Kulis.az Rəvan Cavidin Mövlanə ibadətgahından reportajını təqdim edir.
Mövlanənin vəfat etdiyi tarixə (17 dekabr 1273) mövləvilər Şəb-i Arus günü deyirlər. Mənası Allaha varmaqdır.
Hərfi mənada toy gecəsi, vüsal gecəsi kimi də tərcümə olunur. Hər il məhz bu tarix (anadan olduğu gün yox) təmtəraqla qeyd olunur.
Muzeyin ən qələbəlik vaxtları da bu günə təsadüf edir. Hər ilin bu günü ibadətgaha dünyanın dörd bir yanından minlərlə turist, sufi, dərviş axışır.
Reportaja ona görə bu tarixdən başlamaq istədim ki, Ruminin Şəmsdən sonrakı həyatına dair bütün əfsanələr, qeybətlər həmin gün sona çatıb.
İbadətgahın həyətindəki bulaqdan su içirəm, Validələr məzarlığına baxıram...
Bu ibadətgah Şəb-i Arusla yaşıddır.
Səlcuqlu hökmdarlarının gül bağçası olan bu təpəlikdə birinci Ruminin atası Bahəddin Vələd (23 fevral 1231) dəfn edilib.
Gül bağçasını ona Konya sultanı hədiyyə etmişdi. Təpə qədim Konya bazarınacan uzanır.
Sonra məzarın yanında balaca türbə tikilir və türbənin yanına məlumat lövhəsi qoyulur.
Mövlanənin öldüyü günə qədər bu təpəlik pir kimi ziyarət olunurdu.
İndi də muzeyin ətrafı qızılgüllükdür. Və Anadolunun quru küləkləri əsdikcə Karatay, Məram gül qoxur.
Mövlanənin ölümündən sonra burada böyük türbənin tikintisinə başlanılır. İbadətgahın tikintisi Mövlanənin oğlu Sultan Vələd tərəfindən təbrizli memar Bədrəddinə tapşırılır. Memar Bədrəddin Təbrizi birinci Kubbe-i Hadra adı verilən yaşıl qübbəli minarəni inşa edir. Hazırda minarədə restavrasiya işləri getdiyi üçün içinə və divarlarındakı Səlcuqlu yazılarına baxa bilmədim.
Ümumiyyətlə, Mövlanə dərgahında Osmanlı və Cümhuriyyət dövründə iyirmi yeddi dəfə restavrasiya işləri aparılıb.
Bir rəvayətə görə, Sultan Süleyman Qanuni dövründəki restavrasiya vaxtı Mövlanənin, atasının və oğlunun məzarları üzərinə vahid mərmər qoyularkən qəbirlər səhv düşüb.
Başqa bir əfsanəyə görə, Mövlanə dəfn olunanda atası Bahəddinin məzarı dikəlib, bir növ ayağa qalxıb. Əlbəttə, bu rəvayətlərin heç biri öz təsdiqini tapmayıb.
Qeyd edim ki, hazırkı mərmərin (türklər sanduka deyir, ərəbcədəki sandıq, qutu sözündəndir) eni 3,1 m, uzunluğu isə 3,8 m-dir. Sandukanın üzərində Qurandan və Mövlanənin divanından ölümə və axirətə dair kəlamlar yazılıb.
İbadətgahın həyətindəki dərviş otaqlarında on üç-on doqquzuncu əsrə aid eksponatlar - sufi dərvişlərin paltarları, musiqi alətləri, əşyaları, mövləvilərin Səlcuqlu dövrünə aid bayraqları sərgilənir.
Səma otaqları... Kvadratşəkillidir. Bu otaqlarda səmazənlərin rəqs formalarını, mürşidlərin söhbətlərini əks etdirən maketlər, onların namaz qıldıqları hücrələrə aid modellər sərgilənir.
Qeyd edim ki, sufi dərvişlərlə səmazənliyə hazırlaşan müridlərin həm həyat tərzi, həm ibadəti, həm də yaşadıqları yerlər fərqlidir.
Mövləvi bayraqlarında hilal tərsinə təsvir olunur. Tarixçi dostum Amindən öyrəndim ki, mənası “Döyüşə!” imiş.
Fəlsəfəsi insan, sülh, Allah olan təriqətin bayrağında döyüş əmri nədən? Bayraqda diqqətimi çəkən başqa bir detal isə Zülfüqar qılıncı idi. Ziyarətdən sonra nə qədər araşdırsam da, bu simvolun mövləviliklə əlaqəsini tapa bilmədim.
Dərviş otaqlarından birində “Divan-i Kəbir”in bir nüsxəsi də sərgilənir: zanbaq və mövləvi surələri əks olunmuş ebru.
Eksponat on altıncı əsrə aiddir.
İbadətgahın mətbəxində Mövlanədən ötrü xüsusi yeri olan aşpazı Yusif ibn İzəddini xatırladım.
Mövləvilər Yusifə Atəşbaz Vəli deyirlər. Rəvayətə görə, bir dəfə odun bitir, Yusif ayaqlarını közün üstünə uzadır və yemək bişənə qədər ayaqlarını oddan çəkmir. Rumi Yusifə bir də bunu təkrarlamamağı əmr edir və onun adını Atəşbaz Vəli qoyur.
Yusif Konyaya Mövlanənin atası Bahəddinlə bərabər gəlmişdi. Atəşbaz Vəli sufiliyin təslimiyyət simvoludur. Bütün həyatını dərvişliyə, sufi mürşidlərə həsr edib və Ruminin bircə kəlmə əmri ilə özünü alova, ölümə təslim edib.
Parqalı İbrahim paşanın əmriylə tikilən Hürrəm türbəsini də ziyarət etmək istədik, ancaq qapısı bağlı idi.
İbadətgahdakı məscidin bir hissəsində Mövlanə və digər sufilərin məzarları yerləşir, kiçik bir hissə isə ibadət üçün nəzərdə tutulub.
Xüsusən, Uzaq Şərq və Balkanyanı ölkələrdən gələn minlərlə insan ibadətgahın divarlarına söykənib zalı sehrləyən ney səsini dinləyir.
Mövlanənin məzarı başına göyərçinlər yığışır, bəzən səs-küydən hürküb uçuşurlar.
Mövlanənin oğlu həyatda olduğu kimi burda da ondan ayrı düşüb. Şəmsin ölümündə oğlunu günahkar bilən Rumi ömrünün sonuna qədər onu bağışlamır. Yalnız böyük oğlu ilə halallaşır: Vələdin qəbri atasının və babasının yanında, Çələbinin qəbri aralıdadır.
Sufi qəbirlərinin özünəxas baş daşları var. Dərviş papaqları onları ölümdən sonra da tərk etmir.
Xəttatlar muzeyin divarlarında hürufilərə aid cümlələrlə insan surəti yaradıb.
Qeyd edim ki, mövləviliklə hürufilik arasında bir bağ var. Nəimi ömrünün son illərində müridlərinə mövləvilik haqqında danışıb. Eyni zamanda Bektaşilik-Hürufilik-Mövləvilik zəncirini də bəzi tarixçilər araşdırıb və o araşdırmaların bəziləri elə Mövlanə muzeyinin kitabxanasındadır. (Bu barədə başqa yazıda.)
Günbəzə baxıram. Gül-çiçək təsvirləri, Quran ayələri, “Fihi Ma Fih”dən kəlamlar. Daşlara toxunuram, ibadətgahın divarlarına söykənib dualar edirəm. Burda hamı bir-birinin doğmasıdır. Əlləri havada ağlayanlar var, şəkil çəkdirmək üçün növbəyə duranlar var, divarlardakı yazıları oxumağa çalışanlar var, fərqli irqlərdən, fərqli millətlərdən - bir dünya insan. Bir özbək yanındakına deyir:
– Yuxuda çağırdı məni...
– Kim?
– Mövlanə...
Yanındakı türk güldü. Özbək isə gözüsulu gülümsədi.
– Necə xoşbəxtəm!
Məsciddə Quran nüsxələri də sərgilənir. Ən qədim Quran nüsxəsi doqquzuncu əsrə aiddir. Nüsxəyə baxa-baxa, dini düşüncənin fövqündə insanın inanc və qorxuya sədaqəti haqqında düşünürəm.
Bir vaxtlar dərdi, ehtiyacı olanlar gələrmiş bu gül bağçasına. Hovuzun ətrafında sərinlənər, Rumini və digər mürşidləri görmək üçün növbəyə durardılar.
Məzarının üstündə belə yazılıbmış: “Şərqdəki və Qərbdəki alimlərin şahı odur!”
Əlbəttə, bu cümlə mövləvilərin sevgisi və sədaqəti ilə yazılıb, ancaq əmin oldum ki, Mövlanə həm şərqdə, həm də qərbdə ürəkləri fəht etməyi bacarıb.
Onun vüsal gecəsindən 750 il keçir (bu il Türkiyədə Mövlanə ili elan olunub). Hələ də “Məsnəvi”si dünyada ən çox satılan poeziya nümunəsidir. Hələ də irfanını yayan, ona inanan, ona ibadət edən (nə qədər yanlış olsa da) milyonlarla dərviş var.
İbadətgahın sərinliyindən Konyanın qorabişirən istisinə... Üzümə su vururam, boynumu-boğazımı yuyuram. Deyirlər ki, əslində, bu çeşmə göyərçinlər üçündür.
Hovuzun ətrafında bardaş quran sufilərə baxıb düşünürəm ki, əlbəttə, eşq məhz budur...