Mədəni zorakılıq edən adamlar

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

8 iyul 2022
# 13:20

Kulis.az Rəvan Cavidin “Oxumayın, əl çəkin” yazısını təqdim edir.

Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.

İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.

Uzun sözün qısası, bu gün kitab mağazalarında satıcı işləyən dostları, gəncləri görəndə onların nələr çəkdiyini çox yaxşı başa düşürəm və çalışıram ki, kitab alanda, kitab seçəndə onları yormayım. Uzaq başı kassada işləyən gözəl xanımlara yaxınlaşıb sistemdən kitabın həmin mağazada olub-olmamasını soruşuram, vəssalam. Yeri gəlmişkən, kassada işləyən xanımlar həmişə gözəl olur və mən həmişə onlara vuruluram. Nəysə.

Dünən dostum, dəyərli şair Şəhriyar Del Geraninin kitab oxumağa dair gözəl bir yazısını oxudum. Yazıda belə bir fikir var idi: “Pis adamlar kitab oxumamalıdır”.

Kitabçı işləyəndə başıma gələn bir neçə hadisəni danışsam, əzizimiz Şəhriyar abinin nə qədər haqlı olduğunu biləcəksiniz.

Məsələn, bir dəfə səhər tezdən, it tayadan düşməmiş bir qarasaqqal, əli təsbehli oğlan dükana girdi. AVM-lərdə mağazalar saat onda açılmasına baxmayaraq bu qardaşın necə bu saatda mağazamızda peyda olması mənə maraqlı gəlməmişdi. Çünki yeni gələn kitabları bir saat ərzində rəflərdə yerbəyer etməli idim. Yeni gələn kitabların içində Quran kitabı da var idi. Və kitablar səliqəli şəkildə döşəməyə qoyulmuşdu. Bir-bir bütün kitablara barkod vurub yığırdım. Qardaş yerdəki Quran kitabını görüb atıldı döşəməyə. “Bismillah” deyə-deyə kitabı öpüb alnına qoydu. Mən hələ də nə Quran kitabına, nə də oğlana fikir verirdim. Birdən kövrək səslə qışqırdı:

– Başın xarab olub sənin?

– Müəllim, mağaza işləmir...

– A kişi, Quranı niyə yerə tullamısınız?

– Tullamamışıq, yerə qoymuşuq.

– Niyə? Başınız qaçıb sizin?

– Ay qardaş, işləmirik biz, çıxın çölə.

– Nə vaxt açılacaq mağaza?

– 10:00-da.

– Gələcəm, səninlə də ayrıca söhbət edəcəm. Bu kitabı da ən üstə qoyun.

– Yaxşı, ver hələ arxasına barkod vurum sonra.

Belə müştərilərlə gündə üç-dörd dəfə dialoqa girirdim. O adamlara başa salmaq olmurdu ki, mənimçün bütün kitablar satılacaq əmtəədir. İstər Tolstoyun kitabı olsun, istər Allahın, fərqi yoxdur. Mən hər birinə barkod vurub rəfə yığıram. Altdadı, üstdədi, qıraqda-bucaqdadı, mənim üçün fərqi yoxdur. Təyin olunmuş yerinə yığıb müştərilərimi gözləyirəm.

Daha bir məsələn. Bir dəfə bir gənc xanım (tələbə olduğuna şübhə etmirəm) gülərüzlə yaxınlaşıb kitab istədi. Dialoq başladı:

– Mənə Xalid Hüseynin hansı kitabını məsləhət görürsünüz?

– İlk dəfə oxuyacaqsınız?

Sevgilisi olduğunu bütün meymunluğu ilə bildirən oğlan söhbəti kəsir:

– Artıq sual vermə...

Cavab vermirəm.

– Bəli.

– Buyurun, “Çərpələng uçuran”dan başlayın.

– Nədən bəhs edir?

Yenə həmin “meymun”:

– Aşkım, neynirsən e, gedək, oxuyacaqsan daaa...

Qıza yazığım gəldi. Necə olur ki, gözəl qızlar gedib belə oğlanlarla sevgili olur, başa düşmürəm. Axı adam özünə hörmət eləməlidir. Şəxsən sevgilisinə aşkım deyən adam mənə görə ən hörmətsiz adamdı. Birinci, dilinə hörmət etmir, ikinci, qarşısındakı adama mədəni zorakılıq edir.

Və mən əmin idim ki, nə o Quranı öpüb alnına qoyan, nə də sevgilisinə “aşkım” deyən oğlan kitab oxuyur. Kitab oxuyan adam bu cür düngüş olmaz. AVM-də bu cür bambılılıq eləməz.

Kitab mədəniyyət aktıdır. Pis adamlar kitab oxusa, əlbəttə ki, müəyyən müddətdən sonra öz zövqlərini hələ də formalaşdıra bilməyəcəklərsə, onda o adamların elə təsbeh çevirib, “aşkım” deyə-deyə Bakının küçələrində sülənməkləri daha məqsədə uyğundur. Çünki belə adamlar mədəni yerlərə özlərini soxuşduraraq mədəni asayişi pozurlar.

Kitabı onun dəyərini, mənəvi yükünü anlayan beş-on nəfər oxusa, həm cəmiyyətin, həm də kitabçıların başı dinc, zövqü şad-xürrəm olar.

# 4390 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #