Adam hər sərsəm fikri yazmaz

Rəşad Məcid, şair

Rəşad Məcid, şair

17 sentyabr 2022
# 12:40

Kulis.az yazıçı Rəşad Məcidin "Qələmsiz yazılanlar" status-esselərini təqdim edir.

"Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu il Mətbuat Günündə jurnalistlərə müraciətindəndir.

Hər yeni uğurumuz zamanı belə cəhdləri daha qabarıq hiss edirik. Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyi, Zabux və Sus kəndlərini nəzarətə götürdüyü, sevincimizi bölüşdüyümüz bu günlərdə yenə könül bulandıranların, düşmən dəyirmanına su tökənlərin kin, nifrət dolu xəbərləriylə qarşılaşırıq. İçimizdəki "sapı özümüzdən olan baltaların" əliylə haqq işimizə qarşı hücumların şahidi oluruq.

Təəssüf, min təəssüf!

Ona görə də cənab Prezidentin sözügedən müraciətində deyilən aşağıdakı tövsiyələr tək jurnalistlərə deyil, hər bir vətənpərvər, ayıq düşüncəli azərbaycanlıya da aid olmalıdır.

Eynən Vətən müharibəsi günlərində olduğu kimi birgə çalışmalıyıq. Düşmənin məkrli təbliğatının qarşısını almaq üçün, bu təbliğata açıq-gizli qoşulan içimizdəkilərin xain xislətini önləmək üçün Zəfərimizə kölgə salan hər məqama qarşı kəskin münasibətimizi ortaya qoymalıyıq.

"Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar".

lll

"Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik".

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

lll

Hər jurnalist bir sualla kifayətlənə bilərdi. Həm də oxşar və təkrar sualları verməkdən çəkinmək lazımdır. Bəzi suallar isə çıxışa bənzəyirdi.

Nazir Emin Əmrullayevin jurnalistlər üçün brifinqində belə hallar müşahidə olundu.

Nazir hazırlıqlıdır, səmimidir, sualları geniş izah edir. Amma adama elə gəlir ki, bəzi jurnalistlər nazirin cavablarını heç dinləmirlər.

lll

Siz yuxudan duranacan çox sular axdı.

lll

Qonşu bərk danışanda da sosial şəbəkədə şikayət yazırlar...

lll

Məyus olmağa dəyməz. "Qarabağ" qürur duyulası komandadır. Bizə hələ çox həyəcan və sevinc bəxş edəcək.

lll

Bir xalqı elliklə 90 dəqiqə bir nöqtəyə baxmağa vadar etmək özü böyük nailiyyətdir.

lll

Sizcə, feysbukda ən səviyyəli və maraqlı profillər hansılardır?

Kimləri sosial şəbəkə fenomenləri hesab edirsiniz?

Ən çox kimləri izləyirsiniz?

Belə bir vacib sorğu.

Cavablarınız maraqlıdır.

lll

Bədnöyüslük, bəd xəbərdən cuşa gəlmək xarakterdir, xislətdir, xəstəlikdir.

lll

Sevindiricidir ki, Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq gənclər içərisində jurnalist həmkarlarımızın övladları da var.

Bütün gəncləri və valideynləri təbrik edirəm. Vətənə layiqli peşəkarlar kimi dönsünlər.

lll

Bu ağıllı telefonların dəbdən düşən vaxtını necə təsəvvür edirsiz?

lll

Xain, xəyanətkar, tərbiyəsiz, avam, cahil, düşmən dəyirmanına su tökən profillərin dostluğunuzda olmasını özünüzə rəva bilməməlisiniz. Sizin qınağınız, etirazınız, mübarizəniz olmasa, onlar qatırlarını dəhmərləməkdə davam edəcəklər.

lll

Sən ağ yalan yayırsansa, təkzib edirlər, bundan sonra yenə dediyini deyirsənsə, artıq sənin bütün fikirlərinə şübhə yaranır.

lll

Şuşadan şəkil paylaşmaq savabdır.

lll

Xalq yazıçısı Anar hər çıxışında fərqli və təsirli məqamları dilə gətirir, təsirləndirir, təəccübləndirir. Bu gün Şuşada Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə də çox təsirli fikirlər söylədi. Tanrı qorusun!..

lll

Siyasətçi gərək danışanda hıqqınmasın, özünü suda balıq, göydə quş kimi hiss etsin, sözlər özləri axıb gəlib dilindən süzülsün, sualdan təntiməsin, çaşmasın.

Belələri az da olsa var.

lll

Riyaziyyat hörmətə minir, ya hüquq dəbdən düşür?

"Bu il ilk dəfədir ki, BDU-nun riyaziyyat müəllimliyi ixtisası üzrə keçid balı həmin universitetin Hüquq fakültəsinin keçid balından daha yüksəkdir" (Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə).

lll

Deyir, bu il bir məktəbdə eyni sinifdə oxuyan şagirdlərin hamısı ali məktəblərə qəbul olunub.

Yaxşı nümunədir. Belə nümunələri təbliğ etməli, onların müəllimlərini öyməliyik. Həmişə neqativləri qabartmaq olmaz axı.

lll

İndiyəcən bilmirdim, Cinayət Məcəlləsində Əzab vermə maddəsi varmış. Şeirlərimizdəki lirik qəhrəmanlara qarşı cinayət işinin başlanması üçün nə qədər əsaslı dəlillər tapmaq olar...

Məsələn:

"Allahım, heç sənə əzab verməsin

Sən mənə verdiyin əzaba görə".

Və sair və ilaxır.

lll

Bu gün şair-tərcüməçi Səyavuş Məmmədzadəni son mənzilə yola saldıq.

Şairin "Şuşanı qar gördüm" şeirini ilk dəfə 1986-cı ilin yayında, Şuşada, Vaqif Poeziya Günlərində öz dilindən eşitmişdim. Bu il iyulun 14-də Şuşada Vaqifin məqbərəsi önündə çıxış edərkən şairi və o şeiri də xatırladım.

Ruhu şad olsun!

Şuşanı qar gördüm, qar gördüm,
Elimi var gördüm, var gördüm,
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.

Yazıma gəl dedim, gəl dedim,
Üzümə gül dedim, gül dedim,
Haçandan sönən ocağın,
Külünə gül dedim, gül dedim.

Dağları dağ gördüm, dağ gördüm,
Həmişə şax gördüm, şax gördüm,
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.

Şuşadan yol getdim, yol getdim,
Dedilər qal getdim, qal getdim,
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal getdim.

lll

Adam ağlından keçən hər sərsəm fikri o dəqiqə statusa çevirib yazmaz ki!..

lll

Fərid Pərdəşünas Azərbaycanın ən uğurlu və istedadlı gənclərindəndir; informasiya texnologiyaları üzrə mütəxəssisdir, tanınmış texno-blogerdir, Technote Media Şirkətinin təsisçisi və rəhbəridir, Azərbaycanda qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi və təşviqi sahəsində qazandığı uğurlara görə ötən il Prezident mükafatına layiq görülüb. Fəridin Vətən müharibəsi günlərində informasiya savaşı sahəsində və kiber cəbhədə göstərdiyi əhəmiyyətli fəaliyyəti ictimai rəyin diqqətini daha çox çəkmişdi.

Bu gün Mətbuat Şurasında Fəridlə rastlaşdıq, şəxsən tanış olduq, ayaqüstü fikir mübadiləsi apardıq, indiyə qədər qazandığı uğurlarına görə sevindiyimi bildirdim, gələcək fəaliyyətində uğurlar arzuladım.

lll

Rəşad Nağı Mustafanın "Müharibə başlayıb..." şeiri barədə bir dəfə yazmışdım. Ramiz Rövşən də bu şeiri bəyənmişdi. Rəşad bu gün Şuşada Natəvanın yubiley tədbirində də həmin şeirini oxudu və yaxşı da qarşılandı. Amma şair gərək öz şeirini əzbər deyə. Həm də məşhur şeirini. Özünə də dedim.

Əzbər desə, şeirin təsir gücü daha da çox olardı.

lll

Oxuyan bir saytdan da tapıb oxuyar. Oxumayan yüz saytda da yayılsa, oxumayacaq.

lll

Soruşdum, siz burada nəyin növbəsinə durmusunuz?

Dedilər, "Qarabağ"ın oyununa bilet alırıq.

lll

Dilqəm Əhməd dəyərli kitablar müəllifidir. İmza günü də qələbəlikdir, lap "Qarabağ"ın oyununa növbə kimi.

Sağ olsun! - həm də qiyabi tanıdığım dəyərli müəlliflərlə canlı tanışlığımıza səbəb olduğuna görə...

# 2128 dəfə oxunub

Müəllifin son yazıları

# # #