Dörd dəqiqədən az, qısadan da qısa bir film.
Bir qadın...
Məqsədsiz gəzintilərlə Parisi əldən salıb.
Axşam düşür.
O yalqızdır.
Ağır iş saatlarının yorğunluğunu sevgililər qarşılıqlı öpüşlərlə atırlar.
Yalqızlar yorğundurlar.
Hara getdiyini bilməyən qadın...
Metroya enir.
Burda həyatı dəyişəcək.
Daha doğrusu özü elə sanacaqdı.
Metroya az sonra bir oğlan girəcək və monoloqa başlayacaqdı:
“Hörmətli müsyölər və madamlar. Ümid edirəm ki, gündəlik hadisələri yaxından izləyirsiniz. Bu yaxınlarda bir jurnalda oxuduğuma görə Fransada 5 milyon subay qadın var. Amma onlar hardadırlar? Mən onların birini də görməmişəm. Üç il yarımdır ki, təkəm”.
Qatarda gülüşmə...
Oğlan monoloqunu bitirir və deyir: Mənim səmimi düşüncələrimi bölüşmək istəyən varsa diqqət çəkmədən növbəti dayanacaqda ensin. Perronda ona qoşulacam.
Qız enir qatardan.
Oğlan onun enməsini görüb kədərlə deyir: “Xanım bu bir tamaşa idi”.
Bu da filmin “Youtube”də linki: http://www.youtube.com/watch?v=hO_0kCaYurA
Bu filmi sosial şəbəkələrdə paylaşdım.
Hamı qadına qarşı olan bu hərəkəti pisləyirdi amma hansının CV-sində bir qadının göz yaşları yox idi ki?
Hansı bir qadının dağınıq yatağında buraxıb getməmişdi ki?
Hansı bir qadını ağlatmamışdı ki?
Bu ölkədə özünü yüzlərlə kişi adlandıran məxluqlar qadınlarla sevişmələrini götürüb internetə yerləşdirmirmi?
Onların həyatının üstündən markerlə qara bir xəttə çəkmirmi?
Qadınları “fırlandığım”la “istədiyim” kimi iki sinifə ayırmırmı?
Qadından istədiyini alana qədər dünyanın ən yaxşı, alandan sonra dünyanın ən murdar adamına çevrilmirmi?
İstəyi gerçəkləşəndən sonra Tolstoyun belə yaza bilməyəcəyi mürəkkəb bir metamarfoza keçirtmirmi?
Təkcə eşq məsələsində deyil ki.
Qadın təkcə sevgili deyil ki.
Qısası, bu cür tamaşaları çox görmüşük.
CV-mizdəki qadınlar çox vaxt bizdən zülm görürlər.
“Kişi ağlayar, amma ağlatmaz” sözü ideal bir vəziyyəti ifadə edir.
Hər zaman uzaqda olan bir idealı..
CV-mizdəki qadınlar
1 mart 2011
13:25
2745 dəfə oxunub