Kulis.az Akif Azalpın futbol şeirlərini təqdim edir.
Rossi nidası
Səni tərk edirəm vaxtından əvvəl,
Əlvida, barmaqlıq, bağışla, zindan!
Alqışlara boğub yelləməkdə əl,
Uzaqdan adımı hayqıran meydan!
İnam üçün sağ ol, senyor Bearzot,
Güvəndiyin səfdən gen tutmamısan.
Sağ ol, ilk eşqimtək oxşadığım top,
Ayaqlarımı heç unutmamısan!
“Dörddə bir”dir artıq, saçıb sirrini,
“Tarantella”ları sıxın ard-arda!
Ötür, Altobelli, şığı, Tardelli,
İtaliyanın şanı qoyulub karta!
Zirvələr zirvəsin fəth edəmməsəm,
Coşquya tutmasam ordan Vətəni,
Deməli, əfvinə layiq deyiləm,
Qaytarın yenidən zindana məni!
1982
Barış elçisi
Futbol kralının 50 yaşına
Üfüqlərdən birdən itir dumanlar,
Kəsir atışmalar, gülləbaranlar.
Sükut elan edib müharibəyə,
Susur qırıcılar, bombardmanlar,
Pele meydanlara çıxacaq deyə!
Atəşlər yerini verir alqışa,
Gül-çiçəklər birdən dönür yağışa.
Uzaqdan tələsib təbrik etməyə,
Öpüşlər göndərir baxış baxışa,
Barış meydanlara çıxacaq deyə!
Bir qitə yarımçıq qoyur naharı,
Bir qitə küçədə açır iftarı...
Milyardlar gözündə yüksəlib göyə,
Dəri top susdurur dəmir topları,
Pele meydanlara çıxacaq deyə!
Uzandıqca qanlı münaqişələr,
Səni düşünürəm, Sülhsevər bəşər!
Haqqın əli ilə gəlib yedəyə,
Nə vaxt susar, görən, haqsız tərəflər,
Barış meydanlara çıxacaq deyə?!
1990
Maradona nidası
Uçurdum top ilə qapıya doğru,
Yaxşı anlamadan nə baş verdiyin.
Hakimlər gözündən yayınıb oğrun,
Bəxtin başım üstdən qanad gərdiyin!
Yetər, bunca iki od arasında,
Bir yandan həqiqət, bir yandan Vətən!
Onsuz da etiraf öz sırasında
Hər şeyi yerinə qoyacaq, zatən!
Amma nə olsa da, şükür xudaya,
Ondan bəri dilim doymur duaya:
Ecazkar əlini bircə anlığa
Borc verdiyin üçün Argentinaya!
1986
Qırx birinci fənd
Dünya şöhrətli futbol ustası Joze Mourinyoya
Deyirlər ki, böyük ustalar daim
Səbatla qoruyub sirlər incisin,
Şagirdlərə fəndin qırxın öyrədib,
Dar günə saxlayır qırx birincisin!
Vaxt gəlib, şagirdlər rəqib olanda,
Ustad arzusuna atanda kəmənd,
Bütün fəndlər aciz qalıb bir yanda,
Zəfər marşın çalır qırx birinci fənd!
2010
Oğul istəyirəm
Məşhur futbol ulduzu Məsut Özilə
Oğul istəyirəm, bircə “Qol!”ilə
Öz soyuna alqış yetirə bilə!
Ərşə iddialı alman elinə
“Türkiyə, Türkiyə!”- dedirə bilə!
Oğul istəyirəm, öz ölkəsinə
Sədaqəti ərzə öyrədə bilə!
Neçə mundialın tac yiyəsinə
“Yaşasın türk oğlu!” - söylədə bilə!
Oğul istəyirəm, ən dar günündə
Dünyaya dostluğu öydürə bilə!
Sülhün beynəlmiləl qəlbi önündə
Əyilməz başları əydirə bilə!
2010
Qızıl fitin zəfəri
66-cı ilin çempionatı,
Finalı dağıdır ulduzlar cəngi.
Yalnız bir qol üçün əlbəyaxadı,
Dünya futbolunun iki nəhəngi.
London dilxor ikən, qüssəyə dalıb,
Top qapı xəttindən qayıdan kimi,
Mərkəz hakimi bir qıraqda qalıb,
Mərkəzi göstərir yan xətt hakimi!
Çarltonlar göydə, Müllerlər üzgün,
Dünya əhsən deyir qızıl fitinə:
Tükü tükdən belə seçdiyi üçün,
Tofiq Bəhrəmovun məharətinə!
1976
Ələkbər və “Milan”
İtaliyanın fəxri olmusan, “Milan”
Ancaq yadındadı, o mərdi-meydan –
Bir oyunda sənə dörd qol yağdıran
Gənc Ələkbər idi Azərbaycandan!
Sən də mərd ol! Bəxtin üzü futbolda,
Bəzən o yanadı, bəzən bəridi.
Div rəqibə səndən kim dörd qol vursa,
De ki, İtaliyanın Ələkbəridi!
1975