Söndürə biləydim telefonu üç gün... - Rəşad Məcidin yeni şeirləri

Söndürə biləydim telefonu üç gün... - Rəşad Məcidin yeni şeirləri
21 avqust 2024
# 12:09

Bu gün şair Rəşad Məcidin 60 yaşı tamam olur.

Kulis.az bu münasibətlə şairi təbrik edir və onun yeni şeirlərini oxuculara təqdim edir.

Üç gün telefonu söndürə bilsəm...

Söndürə biləydim telefonu üç gün;

Zəng gəlir;

yazdığım yarımçıq qalır.

Üçcə gün nədir ki? -

baş verməz uçqun,

əksinə, üzümü güldürər püşküm,

bitib bütövləşər yarımçıqlarım!

Üçcə gün içində düzərdim sapa

olmuş olanları, olacaqları.

Nəğmə köhlənimi yurdlara çapar,

ruhumu salardım alaçıqlara!

Axardı vərəqə alnımın təri

"Turşsu" yaylağının mehi qarışıq.

Gözü yolda qalıb "Şuşa dəftərim",

cildinə Şuşanın şehi qarışıb!

Söndürə biləydim telefonu üç gün

o qoşa palıdın böyründən ötüb

baxardım "Turşsu"yun qaynamağına.

Adı turşdu, dadı baldan da ötə -

çəkəydim başıma "su qaymağını".

Meşə yollarına gül tutsun çıraq,

cığırı belimə dolayıb gedim.

İntizar çəkməsin "Dolayı bulaq",

tutum kəsə yolu,

dolayı gedim.

Yoxuşu qalxmağa yetsə nəfəsim

yeddinci dirəkdən dönərəm sola.

Görsəm ki, batmayıb Ceyran bulağı -

içimi doldurar muğam həvəsi,

sevincdən açılar səsim az qala!

(Bəzən də kor qoyur dövran bulağı -

quruyur son damla, kəsilir səsi...)

Uzaq xatiratlar qəlbi dağ kimi,

gör nələr yadlaşıb, fəhmimmi qalıb?

"Çarıq bulağı"nın qarşı dağdakı

səmti yaddaşımda təxmini qalıb.

Yox, gərək üz tutum Şuşa yoluna,

Zarıslı elindən bir xəbər bilim.

"Saxsı" bulağının girib qoluna

Harası sızlayır... soruşum, bilim.

"İsa bulağı"nın suyu ovcumda -

nurda göz, sərində əlim dincəlir.

Mat qaldım "Güllü bağ" səmtə çatanda

nə tez qət elədim qırx il öncəni?

Ömrü ötənlərə döndərə bilsəm,

müqəddəs anları kimə qıyardım?

Üç gün telefonu söndürə bilsəm,

"Laçın çələngi"ni hörərdim qəşəng,

"Şuşa dəftəri"ni tamamlayardım!

Təzə adam

Ayağını yer üzündən qoparar,

Şuşa səni göy üzünə qaldırar!

Nə ağrın var, qarasını aparar,

cavan ömrün gündüzünə qaldırar.

Duyarsan ki, ruhun mehdi, nəfəsdi,

Qanad taxar Şuşa sənin çiyninə

Boğazında qaynayan səs nə səsdi? -

Cəh-cəh vurmaq eşqi düşər beyninə...

Şuşa səni bulaq kimi duruldar,

Körpəliyin gül çağına dönərsən.

Xəyalına beşik olar buludlar,

Əbədiyyət yarpağına dönərsən.

Dörd yanına çəkər sehr səddini,

Başın üstdə dumanı dam eyləyər.

Sevə-sevə cilalayar qəddini,

Şuşa səni təzə adam eyləyər!

Şuşa sevgisi

Süzülür dan yerindən tarixlərin işığı -

Dahilər şəhərinin işıqdı yaraşığı!

Şəninə dastan yazır,

söz qoşur haqq aşığı,

Əcdaddan paydı, deyir,

qoca Şuşa sevgisi!

Azərbaycan əsgəri...

borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya,

tunca Şuşa sevgisi!

Çox da qıvrılır yolu;

yol piyada, can atlı!

Ün yetməz zirvəsinə çox nəsillər can atdı...

Adında qoşa heca - sanki qoşa qanaddı

Qopmuş körpə dilindən

qönçə Şuşa sevgisi!

Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,

Heyrət çökən dərələr ucalıq heyranıdı!

İndi onu cahana prezidentlər tanıdır;

Tarix görməyib əsla

bunca Şuşa sevgisi!

Qalxır hünərli şəhər, olur qızıl dirəkli

Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!

Çağlayan sevgilərin ilham mənbəyi təkdi -

Ali Baş Komandanın uca Şuşa sevgisi!

Şuşanın şaxtası loğman

Sirr açılar tapınca -

nabələd olsan əgər.

Lap geysən də yapıncı

dişin-dişinə dəyər.

Yurdun havası şəkər -

daddan doya bilməzsən,

Şaxtası sığal çəkər,

Şuşada... xəstələnməzsən!

Darıxmaram

Min dəfə, milyon dəfə

ötsəm diki, dolayı

vaxtı sayaram nəfə...

Ucalıqla baş-başa

yaşasam ili, ayı

tənha da darıxmaram,

qoşa da darıxmaram.

Sərərəm yamacına

tül ömrü, pərdə ömrü,

Dönüb bir ağacına

tapşırıb mərdə ömrü

Vursam bu yerdə ömrü

Başa da... darıxmaram:

Ucalığa tən eşqim

Şuşa deyib, uçunar

Div canı vətən eşqi

salsa büllur içinə -

şüşə də darıxmaram!

Şərafətə yüksəlir

burda canından keçən,

Şir ürəkli əsgəri

yağını ot tək biçən

guşədə darıxmaram!

Əlim göydən üzülsə,

ayağım qopsa yerdən

Əcdadlarla üz-üzə

köşədə darıxmaram,

Şuşada darıxmaram,

Şuşada darıxmaram!

Şuşa havasının sirri

Ləzzət kimə təndi,

dərd kimə tuşdu;

Biri səs qaynadır,

biri lal kimi?!

Şuşanın havası hamıya düşmür,

qismət bölünsə də sovqat bal kimi.

Hamının üzünü eyni meh öpür,

Hamının qanadlı beşiyi eyni.

Xəzinə, Daşaltı, Kirs dağı - o pir,

Cıdır düzü adlı beşiyi eyni!

Bəlkə not yazılıb hər çiçək üçün -

Neyləyək sirrini bilək torpağın?

Səsi, havacatı cücərtmək üçün

münbit olmalıdı ürək torpağı?!

Göyünmü, yerinmi töhfəsidir səs,

bilənlər var imiş bəlkə əskidən?

Kaş ki, sağ olaydı - biz bilən əbəs,

sorardıq Firudin Şuşinskidən!

Burda torağayın, burda bülbülün,

hər otun çiçəyin öz nəğməsi var.

Adam var oxumaq onunçün zülüm,

di gəl ki, bulağın, çayın səsi var!

Hava öz yerində, su öz yerində,

Qocaman muğamat qədimi oddu.

Allah vergisinin kökü dərində,

səsi nizamlayan ilahi koddu!

Sular dərindən gəlir

Enib sahil boyuna,

tapıb dayaqlarını,

dağ çayının suyuna

qoymaq ayaqlarını

sellərdən güc almaqdı,

qayalardan mətanət!

Dua kimi oxunur

sular dərindən gəlir.

Ulu vətən ruhunun

ən pak yerindən gəlir.

Sular daşa toxunur

pıçıldayıb çatdırır

babalardan vəsiyyət,

arzu, dilək, nəsihət!

Enib sahil boyuna

ayaq sallamaq suya

sədaqətdi soyuna,

düşmənə ismarışdı!

O müzəffər insana

əminlik yaraşıqdı!

Gözündəki işıqdan

çaya süzülən qürur

bu günə əmanətdi,

gələcəyə zəmanət!

Yasəmən oteli

Qəfil xəyala daldım

"Yasəmən" otelində.

Dörd yanı yasəmən, gül -

Ruhum quş kimi yüngül

Sandım hər tərəf baldı

"Yasəmən" otelində.

Dan yeri həyalı qız -

yanağına qan çıxıb.

Qarlı qış, küskün payız

fərqi aradan çıxıb

"Yasəmən" otelində.

Güldü yolu, çəpəri,

boylan sol və sağına.

Həndəvər bənövşəyi,

Həm də tər bənövşəyi.

Yasəmən qonaq pəri

döşənib yatağına

ağappaq qar döşəyi;

gülləri bənövşəyi...

"Yasəmən" otelində!

Şuşada adamlar

Gözlər seyr etməkdən yorulan deyil,

yeri, "Güllü bağ"dan milyon dəfə keç.

Könül qanad çalır, uçur elə bil

elə bil ayaqlar yerə dəymir heç!

Kim kimi görürsə,

nə xoşdu, - deyir,

Adam uca boylu, inadlı olur.

Yolları enişdi, yoxuşdu deyin

Şuşada qonaqlar qanadlı olur!

Turşsu yaylağında

32 ildən sonra

iki saatdan bir gözü açılıb axan,

pıqqapıq qaynayan suda

əlini, üzünü yusan,

"Turşsu"yun turşməzə qabarcıqlarını

havalı tumurcuqlar kimi sinənə çəkib

qurtum-qurtum udsan,

Beyninin dərinliyində

qaysaqlanan xatirələr

birər-birər düşsə yada,

Özünü palıd ağacının altında

balaca uşaq ikən

baban Mirhacib ağanın

çadırında yatan görsən,

Tutqun, çənli havalarda

dumanda, çiskində hərdən

əvvəl təkəm-seyrək damcılarla,

qapı döyülmüş kimi

çadırları dınqıldadan

qəfil leysana çevrilən

şıdırğı yağış yağanda

yorğanı çəkib başına

soyuqdan titrəyən

görsən özünü,

Ya da gün şaxə qalxanda

yığışıb göy çəmənlikdə

dostlarla oynayan

görsən özünü,

"Turşsu" doldurub şüşə qaba

çiçəkdən dəstə bağlayıb

dikə qaldıran görsən özünü

bil ki, suyun hikmətidir -

səni keçmişə göndərir

körpə uşağa döndərir...

Cıdır düzündə dan üzü

Günəşin doğulmağına

Cıdır düzündən baxmaq...

Dağların arxasından,

qıpqırmızı səmadan

haçan görünər deyə

Gözünü

dan yerindən ayırmamaq,

Qaynar təndirdən çıxan

imisti çörək kimi

əlini Günəşə sarı uzatmaq,

Ovcunu,

barmaqlarının ucunu

yandıran Günəşin

Qırağından bir loxma kəsmək...

Və təzə çörək kimi

burnunun ucuna tutub

qoxulamaq Günəşi.

Xülyalara qapılmaq,

böyümək,

ucalmaqdı,

Tanrı dərgahının

varlığına inanmaqdı

Cıdır düzündə durub

Günəşin doğulmağına baxmaq!

Kəkotu

Bir qom göy kəkotu gətirdi Məcid

Mayın əvvəlində

Cıdır düzündən.

Şehlicə-şehlicə dərmişdi becid -

Xoşbəxtlik yağırdı məsum üzündən!

Ona necə deyim sınmasın könlü -

dərməklə kəkotu azalmır, axı?!

Gözləri yumuqdu Xarıbülbülün,

Tək-tük lalələrlə yaz olmur, axı!

Kəkotu paylayır, var olsun dağlar,

Kaldan yetişmişi seçməyib hələ.

Çəlimsiz saplaqlar, körpə yarpaqlar

Günəşin nurunu içməyib hələ.

Biraz yağış tamı,

biraz daş iyi,

telindən torpağın qoxusu gəlir.

Quru meh bələyə ətir daşıyır,

Körpə kəkotudu, yuxusu gəlir!

Şehdə sərinlənər, içər gün suyu,

qaya tavasında bişər kəkotu.

Havadan, Günəşdən, Torpaqdan doyub

bizim fincana da düşər kəkotu!

Şuşaya getmək

Yollar ağır, cığırlar dik, sıldırım çətin,

Qaya-qaya igidlərin tək adı - MƏTİN!

Şəhid düşən ərənliyin, məğrur qeyrətin

pak ruhunu ziyarətdi Şuşaya getmək!

Demə vətən Şirin imiş, Fərhadmış insan,

Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!

Qayaları al qan ilə yazılı dastan,

tükənməyən fəxarətdi Şuşaya getmək!

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,

Dərələri dərin fikir, yamacı sirdaş!

Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,

Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

Xarıbülbül sevdasına tutuşmaqdımı?

Saf havayla, nur yağışla qatışmaqdımı?

Yaradanın dərgahına yetişməkdimi,

Ya cənnətə səyahətdi Şuşaya getmək?

Büllur kimi yanır par-par göyə, yerə bax!

Pərvanəsi olana bax, səməndərə bax!

Cıdır düzü bələnibdi nəğmələrə, bax,

Çal-çağırlı səadətdi Şuşaya getmək!

Dahiləri yetişdirib suyu-çörəyi,

Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.

Bəstəsinə təzim üçün Üzeyir bəyin

Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

# 981 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?

21:00 9 sentyabr 2024
"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

"Oğulsan, azlığı tənqid elə!" - Bəhram Bağırzadəyə açıq məktub

14:29 9 sentyabr 2024
Humay - Günel Natiqin hekayəsi

Humay - Günel Natiqin hekayəsi

15:00 8 sentyabr 2024
Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

11:33 8 sentyabr 2024
Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!.. - Aqşin Yenisey

15:00 5 sentyabr 2024
"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

15:00 4 sentyabr 2024
# # #