Müharibədən belə yazan olmadı – Günün şeiri

Müharibədən belə yazan olmadı – Günün şeiri
20 oktyabr 2021
# 10:59

Bu gün tanınmış şair Əhməd Cəmilin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən onun müharibə mövzusunda yazılmış ən gözəl şeirlərdən olan “Can nənə bir nağıl de” şeirini təqdim edir.

- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrüm-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...

Əhməd Cəmil — Vikipediya

# 10743 dəfə oxunub

Oxşar xəbərlər

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

13:30 10 may 2025
"Deyəsən, gedənlər qayıtmayacaq" - Ən gözəl müharibə şeirləri

"Deyəsən, gedənlər qayıtmayacaq" - Ən gözəl müharibə şeirləri

10:00 9 may 2025
Daha məndən sevgi umma, əzizim... – Günün şeiri

Daha məndən sevgi umma, əzizim... – Günün şeiri

18:39 7 may 2025
"Bu gün doğum günümdür, borclarımı düşünürəm" - Sevinc Elsevər

"Bu gün doğum günümdür, borclarımı düşünürəm" - Sevinc Elsevər

15:00 6 may 2025
Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

12:10 6 may 2025
"Bu imanlı iblisi dəli cinə bağışla..." - Ağa Laçınlı

"Bu imanlı iblisi dəli cinə bağışla..." - Ağa Laçınlı

15:20 5 may 2025
# # #