Sevgilər var bir aylıq, dostluqlar var həftəlik - Seymur Sunun yeni şeirləri

Seymur Su, şair

Seymur Su, şair

7 mart 2022
# 12:00

Kulis.az Seymur Sunun yeni şeirlərini təqdim edir.

Gec

Saatlar geri qalır, getmir normal halıyla.
Biz əqrəblər yerinə tələsirik elə hey.
Qladiator kimi kim üçünsə öl, yaşa..
Bura şahmat taxtası, dağılmalı Kolizey..
Yanlış vaxtı göstərir, gecikdirir bizləri
təmizlənməyə məhkum saat sferblatı.

Sevgilər var bir aylıq, dostluqlar var həftəlik...
Unudulur adamlar, axtarılmır bir daha..
Ölüm də yaşam kimi qaçıbdı birdəfəlik.
Əzrayıl bizi görüb bir də gəlmir iştaha..
Axtarmır xəyalında qaşıq, çəngəl izləri
soyuducu əsiri boyat paytaxt salatı..

Bahar səninlə getdi, bahardan nə qalıb ki?
Allergiyam yaranır akasiya tozuna.
Sən yollarım önündə dayanan sərt divarım.
Gücün yoxdu durmağa ittiham ordusuna.
Daha səni görəndə əsmir Su-nun dizləri..
O ölümü gözlədi, sən sehrli xalatı..


Bir azacıq

Qorxulardan yuyunub,
hisslərimi soyunub,
nə sübh görüb, nə qürub
yaşasam kaş beləcə.

Nə gizləsəz, biləcəm,
nə söyləsəz güləcəm.
Heç narahat olmayın,
Ölüm haqdı. Öləcəm.

Qəlbim qoca vağzaldı,
sərnişinim azaldı,
bədənim otuz altı,
İçim yüz min dərəcə..

Bir gün qatara dönüb,
qaçıb sizə gələcəm.


Kapitan

Sükunət - insanı öldürmə səsi!
Bu üsyan bəndidi, gecənin ruhu.
Körpə qığıltısı, ölü nəfəsi,
Gələnin canıdır, köçənin ruhu.

Cibində son qəpik pulun bitməsi,
Doğulmaq və ölmək, qalan mızmıza.
İnsanın yox olub burdan getməsi..
Bəlkə də, məqsəddir həyatımıza...

Səhər oyanırsan, gün bitsin elə...
Gecəni yatırsan, səhərə oyan...
Qorxulu bir yuxu görməsən belə
Qorxulu yuxutək yaşadıq, insan!

Vətəni unutdun, fərdi unutdun,
Rahatlıq vermədi şəhəri, kəndi..
Ha qaçmaq istədin, boynundan tutdu,
Yıxdı da sürüdü qəddar kəməndi...

Nə vətən, nə sənsən, nə də ki, tanrı
Elə boşluqdayam özümdən sarı...
Nə doğma, nə də ki, özgə bir dərdim,
Sadəcə imkanım olsa... gedərdim.

İndi peşmanam, bilməm nöş axı
Niyə su axır ki, elə aşağı?
Niyə su qalxmır ki, dağın başına?
Nədən su qar üçün olmur aşina?

Allah da unudub bizi ortada...
Bu şeir heç kimin vecinə deyil
Yaslarda mollayıq, toyda tamada
Sənət alət oldu məqsədlərə bil...

İndi ki, anladın, unut məni də.
Kapitan, gəl batır ümidlərimi..
Sən üz get, gəl unut bizi gəmidə
Yem et balıqlara dərd-sərimi..

Göl

Bu gölü səssiz saxla, izlə.
Daş atma qəti!
İnanmıram, bir dəli şeytan
"Götür daşı vur" deyəcək.
İnanmıram, lap atmasam da o daşı
içindən bir qurbağa
boylanacaq, "qurr" deyəcək.
Bu göl də danışar.
Bəs
tək mənim içimdə mi bu susqunluq?

Çay balığı

Kədərli bir balığam
Guya okean bəhanəsiylə
atılmışam quma.
Nə yaşamaq, nə ölmək,
nə ağlamaq, nə gülmək,
nə unutmaq, nə bilmək..
Heç bir şey istəmirəm..

# 5357 dəfə oxunub

Oxşar xəbərlər

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

13:30 6 sentyabr 2026
Unut məni, aldat məni, at məni - Məmməd Araz

Unut məni, aldat məni, at məni - Məmməd Araz

14:10 5 sentyabr 2026
"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

12:30 4 sentyabr 2026
"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

17:00 2 sentyabr 2026
"Sən elə gəlirsən ki, gedənə oxşayırsan..." - Tofiq Abdinin şeirləri

"Sən elə gəlirsən ki, gedənə oxşayırsan..." - Tofiq Abdinin şeirləri

14:30 1 sentyabr 2026
"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler

"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler

16:30 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər