Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?
26 iyul 2024
# 14:00

Kulis.az Rəna Nevzatın food bloggerlər haqqında yazısını təqdim edir.

Axır vaxtlar sevimli əyləncələrimdən biri yerli food bloggerlərə baxmaqdı. Hər imkan tapan kimi xalaların, əmilərin, bibilərin, dayıların videolarına baxıram. Ölürəm də onlarçün. Şirinlər.

Zənnimcə, bu ənənəni dağətəyi kəndlərdən birində yaşayan xala qoydu. Onu əvvəl oğlu çəkib yutuba qoyurdu. Videolar tutandan sonra da Xəzər tv həmin layihəni aldı. Və qəfil kəndlərdəki nənə-babalar dönüb oldu food blogger.

Bəh. Bişirən bişirənədi. Elə bil "kim əti daha əcaib bişirər?" yarışı gedir.

Ətin başına nə qədər oyun açarlar, a kişi? Ətdi də bu, doğrayıb tökdün tavaya, o üz-bu üz fırlatdın, qızardı. Otur ye.

Yoox, nə danışırsan? Asan bişən xörək nuş olmaz.

Əvvəlcə taxta kasalarda ədviyyatlar düzülməlidi sırayla. Beş-altı cür bıçaq-çapacaq da öz yerində. Par-par parıldayan tərəvəzlər olmalıdı.

Soğanı, sarımsağı, badımcanı, pomidoru, acı istiotu, sarı, qırmızı, yaşıl rəngdə bibərləri.

Biri kəm olsa, xörəyin dadına təsir eləyər.

Dənəvər istiotu özün döyməlisən həvəngdəstədə. Olmasa, baxış sayı aşağı düşür avtomatik.

Tomatı bankada qoymaq olmaz. Onu da taxta kasaya boşaltmalısan. Taxta kasada olmayan tomata pis baxırlar.

Duru yağı da. Tomatdan əksik kişinin oğlu deyil ki. Onu əzib düzəldiblər, bunu da sıxıb çıxartıblar. Amma insafən, duru yağın vəziyyəti bir az alayıdı. Onu kasaya yox, gil bardağa tökürlər.

Həngamə sonra başlayır.

Nəhayət, meydana ət gəlir.

Bir əmi var, hər dəfə o ət döyəndə ona yazığım gəlir. Götürür çapacağı, düşür ətin üstünə, döy ki döyəsən. Üzündə də elə ifadə olur ki... Yüz faiz fikirləşir, nə zibilə keçmişəm mən?

Ay başına dönüm? Ətçəkən maşın var da, gül kimi. Götür çək də orda. İki saat qollarını niyə yorursan?

Yoox, olmaz axı. Belə eləyəndə ətin şirəsi canında qalır. Dəqiq məlumatdı, yaya bilərsəniz.

Döymək heç, ən qəşəngi mal budunu, ya da quzunu bütöv bişirməkdi.

Quzunun başına bir oyun açırlar ki. Kəsməkləri az imiş kimi, cəmdəyinə də əzab verirlər. Ora-burasını deşib sarımsağı doldururlar canına. Kasada (mütləq şəkildə taxta kasada) ədviyyatlardan və duru yağdan ibarət sous hazırlayıb üstünə yaxırlar. Səriyirlər falqaya, ya kürəyə basırlar, ya da təndirdən asırlar. Həmin günün hava şəraitinə hansı uyğundusa.

Falqa demişkən, ay xala, ay əmi, çevir məni balalarının başına. Sən falqanı harda görmüşdün, sən Allah?

Rozmarin... Rozmarin qaldı. Aç falqanı, rozmarini düzüm, sonra yenə bükərsən.

Hələ quzu yaxşıdı. Dayının biri bir dəfə bütöv mal cəmdəyini qızartmışdı. Özü də nə üçün? Dönər üçün.

Vallah. İri ocaq qaladı, cəmdəyi ocaqdan əlli santim aralıda asdı, fırlada-fırlada yarım gün bişirdi, axırda da əti xırda-xırda doğrayıb üstünə mayonez çəkilmiş yuxalara töküb bükdülər.

Dönər lavaşda. İkisini yeyənə biri hədiyyə. Ayran pulsuzdu.

Ən pisi isə toyuqlardı. Əmilərdən biri toyuqları elə bişirmişdi ki... Demək, toyuqları şişə keçirtdi. Ocaq qaladı. Toyuqları ocağın ətrafına dairəvi basdırdı. Üstlərinə də vedrə qoydu.

Vedrələr təptəzəydi. Məxsusi bu video üçün alındıqlarına and içərəm, amma sübut edə bilmərəm.

Pitsa bişirənlər də var. İtalyanlar o videoları görsələr, deyərlər, pitsa Azərbaycanın milli yeməyidi.

Ən ləzzətlisi isə bağırsaq dolanmış ətdi.

Üç-dörd food bloggerin elə videosuna baxmışam. Proses eynidi.

Əvvəlcə iri ət tikələrini şişə keçirdir. Əti iç piyinə bükür. Bağırsağı da üstündəm dolayır.

Yarım gün bağırsaq dolanmış əti vam közün üstündə fırladıb bişirir.

Sonra əti dairəvi kəsib ocaqda bişirir.... və xırda-xırda doğrayıb tərəvəzlə sacda qızardır.

Axşamacan çəkir bu. Videoda görürsən ki, yeməyə oturanda hava qaralıb.

Atam, bekarsız siz?

Başqa işiniz-gücünüz yoxdu?

Bir qab yeməkçün bu boyda həngamə lazım deyil axı.

Qollarını çırmalayıb kapitalizmin mətbəxində ət döyən, ədviyyatlarla güləşən, az qala, ocağın içindən yalın ayaqla keçən yaşlıların tüstülü tendensiya qoşulmaq məqsədi bəllidir: Bir tikə çörək. Ətdən pul çıxarmaq qədim sənətdir, sözüm yox, fəqət nənələrini-babalarını istismar edən, onların uzaq Liviyada görünməyinə çalışan nəvələrə bir pay sözüm var: Belə yaşayış olar? Yaşayış deyil e, bu. Vallah deyil.

# 1773 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #