Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər

Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
4 avqust 2021
# 09:01

Kulis.az şair, esseist, yazıçı Nərmin Kamalın yeni şeirlərini təqdim edir.

Yeni Klinika

atam ayaqqabı fabrikində işləyirdi
anam qısqanırdı onu bütün qadınlara
ən çox da həkiminə fabrikin

bəzən alma, pirojna götürüb anam,
əlimdən tuturdu, ora gedirdik,
amma içəri girmir,
ağaclıqda gizlənirdik

mən orda yeyirdim özümçün
pavidlalı pirojna, alma,
anam baxırdı fabrikə, deyirdi -
aha, indi çıxacaq atan bir qadınla

atamsa tək çıxırdı,
kişilərlə çıxırdı,
bəzən də çıxmırdı

O niyə sənin halına qalır?!
Nə qədər həkimə gedirsən?!
Gündə təzyiq ölçdürürsən?!
evimizin adi sözü-söhbətiydi
o fabrik anamın gözündə o həkimdi

göstərə bilmədi atam
o qadınla heç bir işi yoxdu,
anam göstərə bilmədi var,
savaşa-savaşa, dalaşa-dalaşa ayrıldı onlar
unutdular bir-birini,
ya da unutmadılar

indi böyük qızam
baxıram şəhər böyüyüb
ayaqqabı fabriki olub Yeni Klinika
həmin ağaclıqdı, həmin bina
elə bil şişib o həkim, böyüyüb olub klinika,
elə bil artıb törəyib, qarnından çoxlu həkimlər çıxıb,
sehrli çubuğuyla o qadın
sexləri palatalara, dəzgahları “UZİ”lərə döndərib,
O fabrik necə ki anamın gözündə həkimdi,
Elə də olub böyük bir həkim.

Sərdabə

Öləndən sonra da
indiki evimdə yaşamaq istərdim
güllərimi suvarardım səhərlər,
muncuq düzərdim günortalar,
girlənərdim o yana, bu yana
darıxmazdım tək başıma axşamlar.

Öləndən sonra da
indiki kimi yaşayardım,
çıxmazdım bayıra, bacağa,
ürkütməzdim diriləri ölü canımla
söz verərdim kimsə bu işin sahibi, Ona,
pəncərəni də açmaz, boylanmazdım bir yana.

Madam ki ölüyəm, özümü aparardım ölü kimi,
nə yeməkdə olardı gözüm, nə eyş-işrətdə
qalardım evimdə - sanki qəbirdə
nə fərqi, ya torpağın altında, ya üstündə.

Öldümmü, mismarlardınız qapımı çalın-çarpaz,
gedərdiniz, lütfən,
sakitcə qalardım min il, milyon il bu evdə,
min il, milyon il bu evdə.

Peşmanlıq

Sən əvvəl qoymurdun sevəm səni,
Necə ki, dirilərin yuxusuna girən bəzi ölülər
“qayıt” deyirlər, “hələ cavansan”

Əl çəkmirdim mən,
Gedək, gedək – deyirdim, apar,
məni də özünlə apar

Sonra sən yaman bir ölütək gəldin
“hələ cavansan, qayıt” demədin, “tezdi” demədin,
demədin “səni evdə gözləyirlər”,
“Gəl” – dedin, “gedək mənimlə”

Getdim səninlə əl-ələ, süzdüm işıq dəhlizində
döndü başım özgə eynəyindən baxana
dünya necə bulanırsa elə

Düşdüm sənin diyarına, düşən kimi peşmanladım
Sən əslində beləymişsən
beləymiş sərhədin o üzü. Vurnuxdum

torda balıq tək vurnuxdum
gördüm mavi havada sərxoş aşiqlər
ünvan sorar tək keçdim qabaqlarına
dedim, necə dönüm geri, necə çıxım burdan?
necə atım başımdan bu eşqi?
Əsnədilər əlləri ağızlarında:
“Heüç neüücə”, “Heüç neücə”.

Çörək

Arxadan təlaşla çağırdılar məni:
- Çörək al!!!
Çörəkmi? Nə yaxşı!
başqa söz də ola bilərdi
bu təlaşın yanınca

Nə yaxşı, kimsə ölməyib,
dostlardan, qohumlardan
pişik də düşməyib eyvandan

Dava başlamayıb təzədən,
bombalanmayacaq şəhər bir azdan

Nə yaxşı gəlib qovan yoxdu komamızdan
Bu şəhər bizimdi, qaçın deyən yoxdu

Kəsməyiblər kiminsə başını
Öldürüb yandırmayıblar bir tanışı

Sadəcə bir çörək, nə yaxşı,
Gələndə alacam, alacam gələndə.

Hanı?

Ərimin babası komaya düşcək
yığdım şeylərini qara torbaya
atdım məhləmizin zibilqabına

Üçmü ay keçdi, beşmi, sağaldı baba,
qayıtdı xərəklə çıxdığı evə
öz ayağıyla

Dedi hanı mənim protez dişlərim?
Hanı kəmərim?
Hanı mayka-tumanım?
Hanı üzqırxanım?
Hanı ayaqqabılarım?
Hanı mənim eynəyim?
Hanı ətirim?
Hanı mil-mil köynəyim?

# 4573 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
#
#
# # #