Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər

Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər
24 sentyabr 2021
# 17:30

Kulis.az “Deyilən söz yadigardır” layihəsindən Xalq şairi Musa Yaqubun seçmə şeirlərini təqdim edir.

Taleyin qisməti

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Dağlar çox qəribə olur gecələr

Nədir, üfüqlərə qar düşüb elə,
Bir cuna göylərdən asılıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.

Bircə qarışlıqda zülməti qırıb,
Bir şırım qar tutub qar yarğanını,
Sanki çadrasını ildırım cırıb,
Pambığı çıxıbdı daş yorğanının.
Çaylar qaranlıqda – bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.

Bütün üfüq boyu qara bir nəhəng
Uzanıb yer adlı çarpayısına.
Qorxuram yuxudan ayıla hövlak,
Göydə tufan qopa, çarpayı sına.
Bəlkə də yuxusu fələkdən gələr,
Dağlar çox qəribə olur gecələr.

Nə aydan, nə ildən hesab götürməz,
Min belə yatışla vaxtı ötürməz.
Göyün soltanlığı, yerin xanlığı,
Dünyanın ən böyük arxayınlığı,
Ömrün sonsuzluğu yatır elə bil.

Deyirəm belə bir daş yuxuluya
Bəlkə çay laylası heç gərək deyil.
Bir şirin röyadır başdan-ayağa,
Ən uzun sükutdur enib torpağa,
Ən dərin yuxudur, dərindən dərin,
Torpağın ən nəhəng kölgəsi yatır.
Vəhşi qartalların, dağkəlilərin
Qayalı-qapçaqlı ölkəsi yatır.
Ayılmaz, min dəfə harayla, hayla,
Lap belə üstündən top-tüfənglə keç,
Yəni bu səhərin açılmasıyla
Bu nəhəng uyğudan ayılarmı heç?!

Bir şirin yağışdan gəlib həvəsə,
İstərəm mən də bir dincəlim yatam.
Bu böyük yuxunun önündə nəsə
Kiçik yuxusundan utanır adam.
Yəqin ki, nəhənglər belə dincələr,
Bəlkə də ucalıq belə dincələr…
Dağlar çox qəribə olur gecələr!

Qoşma

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi, gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.

Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı, dəmirdi,
Bir üzü ağ küldü, biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.

Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Bir günah sənindir, bir günah mənim

Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq,
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bir əl gah sənindir, bir əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nikahdı,
Bir nikah sənindir, bir nikah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim...

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Saxlayanım var
Həyat yoldaşı Zöhrə xanıma yazdıgı şeir

Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işıqda saxlayanım var
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində.
Məni barışıqda saxlayanım var.

Dostlar nə o gücdə, nə o dözümdə
Üzlər gördüm əlim qaldı üzümdə.
Adımı özümdə, haqqı sözümdə
Belə qarışıqda saxlayanım var.

Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.

Təmizlik suyunda

Təmizlik suyunda çimir çöl, çəmən,
Mərdlərin çiynində durur bu həyat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Lap azalt dünyanın dövlət, varını,
Yaxşılar xeyrinə ömrü tarazla.
Ürəyin yaxşılıq damarlarını
Şaxələt bir az da, çoxalt bir az da.

Bu dağlar, dərələr çiçəkdi eyzən,
Bahara ümid ver, arıya qanad.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Arını, milçəyi yerbəyer elə
Onda bu çiçəklər pətəyə dolar.
Min pay bəs eləmir bir əyri ələ,
Min düzü bir payla yaşatmaq olar.

Bir yuva qarışqa – süfrəsi bir dən,
Bir dənlə bahara çıxar salamat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Yarat ulduz qədər - bir cana min can,
Bahar yağışını yağdır həmişə,
Yarat ilkin kökdən, ilkin damardan,
Əyrini düzəldə bilmir bu meşə.

Şərin yumruqları sındıran, əzən,
Gəl xeyri zəhmətə salma ikiqat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Nə olacaq, olacaq

Qoy indidən daş yastığa baş atım
Hansı daşa yazılacaq daş adım
Mən ki, daha gur ömrümü yaşadım,
Bundan sonra nə olacaq, olacaq

Gəlməz daha hər məclisdən sorağım
Kərəntim koş, sünbül kəsməz orağım
Öz-özünə guruldayır qulağım
Bundan sonra nə olacaq, olacaq.

Zəmilərim, xırmanlarım sovrulub
Təndə canım, sacda dənim qovrulub
Xəzəl altda gül otlarım qıvrılıb
Bundan sonra nə olacaq, olacaq.

İncilərim düşüb dərya küncünə,
Qəvvas gərək güvənsin öz gücünə,
Alıb onu çıxarsın el içinə
Bundan sonra nə olacaq, olacaq

Biganələr iqlimini görmüşəm
Bədxahların him-cimini görmüşəm
Mən özümçün başqa yuva hörmüşəm
Bundan sonra nə olacaq, olacaq

Mən dərdimi pıçıldadım dağlara
Dağlar alıb payladı oymaqlara
Dövrüm verdi haqqımı nahaqlara
Bundan sonra nə olacaq, olacaq

Bir gölüm var lap dağların dalında
Mən də elə o büllur göl halında
Səbrim daşır tufan qalmaqalında
Bundan sonra nə olacaq, olacaq

Nə olacaq?... Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram
Şimşəklərin işığını saxlaram
Bundan sonra nə olacaq, olacaq.

Təbiətin rəngi axdı gözümə
Qələmimlə fırçaladım sözümə
İnanmağa başlamışam özümə
Bundan sonra nə olacaq, olacaq

Günəbaxan zəmisinin son mahnısı

Dalğalanır, çalxalanır
Günəbaxan zəmisi
Çatışmır bu dənizin
Bircə bəyaz gəmisi

Əjdər Ol

Yüklənmişik, dolmuşuq,
Tabaq-tabaq olmuşuq;
Sənə baxa bilmirik
Günəş, bizi bağışla!

Ulduzlanıb, aylanıb,
Dan yerinə boylanıb
Sevgimizi gözləmək,
Göydə səni izləmək
Qüdrətimiz yox daha;
Örtülmürük axşama,
Açılmırıq sabaha,
Günəş, bizi bağışla.

Hansı yönə bilmirik,
Vallah dönük deyilik,
Sənə dönə bilmirik,
Günəş, bizi bağışla.

Alnımız zər baftalar,
Sarıgəlin qoftalar –
O libasda, o donda
Bəxtəvər idik onda –
Günəş, bizi bağışla.

Biz o günəşpərəstlər
Pərəstlikdən düşmüşük,
Tellərini əmərdik
O məstlikdən düşmüşük;
Günəş, bizi bağışla,
Anam, bizi bağışla!

Həsrət bizi boğanda,
Birinin son baxışı
Qalıbdır gündoğanda –
Uyğulu gözümüzü
Ayılda bilməmişik
Birimiz günbatandan
Qayıda bilməmişik,
Qalmışıq o qürubda –
Pərən-pərən baxışla
Günəş, bizi bağışla.

Arılar qanad salır
Aparır quşlar bizi.
Dənimizi qoruyan
Gözətçi daşlar bizi.

Durub qucaq-qucağa,
Əyilmişik torpağa.
Yelləndikcə göylərin
Sarıyelkən gəmisi,
Yerə enib dayandı
Yerəbaxan zəmisi –
Günəş, bizi bağışla!

Ümidin sarı qanadı

Qıpqırmızı yarpaqlarım ot üstə,
Elə bil ki payız otum qan ağlar
Gücüm yetmir meyvəsini dərməyə
Əlim sızlar, cismimdəki can ağlar

Bu ağacın beli çapıq-çapıqdı,
Dal budağın yarpaqları yapıqdı.
Cır arının şanı quru qabıqdı,
Boş yuvada lələk ağlar, şan ağlar.

Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömür qürubumda dan ağlar.

Alnımda ömrün yazısı

Alnımda ömrün yazısı,
Yazanı varsa, mən kiməm?
Taleyimin qışı, yazı,
Xəzanı varsa, mən kiməm?

Ulu göylər həmin-həmin,
Bürc altında mən bir zəmin.
Tərəzidən tərəzimin
Asanı varsa, mən kiməm?

Bir ağ dəvənin belində,
Bir dəli səhra yelində,
Bəxtimin tanrı əlində,
Ovsarı varsa, mən kiməm?

Nə biləndər, nə halıyam,
Olum, ölüm sualıyam.
Açılmış ulduz falıyam
Yozanı varsa, mən kiməm?

Cüt misra

Gözüm qaldı durnaların köçündə
Yox qanadım o əvvəlki gücündə
Mən qalmışam bax, bu gölün içində
Daha olmaz qoşalaşıb uçmağım
Uçub-uçub buludları qucmağım

Başım üstə göylər açıq darvaza
Uğur dedim qanadları pərvaza
Tək qanadla çıxmaq olmur pişvaza
Göylər mənim qanadımı neylədin?
Cüt misralı bayatımı neylədin?

Durnam, məni öz gölümdə qərib say
Zanbağımı su üstünə sərib say,
Dərdlərimi ürəyimə girib say
Yan-yörəmdə göy qamışdan hörgülər
Tənha könlüm bu hörgüdə mürgülər

Yağış düşdü sahildəki daşlara
Qoy qarışsın gözdən axan yaşlara
Bir də baxım qoşa yaşılbaşlara
Göydən düşüb yerdə qalan könlüm vay!
Tənhalıq vay, ayrılıq vay, ölüm vay.

# 2622 dəfə oxunub

Oxşar xəbərlər

# # #