"Müştərim cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə

"Müştərim cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə
18 noyabr 2026
# 10:00

Kulis.az Sadiq İsmayılın bərbər İlqar Quliyevlə müsahibəsini təqdim edir.

- Özünüzü təqdim edin.

- Mən İlqar Quliyev. Səkkiz ildir bərbərliklə məşğulam. Çoxsaylı tələbələrim var. Onların bir qismi Azərbaycanda, digərləri isə xarici ölkələrdə fəaliyyət göstərirlər.

- Bildiyim qədər, bu sahədə bir çox diplom və nailiyyətləriniz var. Sizi digər həmkarlarınızdan fərqləndirən əsas xüsusiyyət nədir?

- Düşünürəm ki, Azərbaycanda bərbərlik əvvəllər daha çox atadan oğula keçən bir peşə idi. İndi isə insanlar öz seçimləri ilə bu sahəyə yönəlirlər.

Mən uşaqlıqdan incəsənətə meyilli olmuşam. Rəsm çəkməyi, yeni nələrsə yaratmağı sevirdim. Digər fənlərdə o qədər də güclü olmasam da, incəsənətlə bağlı sahələrdə daha uğurlu idim. Bir müddət rəsm çəkməklə məşğul olurdum və bunu gələcəkdə necə peşəyə çevirə biləcəyim barədə düşünürdüm.

İlk düşündüyüm sahə tatu sənəti idi. Tatu ustası olmağı planlaşdırırdım, amma sonradan bu peşənin mənim həyat tərzimə uyğun gəlmədiyini anladım. Özümü həmin sahədə ən yüksək səviyyədə təsəvvür edə bilmədiyim üçün başqa istiqamətlərə yönəldim və bərbərliyi kəşf etdim.

Bu peşənin ən çox sevdiyim tərəfi onun məni tamamilə əks etdirməsidir. Gün ərzində salonda keçirdiyim vaxtı iş kimi deyil, yaradıcılıq prosesi kimi qəbul edirəm. Müştəri gəlir və illərdir saçını yanlış formada istifadə etdiyini görürəm. Məsələn, dalğalı saçlarını fenlə düzləşdirərək fərqli görüntü əldə etməyə çalışır. Halbuki onun təbii saç quruluşu ilə daha gözəl nəticə əldə etmək mümkündür. Bunu göstərdikdən sonra müştərinin üzündə yaranan ifadəni, sevincini görmək məni bu peşəyə daha da bağladı.

İllər keçdikcə öyrəndiklərimi başqalarına da öyrədə biləcəyimi gördüm. Beləcə, müəllimlik fəaliyyətinə başladım. Tələbələrimin yaxşı yerlərdə işləməsi, uğur qazanması mənim üçün ayrıca motivasiya idi.

Rusiyada yaşayan bir tələbəm var idi. O, tez-tez məndən soruşurdu ki, müəllim, nə etsəm, məni ən yaxşı tələbəniz hesab edərsiniz? Mən ona bir şirkətin ən yüksək səviyyəli ustalarından biri olmağı hədəf göstərdim. Qısa müddət sonra həmin məqsədinə çatdı və mənə video göndərərək artıq orada usta kimi çalışdığını bildirdi. Bu da mənə müəllimlik sahəsində uğurlu ola biləcəyimi göstərdi.

Hazırda əsas diqqətimi saç kəsimlərinə yönəltmişəm. Düşünürəm ki, məni fərqləndirən əsas xüsusiyyət incəsənətə olan marağım və yaradıcılıq qabiliyyətimdir. Bu xüsusiyyətlərə sahib olan bərbərlərlə eyni istiqamətdə inkişaf etdiyimizi düşünürəm.

- Bir çox məşhur mətbuat orqanlarında sizinlə bağlı süjetlərə rast gəldim. Media sizdən necə xəbər tutdu?

- Təxminən dörd-beş il əvvəl saç üzərində portret işləməyə maraq göstərdim. Həmin vaxt dünyada bu işi ilk edənlərdən biri Robert adlı bərbər idi. “İnstaqram”da onun işini gördüm və özüm də sınamaq qərarına gəldim. İlk cəhddən kifayət qədər yaxşı nəticə əldə etdim.

Bu iş məşhur telekanallardan birinin diqqətini çəkdi. Onlar paylaşımı sosial şəbəkədə görərək mənimlə əlaqə saxladılar və müsahibə götürdülər.

Müsahibədən sonra bildirdilər ki, özümü rahat ifadə edir, fikirlərimi aydın çatdırıram. Həm işimi, həm də özümü yaxşı təqdim edə bilmişdim. Hazırlanan müsahibə digər telekanalların da diqqətini çəkdi. Sonradan başqa verilişlərə də dəvət aldım.

Bərbərliklə bağlı müxtəlif mövzularda çıxışlarım oldu. Payız və yay aylarında saç baxımı, dalğalı saçlar, toy saç düzümləri, saç kəsiminin qiymətləri və başqa məsələlər barədə danışdıq. Düşünürəm ki, media nümayəndələri həm peşəkarlığımı, həm də fikirlərimi düzgün ifadə etmək bacarığımı bəyəndilər.

- Müştərilər saç kəsimindən sonra bərbərlərdən tez-tez “qonaq olun” ifadəsini eşidirlər. Sizcə, bu təklif nə dərəcədə səmimidir?

- Açığını desəm, səkkiz il ərzində bu ifadədən maksimum üç dəfə istifadə etmişəm. Həmin hallarda da söz həqiqətən ürəyimdən gəlib.

Ümumiyyətlə, bu ifadəni işlətməyi sevmirəm. Çünki mənə səmimi görünmür. Burada müəyyən xidmət göstərilir və qarşılığında ödəniş alınır. Həmin gəlir də yalnız mənə qalmır.

Bunu belə izah edə bilərəm: Tutaq ki, bir şəxs altı nəfərə bir dönər alır və hər kəsə “Gəlin, yeyin” deyir. Halbuki həmin dönəri altı nəfər arasında bölmək mümkün deyil. Məncə, bu ifadə də bir qədər həmin vəziyyətə bənzəyir.

Bununla belə, bərbərlərlə müştərilər arasında maraqlı münasibət yaranır. Bəzən müştərilər bizi bir növ sirdaş kimi görürlər. Həyatlarında yaşadıqları problemləri danışır, məsləhət istəyirlər. Bəzən isə heç bir məsləhət gözləmirlər, sadəcə dərdlərini bölüşmək istəyirlər.

Ən çox münasibətlər və iş həyatı ilə bağlı söhbətlər olur. Bəzən ayrılıq yaşayan müştərilər saçlarını və saqqallarını tamamilə dəyişmək istəyirlər. Hətta insanın keçirdiyi emosiyaları xarici görünüşündə də görmək mümkündür. Uzun saçlarını birdən-birə qısaldan, saqqal formasını dəyişən müştərilərimiz az deyil.

- Müştərilər sizinlə hansı qeyri-adi sirlərini bölüşürlər? Məsələn, xəyanət mövzusunda...

- Bir dəfə salonumuza gələn müştərilərdən biri mənə cinsiyyət dəyişdirmə əməliyyatı keçirdiyini dedi. O, əvvəllər qadın imiş, sonradan əməliyyatla kişi olub. Açığı, bu məlumat məni təəccübləndirdi. Onun mənə bunu danışmaqda məqsədi mümkün qədər kişi görünüşü və xarizması əldə etmək idi. Saç və saqqal formasının onun istədiyi obrazı tamamlamasını istəyirdi.

- Bu cinsiyyət dəyişikliyinin səbəbini də izah etmişdi?

- O, uşaqlıqdan özünü qadın kimi deyil, kişi kimi hiss etdiyini söyləmişdi. Bu hissin davranışlarında və həyat tərzində də özünü göstərdiyini bildirirdi.

Mən bu məsələnin psixoloji tərəfini qiymətləndirə bilmərəm. Bununla belə, onun istədiyi görünüşü əldə etməsinə kömək etmək mənim işim idi.

- Məşhur və ya vəzifəli siyasi xadimlərin ərköyün davranışlarına şahid olmusunuz?

- Əlbəttə. Maraqlı müşahidələrimdən biri də bəzi nüfuzlu şəxslərin xarici görünüşə son dərəcə dəqiq yanaşmasıdır. Bu xüsusiyyəti bir neçə müştərimdə görmüşəm. Onlar hər detalın millimetr dəqiqliyi ilə işlənməsini istəyirlər. Saç kəsimində ən kiçik qüsura belə yol vermək olmaz.

Məsələn, siyasi sahədə çalışan bəzi şəxslər yaxın güzgüdən çox istifadə edir, kəsimin hər detalını diqqətlə yoxlayırlar. Onlar üçün saç düzümünün hansı obrazı yaratmasından daha çox, işin qüsursuz görülməsi vacibdir.

Müğənnilər və digər incəsənət nümayəndələri isə daha çox saç düzümünün ümumi obrazlarına uyğun olmasına diqqət yetirirlər.

- Belə müştərilərin yüksək dəqiqlik tələbləri iş prosesində çətinlik yaradırmı?

- Bəli. İlk illərimdə belə müştəriləri razı salmaqda çətinlik çəkərdim. Çünki bu bacarıq təcrübə ilə formalaşır. Zaman keçdikcə əlimiz daha da püxtələşir, bacarığımız artır. Belə müştərilərlə qarşılaşdığım dövrdə artıq onların tələblərinin öhdəsindən gələ biləcək səviyyədə idim. İlk iki-üç ilimdə olsaydı, yəqin ki, onları razı sala bilməzdim.

- Müştəriləriniz arasında tanınmış şəxslər də var. İndiyə qədər hansı məşhurların saçını kəsmisiniz?

- Özüm futbolu o qədər də sevməsəm də, müştərilərim arasında futbolçular çox olub. Bir dəfə “Qarabağ”ın braziliyalı futbolçularından biri Bakıya müqavilə bağlamaq üçün gəlmişdi. Müqavilə baş tutmadı, amma həmin futbolçunun saçını kəsmişdim. Mənim üçün maraqlı təcrübə idi. Onun xarakteri də peşəsinə uyğun idi. Hücumçu olduğu üçün daha cəld davranır, məni də bir qədər tələsdirirdi. Sanki futbol meydançasındakı sürətini iş prosesinə də gətirmişdi.

- İş prosesində indiyədək yaşadığınız ən təhlükəli hadisə nə olub?

- Futbol klublarından birinin baş məşqçisinin iki oğlu salonumuza gəlmişdi. Onlardan birinin saçına naxış vururdum və bu zaman ülgücdən istifadə edirdim. İşləyərkən ülgücü arxamda gizlətmişdim. Naxışı bitirdikdən sonra uşaq həyəcanla nəticəyə baxmaq istədi və arxamdan önə keçməyə çalışdı. Həmin vaxt kiçik bir kəsik yarandı. Bu hadisə məni çox qorxutdu. Uşağın qulağında balaca bir zədə yaranmışdı və baş verənlərə görə özümü çox pis hiss edirdim.

- Hadisədən sonra qalmaqal yaşandımı?

- Xoşbəxtlikdən, uşaqların yanında böyüklərdən biri var idi. O da hadisənin necə baş verdiyini görmüşdü. Mən ülgücü arxamda gizlətmişdim, uşaq isə həmin anda əlimin altından keçməyə çalışmışdı. Buna görə vəziyyət daha böyük problemə çevrilmədi.


- Bəzi insanlar bərbərə yalnız saç kəsdirmək üçün deyil, dərdlərini bölüşmək üçün də gəlirlər. Sizcə, bərbərlər eyni zamanda psixoloq və dərd ortağıdırlar?

- Məncə, bərbərlər daha çox sirdaş rolunu oynayırlar. İnsanlar bəzən həyatlarında yeni mərhələyə başlamaq üçün xarici görünüşlərini dəyişirlər. Məsələn, kimsə daha ciddi və intizamlı həyata keçmək qərarına gəlir. Bu zaman səliqəsiz saç və saqqal görünüşü onu narahat etməyə başlayır. Həmin qərarını xarici görünüşündə də əks etdirmək üçün bərbərə müraciət edir.

Bəzən insan özünü sözlə deyil, görünüşü ilə ifadə edir. Yeni obraz ona yeni bir başlanğıc hissi verir. Artıq özünü başqa bir insan kimi görür və həyatında müəyyən dəyişikliklər etməyə daha çox həvəs göstərir.

- Müştəriləriniz sizdən həyatla bağlı məsləhət istəyəndə nə dərəcədə səmimi yanaşırsınız?

- Müştərilərim şəxsi problemlərindən danışanda onları peşəkar mütəxəssislərə yönləndirməyə çalışıram. Məsələn, ciddi psixoloji çətinlik yaşayırsa, psixoloqa müraciət etməsini məsləhət görürəm. Bəzən insanlar psixoloqa getmək istəmirlər. Bu zaman onlara idmanla məşğul olmağı tövsiyə edirəm. İdman insanın aqressiyasını azaltmağa, daha sakit düşünməsinə və problemlərinə fərqli yanaşmasına kömək edə bilər. Mən özümü psixoloq hesab etmirəm. Bu sahədə peşəkar biliklərim yoxdur. Ona görə də insanlara bacarmadığım məsləhətləri verməkdənsə, doğru istiqamət göstərməyə üstünlük verirəm.

- İndiyə qədər aldığınız ən qəribə xarici görünüş tələbi nə olub? Müştərinin istəyi ilə nəticənin uyğun gəlmədiyi hallar yaşanıb?

- Çox qəribə saç kəsimləri olub. Məsələn, rok üslubuna aid olan mohak saç düzümü. Bu saç modelində başın orta hissəsində uzun saç saxlanılır, yan tərəflər isə qısa kəsilir.

İlk dəfə belə bir saç kəsimi edəndə mənim üçün də qeyri-adi təcrübə idi. Müştəri həmin görünüşü istəyirdi və nəticədən çox razı qalmışdı.

Hörük saç modelləri ilə də işləmişəm. Bunlar Azərbaycan kişiləri arasında o qədər də geniş yayılmayıb. Bəziləri mənim şəxsi zövqümə uyğun olmasa da, müştərinin istəyinə uyğun olaraq həmin saç modellərini hazırlamışam.

Mənim öz zövqümdən uzaq olan saç modelləri ilə də işləmək maraqlı təcrübədir. Belə işləri görmək mənə fərqli üslubları tanımaq imkanı verir.

- İlk dəfə qarşılaşdığınız saç modellərini icra edərkən çətinlik çəkirsiniz, yoxsa əvvəlki təcrübəniz kömək edir?

- Burada əsas rol oynayan amil təcrübədir. Əvvəllər etdiyim saç kəsimləri sayəsində tamamilə yeni bir modellə də işləyə bilirəm.

Məsələn, mohak saç düzümünə bənzəyən spayk modeli var. Aralarında müəyyən fərqlər olsa da, iş prinsipi oxşardır. Əvvəllər oxşar kəsimlər üzərində işlədiyim üçün yeni modeli icra etmək mənim üçün o qədər də çətin olmur.

- Müştərilərin kresloda oturarkən yuxuya getməsi ilə tez-tez qarşılaşırsınız?

- Bu hadisə hətta dünən də baş vermişdi. Belə hallar tez-tez təkrarlanır. Müştərilər özləri də zarafatla deyirlər ki, bərbərxanada daha enerjili musiqilər səsləndirmək, onları yatmağa qoymamaq lazımdır. Bəziləri saç kəsimi zamanı o qədər rahatlaşır ki, yuxuya gedir.

Bunu qınamıram. İnsanlıq halıdır. Bəzən gün ərzində çox yorulurlar və bərbər kreslosunda bir qədər rahatlanmaq fürsəti tapırlar. Biz də həmin vəziyyəti idarə etməyə, işin keyfiyyətinə təsir etməməsinə çalışırıq. Açığı, bir qədər yorucu olsa da, şikayətlənəcək qədər ciddi problem hesab etmirəm.


- Türkiyədə bərbərlərlə müştərilər arasında bəzən qəribə davranışlara, hətta müştərinin bir növ “döyülməsinə” rast gəlirik. Azərbaycanda isə bu cür hallara az təsadüf olunur. Sizcə, səbəb nədir?

- Düşünürəm ki, Azərbaycan insanı özünə və şəxsi dəyərinə yüksək qiymət verir. Əksər insanlar öz hörmətlərini izlənmə, diqqət və ya əlavə qazanc naminə riskə atmaq istəmirlər.

Belə davranışlar cəmiyyətimizdə ciddi qınaqla qarşılaşa bilər. İnsanlar da bunu nəzərə alırlar. Ona görə hesab edirəm ki, bu fərqin səbəblərindən biri qarşılıqlı hörmətə verilən dəyər, digəri isə ictimai qınağın güclü olmasıdır.

- Sizcə, dəb insanın xarakterini əks etdirən güzgüdürmü? Öz saç və saqqalınızı seçərkən xarakterinizin görünüşünüzdə əks olunmasına diqqət edirsiniz?

- Buna yüz faiz əminəm. Saç kəsimi insanın obrazının birbaşa göstəricisidir. İnsanlar həyatda da filmlərdəki kimi müəyyən obrazlara sahib olurlar. Hər kəs öz həyat tərzinə və xarakterinə uyğun bir görünüş seçir.

Məsələn, barmenlə futbolçunun həyat tərzi və maraqları bir-birindən fərqlənə bilər. Biri içki növlərini və onların dadlarını yaxşı tanıyır, digəri isə sağlam həyat tərzi keçirir, idmanla məşğul olur. Bu fərqlər onların xarakterində və gündəlik həyatında özünü göstərir.

Xarici görünüş də belədir. Uzun saçlı insanla qısa və kəskin xətli saç düzümü seçən insanın yaratdığı obraz fərqli ola bilər. Dalğalı və düz saç modelləri də insanda müxtəlif təəssüratlar yaradır.

Mən çox sərt saç kəsimi seçən, amma eyni zamanda çox yumşaq və fərqli obraz yaratmaq istəyən insanlara az rast gəlmişəm. Çünki insanın xarakteri ilə seçdiyi görünüş arasında çox vaxt uyğunluq olur.

- Ailə münaqişələrinin bərbərxanada özünü göstərdiyi hallar olurmu? Məsələn, həyat yoldaşı zəng edib kişinin saçını necə kəsdirməli olduğunu deyir?

- Hətta bundan daha maraqlı hallar yaşanır. Bəzən həyat yoldaşı müştəri ilə birlikdə salona gəlir və saç kəsimi zamanı onun yanında dayanır. Müştəri bir model istəyir, həyat yoldaşı isə buna etiraz edir. Belə vəziyyətdə mənim mövqeyim aydındır: “Ailə münasibətlərinizə qarışmaq istəmirəm. Özünüz qərar verin, mən də həmin qərarı icra edim.

Bu cür hallarla tez-tez qarşılaşırıq. Xüsusilə saqqal məsələsində mübahisələr daha çox olur. Bəzən həyat yoldaşı uzun saqqalı görmək istəmir və onun qısaldılmasını tələb edir.

- Kişilər adətən həyat yoldaşlarının istəyinə əməl edirlər?

- Bunu dəqiq demək çətindir. Zarafatla deyə bilərəm ki, müştərilərimizin ailə həyatını riskə atmaq istəmərik (gülür).

- Bəs saç kəsiminin nəticəsini bəyənməyən müştəriləriniz olub?

- Əlbəttə, belə hallar olur. Bu, normaldır. Mən saç kəsiminə başlamazdan əvvəl müştəriyə istədiyi modelin müxtəlif nümunələrini göstərirəm. Məsələn, hazırda dəbdə olan frinq saç düzümünün bir neçə versiyasını təqdim edirəm. Kənarlarının qısa və ya uzun olması, üst hissənin hansı formada saxlanılması barədə seçim imkanı verirəm.

Müştəri bəyəndiyi modeli seçdikdən sonra işə başlayıram. Buna baxmayaraq, nəticəni bəyənməyənlər də olur. Bəziləri saçını uzatmaq, digərləri isə bir qədər də qısaltmaq istəyir.

Belə halların qarşısını almaq üçün əvvəlcədən vizual nümunələrdən istifadə edirəm. Son vaxtlar süni intellekt də bu işdə köməyimizə çatır. Vaxtımız olduqda müştərinin seçdiyi saç modelini onun fotosu üzərində canlandırırıq. Beləliklə, kəsimdən əvvəl həmin görünüşün ona yaraşıb-yaraşmayacağını təxmin etmək mümkün olur.


- Süni intellekt gələcəkdə bərbərlik peşəsini insanların əlindən ala bilərmi?

- Bəlkə də gələcəkdə süni intellekt bir çox sahəyə təsir edəcək. Amma bu məni qorxutmur. İnsanlar daim yeni sahələr yaradırlar. Bir peşə sıradan çıxırsa, onun yerini başqa bir sahə tuta bilər. Texnologiyanın inkişafı nəticəsində mövcud işlər dəyişə, yeni peşələr yarana bilər.

Mən yaradıcılığın heç vaxt ölmədiyini düşünürəm. O, sadəcə yeni formada ortaya çıxa bilər. Əgər gələcəkdə başqa bir sahəyə keçməli olsam, orada da peşəkarlığımı göstərməyə çalışacağam. Hətta süni intellektin inkişafı daha yaxşı nəticələr əldə etməyimizə kömək edə bilər.

- Bərbərxanalarda qiymətlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. İndiyə qədər sizi təəccübləndirən hansısa qiymətlə qarşılaşmısınız?

- Mənim saçlarım əvvəllər çox uzun və buruq idi. Aytəkin adlı bir qadın bərbər var idi. Onun qayçı ilə işləməsini çox bəyəndiyim üçün saçımı kəsdirmək məqsədilə salonuna gedirdim.

Həmin salonda işlədiyim deyil, müştəri olduğum müddətdə eşitdiyim bəzi qiymətlər məni həqiqətən təəccübləndirmişdi. Kişi salonlarında bu cür hallara o qədər də rast gəlinmir.

Düşünürəm ki, kişilər xarici görünüş və geyim məsələsində bir-biri ilə müqayisəyə o qədər də meyilli deyillər. Məsələn, eyni kostyumu geyinən iki kişinin bir-birinə mənfi münasibət göstərdiyini nadir hallarda görərsiniz. Əksinə, buna normal yanaşırlar.

Ona görə də kişilər arasında qiymət və görünüş rəqabəti qadın salonlarındakı qədər nəzərə çarpmır.

- Qadın salonunda sizi ən çox təəccübləndirən hadisə nə olub?

- Bir dəfə bir qadının saç kəsimi tamamlanmışdı. Mən də həmin salonda idim. Bərbərlə müştəri səmimi şəkildə sağollaşdılar, hətta qucaqlaşdılar. Lakin müştəri salondan çıxan kimi onun arxasınca mənfi ifadələr işlədilməyə başlandı.

Bu mənə çox qəribə gəlmişdi. Belə bir vəziyyətə ilk dəfə şahid olurdum və açığı, məni narahat etmişdi.

- Bərbərlər gün ərzində neçə saat ayaq üstə qalırlar? İnsanların “bərbərlər çox pul qazanır” düşüncəsinin arxasında hansı fiziki çətinliklər dayanır?

- Həqiqətən, günün böyük hissəsini ayaq üstə keçiririk. Hətta sağ ayağımda damarlarla bağlı problem də yaranıb. İşimiz o qədər maraqlı və həyəcanvericidir ki, bəzən ağrını belə unuduruq. Ancaq axşam istirahət edərkən həmin ağrılar daha çox hiss olunur.

Ortalama səkkiz-doqquz saat ayaq üstə qalırıq. Bəzən bu müddət daha da uzanır. Ona görə bərbərlik kənardan göründüyü qədər asan iş deyil.

- Bir qədər şəxsi olsa da, qazanc məsələsini soruşmaq istərdim. Ayda nə qədər qazanırsınız?

- Bərbərlik gəlirli sahədir. Çünki gəlirimizin müəyyən hissəsini özümüz müəyyənləşdiririk. Saç kəsiminin qiymətini təyin etmək və qazancımızı artırmaq imkanımız var. Bu, əsasən öz üzərimizdə nə qədər çalışmağımızdan asılıdır. Mənə elə gəlir ki, bərbərlikdə inkişaf etmək bəzi digər sahələrlə müqayisədə daha sürətli mümkündür. Çünki qarşımızda əsas maneə öz tənbəlliyimiz və inkişaf üçün vaxt ayırmamağımızdır. Başqa sahələrdə nə qədər inkişaf etsəniz də, vəzifə yüksəlişi üçün boş yerin yaranması, rəhbərliyin sizi görməsi və digər amillər rol oynaya bilər. Bərbərlikdə isə nəticə daha çox şəxsi bacarığınızdan asılıdır.

Konkret gəlirimi açıqlamaq istəməzdim. Amma özünü inkişaf etdirən, peşəsində yüksək səviyyəyə çatan bərbər Azərbaycanda minimum əməkhaqqından bir neçə dəfə çox gəlir əldə edə bilər.


- İndiyə qədər aldığınız ən böyük bəxşiş nə qədər olub? Bəs qəpik-quruş verib gedən xəsis müştərilərlə qarşılaşırsınız?

- Əvvəlcə xəsis müştərilər məsələsinə toxunum. Belə hallara daha çox imkanlı ailələrin uşaqları və nəvələri arasında rast gəlmişəm. Məncə, bunun səbəbi valideynlərin uşaqlarına pul verməkdə ehtiyatlı davranmasıdır. Bəzi imkanlı ailələr uşaqlarının pula həddindən artıq bağlanmasını istəmirlər. Onların daha çox təhsilə və şəxsi inkişafa yönəlməsinə çalışırlar.

Maraqlıdır ki, bəzən imkanlı ailələrin uşaqları digər yaşıdlarından daha az cibxərcliyi alırlar. Valideynləri onların marağını puldan uzaq tutmağa çalışırlar.

Bununla belə, həmin ailələrin öz əziyyəti hesabına varlanmış nümayəndələri müştərimiz olduqda, adətən, göstərilən xidmətin qarşılığını yüksək qiymətləndirirlər. Onlar başqalarının zəhmətinə hörmətlə yanaşırlar. Düşünürəm ki, uğurlu insanların xüsusiyyətlərindən biri də məhz budur: öz əməkləri ilə yanaşı, başqalarının əməyini də qiymətləndirməyi bacarırlar.

İmkanlı müştərilər üçün 100 manat bəxşiş vermək o qədər də böyük məbləğ olmaya bilər. Əgər göstərilən xidmətdən razı qalıblarsa, bu məbləği rahatlıqla verə bilərlər (gülür).

- Bəxşiş verənlər əsasən vəzifəli şəxslər və iş adamlarıdır?

- Əslində, məsələ vəzifədən daha çox insanın gördüyü işlə bağlıdır. Bəzi insanlar öz fəaliyyəti ilə çoxsaylı insanlara fayda verirlər. Mən bir saç kəsimi ilə bir nəfərə xidmət göstərirəm. Başqa bir iş adamı isə öz fəaliyyəti ilə eyni anda yüzlərlə insanın problemini həll edə bilər. Onların gəlirlərinin yüksək olması da müəyyən mənada bununla əlaqədardır.

- Təcrübəli bərbərlər müştərinin geyiminə və ayaqqabısına baxaraq onun maddi vəziyyətini müəyyən edə bilirlərmi? Müştərilərə maddi vəziyyətlərinə görə fərqli yanaşırsınız?

- Mənim müşahidələrim bunun tam əksini göstərir. Bəzən maddi imkanı məhdud olan insanlar varlı görünməyə çalışır, bahalı markaların geyimlərini seçirlər. Əksinə, çox imkanlı insanlar diqqət çəkməyə çalışmırlar. Bunun səbəbi onların başqa qayğılarının olmasıdır. Məsələn, tikinti və əmlak sahəsində çalışan bir insanın böyük layihələri ilə yanaşı, böyük məsuliyyətləri və problemləri də olur. O, xarici görünüşünə və geyiminə o qədər də vaxt ayırmaya bilər. Ona görə də insanın maddi vəziyyətini yalnız geyiminə əsasən müəyyən etmək mümkün deyil. Bunu daha çox söhbət zamanı, insanın özünü təqdim etməsindən və fəaliyyəti haqqında danışmasından anlamaq olar.

- Bəs özünü olduğundan daha imkanlı göstərməyə çalışan müştərilərlə qarşılaşmısınız?

- Açığı, belə bir halla ciddi şəkildə qarşılaşmamışam. Çünki insan özünü olduğundan daha imkanlı göstərməyə çalışırsa, bu davranışının digər tərəfləri də ortaya çıxa bilər.

- Dəb naminə kişilərin özlərinə tətbiq etdikləri ən uğursuz saç və saqqal trendi hansıdır?

- Bu, həqiqətən maraqlı mövzudur. Mənim fikrimcə, kişilərə hər saç və saqqal modeli yaraşmır.

Məsələn, çənənin altında saqqal saxlanılan, bığın da müəyyən formada uzadıldığı “quyruq” tipli modellər var. Azərbaycan kişilərinin üz quruluşuna bu model hər zaman uyğun gəlmir. Təbii ki, yaraşdıran insanlar da var, amma ümumilikdə on nəfərdən birinə və ya ikisinə yaxşı yaraşdığını düşünürəm.

Bundan başqa, bığını həddindən artıq nazildən və sonradan peşman olan müştərilərimiz olub. Saqqalını tamamilə qısaldaraq üzünün təbii quruluşu ilə qarşılaşan və əvvəlki görünüşünə qayıtmaq istəyənlər də var.

Saqqal bəzən üzün müəyyən hissələrini gizlədir. İllərlə saqqal saxlayan insan öz çənəsinin və üz quruluşunun həqiqi görünüşünü unuda bilər. Saqqal qısaldıldıqdan sonra gözlədiyi nəticəni əldə etmədikdə peşman olur.


- Bəzi kişilər saçlarının töküldüyünü qəbul etmək istəmirlər. Onlara bu həqiqəti demək nə qədər çətindir?

- Bu, həqiqətən çətin məsələdir. Müştəri özü soruşur: “Güzgünü gətir, görüm saçım nə qədər tökülüb”. Həmin güzgünü gətirmək belə bəzən bizə çətin gəlir. Çünki bu xəbərin onun əhvalına necə təsir edəcəyini bilirik. Belə anlarda salonun ümumi ab-havası da dəyişir. Amma müasir dövrdə saç tökülməsi əvvəlki qədər çıxılmaz problem deyil. İnsanlar saç əkimi xidmətlərindən istifadə edirlər. Bu sahədə çalışan mütəxəssislərlə əlaqələrimiz də var və ehtiyac olduqda müştəriləri onlara yönləndirə bilirik.

Digər tərəfdən, pariklərdən istifadə edən müştərilərimiz də var. İstifadəsi müəyyən qədər çətin olsa da, bu üsulla problemini həll edənlər mövcuddur.

- Bəzən saçları seyrək olan müştərilərə bərbərlərin daha çox vaxt ayırdığını, əslində isə işi uzatdığını müşahidə etmişəm. Sizdə də belə hallar olur?

- Bunu inkar etmək düzgün olmaz. Belə hallar olur. Bunun səbəbi müştərilərin özlərini diqqətdən kənarda qalmış hiss etməmələrini istəməyimizdir. İstəməzdik ki, saçları az olduğu üçün onlara daha az diqqət göstərildiyini düşünsünlər.

Bəzən işi bir qədər yavaş görür, söhbət edərək vaxt keçiririk. Müştərinin maraqlandığı mövzuları bildiyimiz üçün həmin mövzular ətrafında söhbəti uzadırıq.

Əgər müştəri üçün bir saatlıq vaxt ayrılıbsa, həmin müddəti onun üçün saxlayırıq. Bu vaxtın hamısını saç kəsiminə sərf etmək mümkün olmadıqda, qalan hissəni söhbət və istirahətlə tamamlayırıq.

- Gənclərin hansısa futbolçuya bənzəmək üçün onun saç modelini istədikləri, amma həmin modelin yaraşmadığı hallar olurmu?

- Bu halla çox qarşılaşırıq. Xüsusilə braziliyalı futbolçuların saç modelləri gənclər arasında populyardır. Ancaq həmin futbolçuların üz quruluşu ilə müştərilərin siması arasında ciddi fərqlər olur. Eyni saç modeli hər kəsə yaraşmır.

Müştəri yeniyetmə yaşlarındadırsa, bəzən onun istəyinə uyğun davranırıq. Yaşı bir qədər çox olduqda isə həmin modelin ona yaraşmayacağını düşünürəmsə, alternativlər təklif edirəm.

Bəzən müştəri daha fərqli və qeyri-adi görünmək istəyir. Bu halda onun istəyini nəzərə alaraq uyğun başqa modellər göstərirəm. Hər zaman razılaşmasalar da, əsas məqsədimiz müştəri məmnuniyyətidir.

- Bəs belə müştərilər nəticəni gördükdən sonra həqiqətən razı qalırlar, yoxsa özlərini aldadırlar?

- Məncə, bəzən özlərini aldadırlar. Çünki onların diqqət yetirdiyi əsas məsələ saçın üzlərində necə görünməsi deyil, istədikləri futbolçunun saç modelinə nə qədər bənzəməsidir.

Saç həmin modelə bənzəyirsə, artıq özlərini xoşbəxt hiss edirlər. Onun öz üz quruluşlarına nə dərəcədə uyğun gəldiyinə o qədər də fikir vermirlər.

- Salona daxil olan gəncin baxışlarından onun həyatda çətin günlər keçirdiyini, məğlubiyyət hissi yaşadığını müəyyən edə bilirsinizmi?

- Bəli. Düşünürəm ki, indiki dövrdə insanlar arasında ciddi rəqabət var. Bu rəqabət o qədər sürətlidir ki, bəzən bir qədər ləng davranmaq belə insanda geridə qalmaq hissi yaradır.

Sosial media da bu vəziyyəti daha da çətinləşdirir. İnsanlar orada gördükləri saxta paylaşımlara və hekayələrə inanaraq düşünürlər ki, 20, 25 və ya 30 yaşında artıq hər şeyə sahib olmalıdırlar: ev, maşın, biznes, sabit gəlir, ailə və digər uğurlar. Halbuki bunların hamısını eyni vaxtda əldə etmək çox çətindir.

Məsələn, bir insanın ailə həyatı qaydasında ola bilər, amma iş həyatında uğurları olmaya bilər. Başqa bir insan peşəkar fəaliyyətində çox uğurludur, lakin ailə həyatında istədiyi nəticəni əldə etməyib.

Hər kəsin həyatı və qarşılaşdığı şərtlər fərqlidir. İnsanların bütün sahələrdə eyni vaxtda uğurlu olması real gözlənti deyil. Buna baxmayaraq, sosial media və bəzən valideynlərin təzyiqi insanlarda belə bir düşüncə yaradır: müəyyən yaşa çatanda hər şeyə sahib olmalısan.

Məncə, bu yanaşma yanlışdır. Hər kəs öz həyatını yaşamalıdır. İnsanlar özlərini başqaları ilə müqayisə etməməlidirlər. Çünki hər kəsin həyat şəraiti, imkanları və qarşılaşdığı çətinliklər fərqlidir. Hər kəsin hekayəsi də, əldə edəcəyi nəticə də başqadır.


- İllərlə yanınıza gələn müştərini bir gün başqa bərbərin yanında görəndə nə hiss edirsiniz?

- Maraqlı məqam odur ki, mən belə insanlarla salondan kənarda qarşılaşanda özümü ilk növbədə İlqar kimi hiss edirəm, bərbər kimi yox. Belə hallarda onların saçlarını harada kəsdirdikləri və nəticənin necə olduğu məni o qədər də maraqlandırmır. Özləri soruşmadıqca saç və saqqallarındakı qüsurları heç vaxt dilə gətirmərəm. Əgər yaxşı alınıbsa, bunu deməyi sevirəm.

Bəzən keçmiş müştərilərimiz bizi görəndə salam verməməyə çalışır, yollarını dəyişir və ya telefonla danışırmış kimi davranırlar. Amma mən bunu problem hesab etmirəm. İnsan başqa bərbərə müxtəlif səbəblərdən müraciət edə bilər. Başqa əraziyə köçmüş, iş yerini dəyişmiş və ya sadəcə başqa salona getmək qərarına gəlmiş ola bilər. Bütün bunlar normaldır.

İstəyim odur ki, müştərilərim bilsinlər: başqa bərbərə getmələri məni narahat etmir. Onlar da buna görə özlərini narahat hiss etməsinlər (gülür).

- İnsanların xarici görünüşü dəyişdikcə daxili dünyalarının da dəyişdiyini müşahidə etmisinizmi?

- Bəli, bu, həqiqətən baş verən bir prosesdir.

İnsanlar görünüşlərini dəyişdikdən sonra özlərini həmin yeni obraza uyğunlaşdırmağa başlayırlar. Bəzən əvvəlcə daxilən dəyişməyə hazırlaşır, sonra xarici görünüşlərini yeniləyirlər. Bəzən isə əksinə, görünüşlərini dəyişdikdən sonra həmin obraza uyğun davranmağa başlayırlar.

Bu baxımdan, xarici görünüşün insanın xarakterinə və düşüncələrinə təsir etdiyini düşünürəm.



- Bərbərliyə fəlsəfi yanaşmanız, bu peşəyə daha fərqli, bəlkə də şairanə baxışınız var?

- Mənim düşüncəmə görə, biz insanların yalnız saçlarına deyil, həyatlarına da toxunuruq. İnsanların cəmiyyətdə ən çox görünən tərəfləri əlləri və üzləridir. Bədən quruluşu, əzələləri və digər fiziki xüsusiyyətləri hər zaman nəzərə çarpmaya bilər. Amma üz daim görünür. İnsanlar bir-birlərini əsasən üzlərinə görə tanıyır və ilkin təəssüratlarını da buna əsasən formalaşdırırlar.

Saç və saqqal isə həmin üzə müəyyən obraz verir. İnsan öz görünüşünü dəyişməklə yeni bir obraz yaradır və bəzən həmin obrazla birlikdə həyatına da yeni istiqamət verir.

Məsələn, klassik saç düzümü seçən insan özünü daha ciddi və intizamlı hiss edə bilər. Bu hiss onun geyiminə, davranışlarına və gündəlik həyatına da təsir göstərər. Yeni davranışlar isə zamanla yeni nəticələrə və fərqli həyata gətirib çıxara bilər.

Məncə, bəzən bir saç kəsimi insanın həyatında böyük dəyişikliklərin başlanğıcı ola bilər.

- Musiqiçi üçün gitara, fotoqraf üçün kamera çox doğmadır. Sizin də iş alətlərinizlə aranızda belə bir bağlılıq varmı?

- Bəli, hətta bu barədə əvvəlki komandamda işlədiyim vaxtlarda da danışmışam. Komanda yoldaşlarıma demişdim ki, saç üçün istifadə olunan lak, krem, vaks və digər sərf olunan vasitələrdən istədikləri vaxt istifadə edə bilərlər. Amma daraqlarım da daxil olmaqla digər şəxsi alətlərimə məndən icazəsiz toxunmalarını istəmirəm.

Daraqlarımın maddi dəyəri o qədər də yüksək olmasa da, mənim üçün çox əzizdirlər. Onlarla xüsusi bağlılığım var.


- Sonda oxucularımıza nə demək istərdiniz?

- Düşünürəm ki, bu gün biz də oxucuların qonağı olduq. Ümid edirəm ki, bu görüş onlara da xoş təsir bağışladı. Mən çox şadam ki, oxucular bu gün mənim haqqımda daha çox məlumat əldə etdilər. İnanıram ki, gələcəkdə yaşımın və həyat təcrübəmin artması ilə daha çox qarşınıza çıxacağam və özümü daha yaxşı tanıtmaq imkanı əldə edəcəyəm.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər