Şantaj mühərrirliyi

Şantaj mühərrirliyi
26 iyul 2013
# 10:13

Mən Kamal Abdulla Əsəd Cahangir qarşıdurmasındakı susqunluğu heyrətlə izləyirəm və açığı bu heyrətim narahatlığa, nigarançılığa çevrilir. Mənim üçün bu qarşıdurma tənqidçilərlə yazıçılar arasında olan ənənəvi bir konflikt deyil. Bu qarşıdurma əsərinə görə az qala dar ağacına çəkilməsi arzulanan yazıçı ilə tənqidçinin davasıdır. O yazıçı ki, onun titulları yarım səhifədir, amma artıq onun müdafiəsində heç kim dayanmayıb. Mən məhz bu anda topa girmək istəyirəm.

Yazıçı bir roman yazır, o romanın üzərindən bir neçə il keçir, yazıçı dram yazır, dram ölkənin bir nömrəli teatrında tamaşaya qoyulur. İndi isə yazıçı məhz əvvəl yazdıqlarına şantaj edilir, sən “xalqın böyük şəxsiyyətlərinə şar atmısan”, “sən xalqın dəyərləri ilə oynamısan”. Üstəlik, bütün bu ifşa prosesi anonsdan sonra başa çatır: “Mənim haqqımdakı yazılarını dayandırmasan Şah İsmayıl haqda yazacam ha...”.

Bütün bunlar hamısını Əsəd Cahangir edir, vicdanı buna yol verir və öz həmkarını 37-ci il metodları ilə məhv etməyi bu adam çox adi bir şey sayır. Halbuki onun Kamal Abdullaya düzdüyü diframblar heç kimin yadından çıxmayıb.

Bir anlıq başımızı qaldırıb düşünürük: Nə baş verir? İndi hansı zəmanədir? İndi 37-ci il olmasa da Əsədin etdiyi məhz 37-ci il metodologiyasıdır, həmin ilin muzdlu tənqidçiliyidir, şantaj mühərrirliyi, ifşa jurnalistikasıdır.

Məgər bizim hamımız sovet dövrünü lənətləmirdikmi? Onun ədəbi darğalığına nifrət etmirdikmi? Bəs bu olanların o dövr tənqidçiliyindən fərqi nədədir? Və bu olanlar qarşısındakı susqunluğu da 37-dən sağ çıxanların susqunluğuna bənzəmirmi? “Mənə toxunmayan ilan min yaşasın” fəlsəfəsinin sonunu Brext yazmışdı axı: “Əvvəl yəhudilərin arxasınca gəldilər. Mən yəhudi deyildim...”

Kimlərsə bu gün abrına bükülüb susa bilər, kimlərsə bu şantajdan özünə pay düşməsin desə telefonunu söndürə, klavyaturasını bağlaya bilər, amma şəxsən mən bu rəzillik qarşısında dözə bilmirəm. Hə, indi Əsəd əfəndi buyursun, “Mustafa” romanında siyasi səhvlər axtarsın. Mən isə əhalisi artdıqca insanları azalan bu dünyada ədəbiyyatın ən məsum və ən müqəddəs şey olduğuna inanıram. Bütün bu murdar hücumlar isə son nəticədə o məsumluğun, bakirəliyin pozulmasına yönəlməyibmi? Bu məqamda adını yazıçı qoyan adam necə susmalıdır? Mən heç kimin öz əsərinə görə “ifşa” olunmadığı bir dünya arzusundayam.

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

# # #