Həyatdan qopanlar

Həyatdan qopanlar
14 may 2014
# 11:57

Azərbaycanda teatr əsl böhran dövrünü yaşayır. “Azərbaycan” jurnalında təşkil edilən dramaturgiya müzakirəsi də teatrın problemlərini-iştirakçılar nə qədər gizlətmək istəsələr belə-bütün çılpaqlığı ilə ortaya qoyur.

Teatr bütün dünyada yeni mövcudluq formaları axtarır, kəskin rəqabət şəraitində orijinal forma və məzmun axtarışı ilə internet əsrində ayaqda qalmağa çalışır. Bəs Azərbaycanda vəziyyət nə yerdədir?

Azərbaycanda özəl teatr yoxdur, bütün teatrlar birbaşa dövlətindir, bu mənada da aktyorlar da, rejissorlar da dövlət məmurudur. Dövlət bürokratiyasının təsiri teatr üzərində misilsiz rol oynayır.

Lakin teatrlar dövlət siyasətini, ictimai maraqları əks etdirə bilirlərmi? Misal üçün az qala hər gün mətbuatda Suriyada cihada gedən insanlar haqqında məlumatlar çap edilir. 636 kilometr sərhədimiz olan qonşumuz Azərbaycana iştahla baxır. Cəmiyyətdə dini radikalizm meylləri güclənir.

Keçən əsrin əvvəlləri üçün xarakterik olan dini və dünyəvi qüvvələr arasındakı görünməyən müharibə bu gün də davam edir. Azərbaycan ziyalıları o zamanlar mətbuatın, teatrın, ədəbiyyatın vasitəsi ilə dünyəviliyi qorumuş və bu yolda heç də az qurban verməmişdir. “Molla Nəsrəddin” jurnalı ətrafında cəm olan yazıçılarımızın irsi ədəbi baxımdan nə qədər qiymətli və əvəzsizdirsə bir o qədər də aktualdır.

Bəs teatrlarımız bu irsdən necə istifadə edir? Cəmiyyətin mənəvi problemlərini hansı səviyyədə təhlil edir? Bu suallara cavab tapılmayana qədər teatrlarımızın boş qalacağı şəksizdir.

Həyatdan qopanlar insanlardan da qopur.

# 2982 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #