- Meyxanada sizi ən çox cəlb edən nə idi?

- Meyxananın gözəlliyi. Hiss edəndə ki, yaxşı, gözəl söz deyirsən, sənə ləzzət edir.

- Sizcə, niyə meyxana ciddi sənət növü kimi qəbul olunmur? Bu, meyxanaçıların göz önündə olan uğursuz həyatından irəli gəlir, ya başqa səbəblər var?

- Meyxana deyənlərin də rolu var və bu, heç də balaca iş deyil. Çox adam da meyxana sözünü aparıb mey, içki sözünə bağlayır. Amma qətiyyən belə deyil. İkincisi, bəzi zərərli adətlərə qurşanan adamlar hər sahədə var, amma meyxanaçılar daha çox gözə girir. Deyirlər, meyxana deyəndirsə, narkomandır, içki içəndir. Hamı tökülür onların üstünə. Vaxt olub, mən də siqaret çəkmişəm, içki içmişəm. 2002-ci ildən bu yana nə içki içirəm, nə siqaret çəkirəm, qalmışdı başqa vasitələr olsun. Mən nə uğur əldə etmişəmsə, onları tərgidəndən sonra etmişəm. İçkinin təb gətirməsi fikri yanlışdır. Rəhmətlik Ağasəlimin bir sözü vardı, deyirdi, meyxana içki ilə deyilsəydi, rusların hamısı meyxanaçı olardı. Sadəcə, təzə-təzə meydana çıxanda cəsarətli davranmaq, həyəcanı dəf etmək üçün içkidən istifadə etmək olar. Siz musiqi sənətinə baxmayın, onlar elit təbəqəyə daha yaxındılar. Meyxanaçıların isə əksəriyyəti kənd uşaqlarıdır. Onlar da çox vaxt elə həyat sürürlər ki, dövlət tərəfindən, insanlar tərəfində bəyənilmir, onlara avara kimi yanaşılır. Amma belə deyil. Avara, narkoman, sərxoş meyxana deyən ola bilər, amma bunu hamıya şamil etmək olmaz. Onların içərisində də yaxşıları var. Əsasən də indiki gənclərin çoxu maşallah sağlam meyxana deyənlərdi. Bizim vaxtımızda bir az başqa cür idi, sağlamlıq azıydı.

- Sağlamlıq deyəndə nəyi nəzərdə tutursunuz?

- İçki içməməyi, narkotik qəbul etməməyi. Bizim dövrümüzdə qeyri-sağlam meyxana mühiti vardı. Bunu danmıram. Amma bizim dövrümüzdə meyxana üçün çox əziyyətlər çəkildi. İndi meyxana deyənlərin nə əziyyəti var? Özü də indiki meyxanaçılar sənətkarlığa can atmır. Onlar pul qazanmağa, məşhur olmağa və oxumağa çalışır. Bundan sonra başlanır duet ortağı, qadın ortaq axtarışı ki, oxuduğu mahnı tutsun. Toylara gedib pul qazansın. Vəssalam! Biz bunları fikirləşmirdik. Biz düşünürdük ki, girək bir məkana və orda sənət yaradaq. Mən həyatım boyu düşünməzdim ki, meyxanadan pul qazanıb, ailə saxlayaram.

- Sizcə bütün bunlar meyxananın tənəzzülü deyil?
- Əlbəttə, elədir. Üstəlik, meyxana bu səbəblərdən klassikliyini, gözəlliyini, sehrini itirir. Bizim vaxtımızda müəyyən qaydalar vardı. Misal üçün, biz meyxana deyişməsi zamanı təkrar söz deməyi ayıb bilirdik.

- Belə çıxır ki, mühit sağlamlaşanda meyxana öz gözəlliyini itirir...

- İnsan meşədə də, parkda da gəzə bilər. Hər ikisində də ağaclıq var. Amma adam meşədə olanda onun ruhu daha çox dincəlir. Ona görə ki, orada hər şey təbiidir. Meyxana da belədir.

- Meyxanada qocalmaq var?

- Yaddaşın itməsi, təbin ölməyi elə yaşlaşmaqdır. Yaxud, meyxananı az dedikcə meyxanaçı gücdən düşür. Pandemiya meyxanaya çox təsir edəcək.

- Mehman bəy, meyxana aləminə qadın niyə buraxılmır?

- Meyxana deyən qadın bircə Samirəni görmüşəm. Bir-iki dəfə məclislərdə rastlaşmışıq. Maşallah, deyirdi.

- Qadınlar meyxana deyə bilsə məclisinizə qəbul edərsiniz?

- Əlbəttə. Amma çətin olar?

- Niyə?

- Ona görə ki, kişi məclisinə, toy axşamlarına düşsə, ona atmacalar atarlar, cavab verməkdə çətinlik çəkər. Gərək elə qadın olsun, həmin sözləri rahat həzm edib cavab verə bilsin, utanıb, qızarmasın.

- Meyxanaçı Samirə bu mühitə girə bildi?

- Bir ara dəstək verdik, efir variantına girdi. Efirdə bizimlə deyişdi, sonra toylara getdi. Amma elə məqamlar vardı, girə bilmirdi. Belə deyək, meyxanada Samirəyə böyük hörmət qoyulurdu. Ona “kulturnı” sözlər atırdıq ki, utanmasın, cavab verə bilsin və dinləyiciyə xoş gəlsin. Onu sındırmaq istəməmişik.

- Kişiləri sındırmısız?

- Yox. Eləməmişik.

- Bilməyərəkdən, bədahətən də olmayıb?

- Kimsə söz ata bilər. Amma bilərəkdən olmur.

- Bəzən üzə deyilməyən həqiqəti meyxana vasitəsi ilə deyirlər...

- Olur, olur. Bəzən elə olur, iki meyxana deyənin bir-birindən zəhləsi gedir, deyişəndə sözlə dalaşırlar.

- Meyxanaçıların Əli, Kərbala aşiqliyi də var.

- Meyxanaçı var, Əlidən, peyğəmbərdən deyə-deyə həm də araşdırır, həm də çalışır ki, bu yolla insanların sevgisini qazansın. Halbuki, heç bir dinə, o dünyaya inanmır. Sadəcə, rəğbət qazanmağa çalışır. Meyxana deyən də var, dinin bütün qaydalarına əməl edir və namaz əhlidir.

- Axı meyxanaçı həyatı ilə dindar həyatı fərqlidir

- Bir az deyişmələr və içki məclisləri buna mane olur. Mən indi özümə dindar demirəm, sıravi namaz qılanam, amma içki məclislərinə gedirəm. Adam var, getmir. Yaşda məndən böyük də olsa, mənim tələbəm, həm də qardaşım, dostum Elşən Xəzər heç bir içki məclisinə getmədi, tamam uzaqlaşdı. O, sırf dini məclislərə getdi.

- Dinə inanırsınız?

- Əlbəttə. 2006-cı ildən namaz qılıram.

- Belə bir fikir var ki, efirə üz tutanlar, musiqili meyxana deyənlər meyxananın qaranlıq girdabından xilas oldular, ancaq meyxanaçı gücünü itirdilər.

- Yox. Elə demək doğru deyil.

- Namiq Qaraçuxurluya Aydın Xırdalanlı kimi yanaşmaq olar?

- Namiq sıfırdan bizimlə başlayıb, bizim içimizdən çıxıb. Namiq, belə deyək də, ilk addımlarını mənimlə atıb. Bizim ona dəstəyimiz də az olmayıb. Namiq gözəl sənətkardır. O, indi də çox istedadlı və gözəl sənətkardır. Aydın, mən və Namiq - üçümüz eyni vaxtda bu sənətə başlamışıq. Sadəcə, Namiq tutuzdurdu və tanındı. Ondan sonra toylarda səhərə qədər meyxana deyib beş-üç manat qazanmaqdansa, meyxana ilə qarşısına çıxan daha yüksək mərtəbələri fəth edə bilər.

- Sizcə, Namiq zirvəni meyxana ilə fəth etdi? Axı o, musiqi ilə daha çox məşğul oldu.

- Musiqidən əvvəl, “Rəvayət”, “Papanın gül balası” ilə başladı. Bu meyxanalar sevildi, o da musiqini meyxana ilə birləşdirib uğur əldə etdi.

- Siz Namiqdən də əvvəl tanınırdınız, hətta ondan da məşhur idiniz. Bəs siz niyə musiqiyə, daha doğrusu, müğənniliyə keçmədiniz?

- Mənim istedadım meyxana janrındadır. Bu yolda çox əziyyətlər çəkmişəm. Aktyorluq qabiliyyətim də yoxdur. Həyatda deyib-gülən adam olsam da, adamlar məni qaraqabaq hesab edir. Efir həyəcanım, kompleksim var. Namiq maşallah, çıxdı, məşhurlaşdı, özünə rahat həyat tərzi seçdi.

- Bununla onun, Pərviz Bülbülənin meyxanaya xəyanət etdiyini, meyxana sahəsində bitdiyini düşünmədiniz?

- Ola bilər, əlavə qazanc kimi kimsə musiqiyə yönəlsin. Kim hara gedirsə, yenə meyxanaya qayıdır. Heç kim meyxana aləmindən tam qırılıb gedə bilmir. Çünki onların sevilməyi meyxana ilə bağlıdır.

- Mehman bəy, qadınları meyxana məclisinə, mağara buraxmırsınız. Bəs onlar meyxanaya qulaq asa bilərlər?

- Bəli. Qadınları məclisə buraxmırıq deyəndə, baxır hansı meyxana məclisinə. Elə meyxana deyən var, ona nəinki qadın, heç öz övladımızın da qulaq asmasını istəmirik ki, birdən tərbiyəsi pozular. Çünki başdan-ayağa söyüşlə danışır, pis şeyləri təbliğ edir. Amma elə meyxanaçılar da var, ona qadın da, uşaq da qulaq asa, ləzzət ala bilər.

- Meyxana aləmində bir vaxtlar Məşədibaba, Aydın Xırdalanlı taclı meyxanaçılar hesab olunurdu. Bu tac indi kimdədir?

- Aydın Xırdalanlıda meyxananın tacı nə vaxt olub? Aydına Allah rəhmət eləsin. Dostumuz, qardaşımız idi. Amma meyxananın tacı heç kimdə olmayıb. Meyxanada idarəçi qüvvələr və bir neçə başlar, cavanlar və o başların ətrafında yığılanlar var.

- Sizi hansı kateqoriyaya adi etmək olar?

- Mənim özümü tərifləməyim yaxşı düşməz. Yəqin, idarəçi qüvvələrin içərisində mən də varam.

- Bu da yazılmamış qanundur?

- Bu yazılmamış, amma qəbul olunmuş qanundur. Çünki bunu bütün meyxana deyənlər, hətta ətrafdakı meyxana dinləyənlər də bilir.

- Nizami Rəmzi, Məşədibaba, Aydın Xırdalanlı, Vüqar Biləcərli... Meyxanaçıların həyatı niyə çox vaxt yarıda qırılır?

- Bu da bir taledir. Taleyi yazan Allahdır, amma insan öz ömrünü artıra da bilər, azalda da. Mən sabah əcəlim gəlib deyib özümü maşının altına ata bilmərəm axı.

- Mehman Əhmədli adı əvvəlki kimi çox çəkilmir.

- Bir ara musiqili meyxana meydana çıxdı. Bu, klassik meyxananı kölgədə qoydu. Mən musiqili meyxana ilə bir az mübarizə apardım, sonra gördüm, paxıllıq kimi qəbul edirlər, kənara çəkildim.

- Övladlarınızın meyxanaçı olmasını istəyərsiniz?

- Yox.

- Niyə?

- Çox çətin aləmdir. Mən bilmirəm, o, mənim keçdiyim yolu keçə biləcək? Məni çox şeylərdən Allah saxlayıb, nə bilim, onun taleyi necə olacaq? Yaxud, gedib nələrəsə qurşanıb-qurşanmayacağı da bilinmir. Ailə tərbiyəsindən əlavə cəmiyyət tərbiyəsi də var. Nəfs hamıda olur, hərəni bir yerə çəkir. Heç bir valideyn öz yaşadığı çətinliyi övladına rəva görməz.

# 16103 dəfə oxunub

Müəllifin son yazıları

# # #