Kulisdə yeni müsabiqə

Kulisdə yeni müsabiqə
30 dekabr 2013
# 13:56

Qan Turalı yazır...

Tehran Əlişanoğlunu o günləri metronun basabasında, qatar platformaya girib hamını perik salanda gördüm. Onun arxasınca qatara minib görüşmək üçün əlimi uzatdım və o basabasda bir-iki söhbət də elədik və Tehran müəllim mənə “Tənqid.net” jurnalının 9-cu sayını verdi.

İndi şənbə gününün axşamı işdən gəlib sabahkı bazar gününün işinə tez getmək üçün yatmaq əvəzinə mən “Tənqid.Net”i vərəqləməyə başladım. Modernizmə həsr edilmiş bu nömrədə çox gözəl yazılar var, onları bir-bir dənləyib mandarinlə yeyib çay içirdim, bu qəribə menyunun fərqinə düzü indi bu yazını başlayanda vardım.

Jurnalda hörmətli Tehran müəllimin Yaşarın Elçin Əfəndiyevdən aldığı ədəbiyyat söhbətinə (kitab kimi çap da edilib) aid yazısını oxudum. Bu yazıda Tehran müəllim, Elçin Əfəndiyevin hansı yazıçıların adını çəkdiyini birbəbir sayıb və onları təsnif eləyib. Düzü, məqaləni oxuya-oxuya Tehran müəllimin bu zəhmətinə ürəkdən “əhsən” dedim və yadıma Tehran müəllimin mənim ilk hekayəmi necə diqqətlə redaktə eləməyi düşdü.

Deməli, Elçin Əfəndiyev bu kitabda nə az, nə çox düz 359 yazıçının adı çəkib. Amma Tehran müəllim deyir ki, Elçinin 10 il qabaq çap edilmiş “Ədəbi düşüncələr” kitabında 550-dən artıq yazıçının adı çəkilib. İndi belə deyək ki, Elçin müəllim bir balaca zəifləyib. Mən o kitabı da oxumuşam, daha doğrusu jurnalda çap olunan variantını oxumuşam, qalınlığı yadıma gəlmir, hərgah, bundan qalındısa onda 200 yazıçının az olmasını başa düşmək olar.

Deməli, bu 359 adın nə az, nə çox düz 20-si Tolstoydan bəhs eləyir. İkinci yerdə isə Tehran müəllimin xatırlatdığı kimi Tolstoyun nifrət elədiyi Şekspirdir. (17 dəfə).

Üçüncü yer üçün Tehran müəllim dəqiq və kədərli bir təyin işlədir: “Dünyanın heç bir ədəbiyyat siyahısında olmayan dahi”. Bəli, o dahi Mirzə Cəlildir ki, kitabda düz 13 dəfə xatırlanıb.

Daha sonra Viktor Hüqonun sevimli əsəri “Don Kixot”un müəllifi Servantes gəlir. (6 dəfə)

Siyahıda adı bir dəfə çəkilənlərin yeri bəs qədərdir, onların hamısının adını yazsam əlim yorular, (köhnə qəzetçilər bu yerdə deyərdilər ki, yerim dolar) amma bir məsələ də var ki, o böyük siyahıya mən 1970-lərdən sonra yaradıcılı diqqət mərkəzinə düşən, böyük populyarlıq qazanan cəmi bircə yazıçı var, o da Orxan Pamukdur.

Mən Elçin müəllimin savadına dərindən inanıram, bunu ironiyasız deyirəm və onu da bilirəm ki, Elçin müəllimin bu rekordu çətin də olsa təzələnəsi rekorddur, misal üçün mən bir yazıçımızın yarımca səhifəlik yazısında 38 yazıçı adı saymışam və belə görürəm ki, bu rekordun təzələnməsi an məsələsidi, kim bilir bəlkə də təzələnib də....

İndi istəyirəm üzümüzə gələn ilə Kulis.Az-da belə bir müsabiqə elan edək, görək kim 100 sözlük məqalədə kim daha çox yazıçı adı işlədə bilər. Misal kimi birini yazıram.

Kafkanı, Folkneri, Borxesi oxudum, amma mənə elə gəlir ki, Markeslə Lyosa onlardan heç də zəif deyil, əlbəttə ki, Orxan Pamuku da unutmaq olmaz, hərçənd Saramaqo da fərqlidi, hərgah Platonovu da unutmaq heç də doğru olmazdı, bir tərəfdən baxana bu siyahıda Bulqakovun yeri də aydın görünür, amma əslində hamıdan yaxşı yazıçı özüməm.

# 3860 dəfə oxunub

Müəllifin son yazıları

# # #