Anar: “AYB-nin 1400 üzvü yaza bilmir” MÜSAHİBƏ

Anar: “AYB-nin 1400 üzvü yaza bilmir” MÜSAHİBƏ
12 dekabr 2012
# 11:24

Qan Turalının Anarla müsahibəsinin II hissəsini təqdim edirik.

Birinci hissəni burdan oxuya bilərsiniz

“Cavanlığımın heç bir idealına xəyanət etməmişəm”

- Sovet zamanı kənd və şəhər nəsri bölgüləri vardı. Bu bölgüyə indi o zaman olduğu qədər qabarıq rast gəlmirik. Amma o zaman indi də populyar olan bir bölgü var və bu bölgü şəhər-kənd bölgüsü qədər bəsit olmamaqla bərabər eyni zamanda təkcə Azərbaycana xas olan bir bölgü də deyil. Söhbət “literaturşina”dan gedir. Mən şəhər-kənd bölgüsünü bu söhbətə təsadüfən salmadım, çünki Azərbaycan ədəbiyyatında qəbul edilmiş fikrə görə kənd yazıçıları həyatdan, şəhər yazıçıları isə romandan gəlirlər. Mənim tamamilə naqis hesab etdiyim amma ədəbi fikrimizdə özünə yer eləmiş bu fikir məhz belədir. Yəqin ki, siz də mənim müşahidəmlə razılaşarsınız. Yenə başqa bir müşahidəmi bölüşüm. Siz şəhər həyatından yazmısınız, mütaliənizin böyüklüyünü rəqibləriniz də təsdiq edir. Özünüzü “literaturşina” sayırsınızmı? Ümumiyyətlə, bu haqda nə düşünürsünüz?

- Mən qəbul edirəm ki, Azərbaycan həyatının böyük bir hissəsi kəndlə bağlıdır. Doğrudan da kənd nəsri həyatdan gəlib. Ancaq bir müəllim, bir həkim, ədliyyə işçisinin ailəsində dünyaya göz açan adamın yaşadıqları həyat deyil ki? O da həyatdır. Həyat ancaq kənddən ibarət deyil axı. Kənd çox mühümdür, mən bunu qəbul edirəm. Ancaq demək ki, şəhər nəsrinin hamısı ədəbiyyatdan gəlir, bax, bu düzgün deyil. Ədəbiyyatdan gəlməyə qalsa, kənddən gələn yazıçılar da gəlir. Kənddən gələn yazıçılar bəyəm Aytmatovu, Şukşini oxumayıblar? Oxuyublar da, təsirinə də düşüblər. Biz də oxumuşuq, biz də təsirlənmişik. Təsirsiz yazıçı olmur. Kimsə hansısa təsirlə gəlir ədəbiyyata, amma onun öz fərdi güclüdürsə, təsirlərə üstün gəlir. Öz fərdi güclü deyilsə, onda elə təsir altında qalır.

- Siz özünüzü hansına aid edirsiniz? Borxes deyir ki, mən ədəbiyyatdan gələn yazıçıyam və bununla fəxr edirəm...

- Borxes kor idi də, ona görə elə deyir (gülür). Mənim gözlərim açıqdır. Sənə deyim ki, Borxes mənim yazıçım deyil. Başa düşürəm ki, böyük yazıçıdır, ancaq mənə yaxın yazıçı deyil. Mən Prustu daha çox sevirəm. Cavanlıqda Heminqueyi sevirdim və cavanlığımın heç bir idealına xəyanət etmədiyim kimi ona da xəyanət etməmişəm. Cavanlığımda mənə ruh verib. İndi Heminqueyi ciddi yazıçı hesab edirəm. Ancaq əlbəttə başa düşürəm ki, Prust, Folkner daha böyük yazıçıdır.

- Kamal Abdulla necə sizin yazıçınızdır, yoxsa yox? Borxesdən söz düşüb deyə soruşuram…

- Kamal Abdulla istedadlıdır. Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, hamı mənim yazıçımdır. Hamı deyəndə istedadlı adamları nəzərdə tuturam. Hamısını qəbul edirəm, o cümlədən də Kamalı.

“Nərminlə Şərifi oxumağa nə vaxtım, nə də həvəsim oldu”

- Mətbuatda çap edilmiş “Orxan Pamukun şəhəri və dünyası” məqaləniz çoxdan unutduğumuz bədii-estetik polemikalara səbəb oldu. Nərmin Kamal və başqa bir yazıçı Şərif Ağayarın yazdılar ki, Siz Ekodan sitat gətirirsiniz, amma sitat onun mənfi qəhrəmanı Xorxedəndir..

- Allah eləsin ki, mənlə mübahisə edənlər həmişə ədəbi çərçivədə etsinlər, böhtan atmasınlar. Nərmin Kamalı oxumamışam, adını eşitmişəm. Ancaq Şərifi tanıyıram. Bu məqalələr barədə mənə demişdilər, ancaq oxumağa nə vaxtım, nə də həvəsim oldu.

- Yeri gəlmişkən, belə görünür ki, əleyhinizə nə yazırlarsa, sizə deyirlər, ancaq lehinizə olanları yox...

- Vaxtilə Hüseyn Abbaszadə mənə deyirdi ki, oxuma belə şeyləri, əsəbiləşərsən, qanın qaralar. Sonra əlavə edirdi, dünən qəzetdə sənin haqqında yazı çıxmışdı, onu oxumadın? (gülür). Mən oxumağı daha çox istəyirəm, çünki oxumayanda və gəlib sənə deyəndə elə bilirsən ki, nəsə dəhşətli bir şey yazıblar. Oxuyursan və görürsən ki, bir fındıq, ciddi qəbul eləmək lazım deyil.

- Qayıdaq bundan öncəki sualımıza...

- Mən Xorxeni tərifləmirəm, sadəcə onun fikrini yazmışam. Bu, əsərin əsas ideyası olmaya bilər. Ancaq ona görə yazmışam ki, “Oğuznamə”lərin birində bu fikir eynilə var.

“Ermənilər heç vaxt belə əsər yarada bilməzlər”

- Mən bir ildir ki, Mirzə Cəlil haqqında böyük bir esse yazmaq fikrinə düşmüşəm. Bir xeyli də yazmışam. Bu yazıya hazırlaşanda sizin əvvəllər oxuduğum “Anlamaq dərdi” essenizi yenidən oxudum. Məqaləni qurtaranda sonda tarixə gözüm sataşdı: “1967”. Məsələ bundadır ki, sizin bu məqaləni indi mənimlə eyni yaşda olanda yazmısınız. 50 il fərqlə eyni yaşda yazıçıların Mirzə Cəlilə müraciət etmələrinin səbəbi nədir?

- Mirzə Cəlilin nəsri də, publisistikası da aktualdır. Təbii ki, ədəbiyyatı bilirəm və sevdiyim əsərlər də çoxdur. Ancaq ən çox sevdiyim “Dədə Qorqud”, Füzuli, Mirzə Fətəli, Mirzə Cəlil və Sabirdir. “Dədə Qorqud”u və adını çəkdiyim şəxslərin əsərlərini beş-on ildən bir oxuyuram. Böyük əsərlərin bir xüsusiyyəti var ki, hər yaşda adamla o yaşın dilində danışır. Məsələn, mən “Dədə Qorqud”u 15 yaşında oxuyanda o tamam başqa mənada indi, indi oxuyuram tamam başqa mənadır. Mirzə Cəlili müstəqillik dövründə oxuyanda Sovet dövründəkindən tamam fərqli şeylər gördüm. Təbii ki, bu cür yazıçılar hər dövrün müasiridir. Mirzə Cəlil bundan 50 il sonra da aktual olacaq.

Mirzə Cəlil ermənilərlə münasibətləri çox dəqiq təsvir edib. Ermənilər bu gün də “Kamança”nı millətçi əsər sayırlar. Halbuki, humanist əsərdir. Ermənilər heç vaxt belə əsər yarada bilməzlər. Beynəlxalq bir kitab vardı, İsveçrənin təklifi ilə rus və ingilis dillərində çap edilmişdi. Çapdan qabaq mənə də müraciət etmişdilər, mən də bir yazı qələmə almışdım, “Kamança”nın da məzmununu yazmışdım. Şuvalani Petrosyan vardı, mənim yazımı, “Kamança”nı tənqid etmişdi. Yazıb ki, “Kamança”da ermənilərin əsir düşməsi, güllələnməsi göstərilir. Mən də ona bir yaxşı cavab yazdım, kitabımda da var. Onlar Mirzə Cəlil humanizmini də başa düşmək iqtidarında deyillər. Azər Turanın bir yazısı vardı, oxudum, xoşuma gəldi, ancaq belə bir fikir yazmışdı, niyə bizim yazıçılar erməniləri ifşa edən şeylər yazmırlar? Mən də özüm-özümə dedim ki, bizim yazıçılar heç vaxt Rakvi, Zori Balayan ola bilməz.

- Erməni məsələsinə Cəlil Məmmədquluzadə kimi yanaşmayan yazıçılarımız da var. Özü də bunlar ikinci-üçüncü dərəcəli yazıçılar deyillər. Məsələn, Mövlud Süleymanlının adını çəkmək olar.

- Mən Mövludda elə bir şey görmürəm, ola bilər bir az ifrata varır, ancaq o, əsl yazıçıdır. Bizdə Zori Balayan, bu cür ədəbiyyat olmamalıdır. Guya bunların ən yaxşısı Abovyandır, ancaq onda müəyyən şeylər var. Onlarda az-çox Tumanyanda humanist motivlər var.

“Rafiq Tağının ölümünə acıyıram”

- Sizin Hrant Dinkin ölümünə münasibətiniz də “Kamança” humanizmindən kənarda idi...

- Jurnalistin ölümünü qınayıram. Amma türklərin “Biz hamımız erməniyik” deməsini qəbul edə bilmirəm. İndiyə qədər bir dəfə dedilər ki, biz hamımız qarabağlıyıq? Rafiq Tağı ilə bağlı ilə səsləndirdiyim fikirlər haqqında yazmışdın, ancaq üzünə deyim ki, düz yazmamışdın. Mən demişəm və yenə təkrar eləyirəm, Rafiq Tağı istedadlı yazıçıdır, cavanlıqda da mənə yaxın olub, məktublar yazmışdı. Sonra başladı Füzulini, Cəlil Məmmədquluzadəni, Səməd Vurğunu, Əbülfəz Elçibəyi təhqir etməyə. Axırda da peyğəmbəri təhqir etdi. O tutulanda bir nəfərdən xahiş etdim ki, onu buraxsınlar. Dedi ki, Allah haqqı, onu buraxsaq, öldürəcəklər. Rafiq Tağının ölümünə acıyıram. Amma bu o demək deyil ki, onun yazdıqlarını qəbul edirəm. Mənim sözlərimi elə yozurlar ki, guya mən demişəm, yaxşı eləyib öldürüblər. Allah eləməsin, belə şey nə ağlıma gələr, nə də dilimə. Belə şeylərdə diqqətli olun. Sizin də sözləri təhrif edirlərsə, deyin təkzib versinlər.

“1500 üzvümüz var, onlardan bəlkə də yüzü yazıçıdır, 1400-ü yox”

- Qurultayı nə vaxt keçirməyi düşünürsünüz?

- Qurultayı aprel ayında keçirməyi planlaşdırırıq.

- Qurultayla bağlı görülməmiş hansı işlər qalıb?

- Gəlib qeydiyyatdan keçmirlər. Dəqiq bilmirik ki, nə qədər üzvümüz var. Neçə dəfə qəzetdə elan vermişik ki, gəlin qeydiyyatdan keçin. Gəlib götürmürlər. Təxmini bilirik ki, 1500 üzvümüz var, ancaq üzvlərin dəqiq sayını bilmirik ki, nümayəndələr seçək. Araya da müəyyən şeylər düşdü: binanın təmiri, bizim 75 illiyimiz, yubileylər və s.

O biri yaradıcı qurumların son qurultayları on, iyirmi il bundan əvvəl keçirilib, heç bunu demirsiniz.

- Namizədliyinizi verəcəksiniz?

- Hələ dəqiqləşdirməmişəm qurultayqabağı baxarıq.

- AYB-nin, xüsusilə də onun ədəbi orqanlarının fəaliyyəti tənqid edilir. Bu tənqidlər hələ son qurultaydan əvvəl də vardı, indi də var. Amma indi də bu tənqidlər olur və maraqlıdır ki, siz özünüz də Kulis.az-a verdiyiniz müsahibədə “Ədəbiyyat” qəzetinin ünvanına tənqidlər səsləndirmişdiniz. Nəyə görə bu jurnallar və qəzetlərin tirajı AYB üzvlərinin sayından da aşağıdır?

- Yazıçılar Birliyinin üzvləri heç ildə 10 manat üzvlük haqqı vermirlər. Varlısı da vermir, kasıbı da. Yəni bu adamlar ildə 10 manat tapmır ki, üzvlük haqqı versinlər? Üzvlük haqqı verməyən jurnala, qəzetə də abunə yazılmayacaq.

- Bəs bunlar bunlar necə üzv olublar?

- Bəziləri çoxdan qalıblar. Ən böyük nöqsanımız budur ki, Yazıçılar Birliyini çox şişirtmişik, üzvlər həddindən artıq çoxdur. Birini bir adam zəng eləyir xahiş edir, nəsə müxtəlif səbəblərdən üzvlər qəbul edirik. İndi 1500 üzvümüz var, onlardan bəlkə də yüzü yazıçıdır, 1400-ü yox.

“İsa Hüseynov Aytmatov ola bilmədi”

- 1987-ci ildə Yazıçılar İttifaqının İdarə Heyətinin plenumundakı çıxışınızı “Şəhidlər dağı” kitabınıza daxil etmisiniz. Orda deyirsiniz ki, 60-cılar Çingiz Aytmatov kimi parlaq bir fərd yetirmədi. 25 il əvvəl söylədiyiniz bu fikri bu gün də təsdiq edirsinizmi?

- Ədəbiyyatda bəxt amili də önəmlidir. Aytmatovun bəxti gətirdi. İsa Hüseynovun ilk povestləri Aytmatovun ilk povestlərindən bədii səviyyəyə görə daha üstün idi. Amma sonra Araqon Aytmatov haqqında söz dedi. Başladılar onu qaldırmağa, qaldırdıqca bu özü də qanadlandı. Dünyanı daha geniş gördü. Daha böyük əsərlər yazdı. İsa Hüseynov isə təəssüf ki, planetlərlə danışmağa başladı. İsaya çox hörmət bəsləyirəm, biz ona Nəsimi Mükafatı verdik. Ancaq Aytmatov ola bilmədi. Halbuki potensialı, istedadına görə ondan əskik yazıçı deyildi. O ki qaldı bizlərə, bizlərin də qiymətini nə vaxtsa verərlər.

- 60-cılar nəsri haqqında irihəcmi bir məqaləniz var. Adı “Nəsrin fəza”sıdır. Həmin məqalədə haqqında yazdığınız bir yazıçı, İsi Məlikzadə haqda sual vermək istəyirəm. Bu gün İsi Məlikzadənin adı 60-cılar sırasında o qədər çəkilmir.

- Çox nahaq yerə. O çox yaxşı yazıçı idi, yaxşı da oğlandı. O məqalədə İsi haqqında az yazmışam, gələcəkdə gərək onun yaradıcılığı təhlil edilsin, haqqında kitablar çıxsın.

- Sizə elə gəlmir ki, Yazıçılar Birliyi bu məsələdə aktivlik göstərmir.

- Bu tək Yazıçılar Birliyinin işi deyil ki. Gərək akademiya, ali məktəblər də etsin. Yazıçılar Birliyi yaradıcılıq təşkilatıdır, yubiley təşkil edə bilər, amma onun haqqında monoqrafiya yazmaq, kitab buraxmaq akademiyanın işidir, Yazıçılar Birliyinin yox. Belə bir monoqrafiya yazılsa, biz çapına kömək edə bilərik.

- “Nəsrin fəzası” məqaləsində yaradıcılığını geniş təhlil etdiyiniz yazıçılardan biri də Xalq Yazıçısı Sabir Əhmədli idi. Amma o, Fəxri Xiyabanda dəfn olunmadı, mətbuatda müzakirə olundu...

- Mən çox çalışdım ki, o, Fəxri Xiyabanda dəfn olsun, alınmadı.

“Ramiz Rövşənə Xalq Şairi adı verilməsi üçün çalışdım”

- Başqa nəyə çalışdınız, olmadı?

- Ramiz Rövşənə Xalq Şairi adı verilməsi üçün çalışdım. Mən istəmirəm ki, gələcəkdə desinlər: o boyda şairə Xalq Şairi adı verilmədi, Anar da susdu, heç nə etmədi. Sabir Əhmədovun da Xalq Yazıçısı olmağı üçün təqdimatı mən vermişəm. Sonra onu “Ədəbiyyat” qəzetinin redaktoru təyin elədim. Mükafat verdim, mükafatlar komissiyasının rəhbəri təyin elədim. Bir sözlə, mənim ona hörmətim var. Ancaq bir dəfə dedim ki, “Ədəbiyyat” qəzetinə hücumlar olur, məni yox, qəzetini müdafiə elə, redaktorsan axı. Bundan sonra yığdı başına uşaq-muşağı, başladılar mənim əleyhimə yazmağa. Sonra redaksiya qərar verdi, biz bu adamla işləmək istəmirik. Şöbə müdiri olanda normal işləyirdi, görünür, bəzi insanları vəzifə dəyişir.

Buna baxmayaraq onu həm şəhid atası kimi, həm də yazıçı kimi yüksək qiymətləndirirəm.

- Bəs başqa kimləri Xalq Şairi kimi görmək istəyirsiniz?

- Haqqı çatan çoxdur, amma mən Fikrət Sadığı, Musa Yaqubu və Məmməd İsmayılı Xalq Şairi kimi görmək istəyirəm.

Müsahibənin üçüncü və sonuncu hissəsi sabah çap ediləcək.

# 4318 dəfə oxunub

Müəllifin son yazıları

# # #