İŞİD-in öldürdüyü Nəsimi

İŞİD-in öldürdüyü Nəsimi
11 sentyabr 2015
# 14:44

Dünya günü-gündən daha qəddarlaşır, bir dəfə yazmışdım, indi daha artıq bir qətiyyətlə təkrar edirəm: MƏN BƏŞƏRİYYƏTİN XİLASINA İNANMIRAM!

Vaxtıyla Nəsiminin qanı tökülən o ölkədə qan hələ də su yerinə axır.

“Nəsiminin soyulmuş dərisi haqqı”.

Birqütblü dünya, daha çox qan, daha çox zorakılıq və bu fonda daha çox insan hüquqları boşboğazlıqları...

Bu zülmün sonu nə zaman gələcək?

Doğrudanmı, hər şey Nəsiminin soyulması ilə başladı.

Əslində yox, bütün bunlar bir proses idi, Nəsimidən də əvvəllər vardı, ondan sonra da olacaqdı və bu gün o torpaqlarda İŞİD adlı bir bəlanın ortaya çıxması da əslində Nəsiminin qətlinin davamıdı.

Nəsimi də söz yox ki, İŞİD qurbanıydı.

Tolerantlığın olmadığı, insanların bir-birinin kitabını oxumadığı, bir-birini anlamaq istəmədiyi, sözün yerinə qılıncın danışdığı, mərhəmətdən əsər-əlamət belə qalmayan bu torpaqlar İŞİD üçün münbit şərait idi.

Və nə qədər ki, millətlər, dinlər, məzhəblər insanları ayıracaq o zamana qədər də edam kötükləri nəsimilərin aqibətinə çevriləcək.

Bəşəriyyətin xilası hələ də ümidsiz görünür, lakin mən nə qədər də tragik səslənsə də hələ də sənətin gücünə inanıram.

Çünki insanları ayıran bütün bu “uçurum dərələr”in (Nərimanovun sözüdür) bir gün sevgi ilə dolacağına inanıram.

Həmin o uçurum dərələri sənətdən özgə heç nə doldura, sənətdən başqa heç bir şey insana öz insanlığını xatırlada, onun daxilindəki insani hissləri oyada bilmir.

Bütün dünyanın qəribə bir axmaqlığa, bir nadanlığa sürükləndiyi, şiələrin şiələri, sünnilərin sünniləri, imperialistlərin işinə gələnləri dəstəklədiyi bir zamanda Bodrum sahilinə bir körpənin meyiti düşdü.

O körpənin meyiti ilə axan sular dayandı.

Hamı anladı ki, artıq sözə ehtiyac yoxdur, orda bir savaş var və orda uşaqlar ölür.

Nə sünni, nə şiə, nə yezidi, nə kürd, nə ərəb...

Burda bir insan ölüb.

29 yaşlı qadının çəkdiyi o foto əslində bu gün o ürəyi qatılaşan, mərhəmət hissləri öləziyən dünya üçün bir işıq oldu, bir səs oldu.

“Ürəyimdən gələn səs mənə çox zadlar öyrədir”di, o şəkillə əslində bəşəriyyət öz ürəyinin səsini dinləməyə başladı.

Və o səs heç zaman yalan danışmazdı.

O foto vicdanları oyatdı.

Sənətin gücü bundadır.

***

Nəsimin qanıyla suvarılan tarixin xilası da Nəsimidə, nəsimilərdədir.

# 1188 dəfə oxunub

Müəllifin son yazıları

# # #