Heç kimin itirmək istəmədiyi əl ağacı... – Yeni şeirlər

Heç kimin itirmək istəmədiyi əl ağacı... – Yeni şeirlər
5 dekabr 2022
# 17:00

Kulis.az gənc şair Cavid Qasımovun şeirlərini təqdim edir.


O gün yadımdadır, qarışqalar da
Yeraltıbahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.

O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır, çarpayısında
uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.

O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.

O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itkin düşmüş ata evində.

O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əlağacından.

O gün yadımdadır, xatırlayıram
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
– Yadımda deyil...

**

Bəxtim, gec gəlmisən, nə deyim sənə,
Dilimin ucunda sözüm axsayır.
O qədər gecikdin, gecikdin ki, bax,
Səninçün yol çəkən gözüm axsayır.

Soruşma, bəs sənin səbəbin nədi,
Əllərin qapımı niyə döymədi?
Qapını döyməyə üzüm gəlmədi,
Haçansa gələrdi üzüm, axsayır.

Yolboyu qarşına çıxan ləpirin,
Biri çox dayazdır birisə dərin.
Min ildir saçların tapdayır yerin,
Ayağım axsamır, izim axsayır.

Sənlə birgə keçən günlərim hanı?
Talanıb canımın olan qalanı,
Özgənin başına balınc olanı,
İndi də çiynimlə dizim axsayır.

Bəxtim, xoş gəlmisən, gedə bilərsən,
Açmazdım qapımı bilsəydim sənsən.
Çətin bu ocaqda sən isinəsən,
Ocağım yansa da, közüm axsayır.

***

Əl ağacıyla nöqtəsi qoyulmuş
İki sətirlik şeirdi ayaq izləri.

Çoxdur
Sağdan oxunan,
Soldan oxunan
Bir sətirlik şeir.

Bəlkə də, şairin itirdiyi qələmdir
Heç kimin itirmək istəmədiyi əl ağacı...

***

Əcəl dünən canın aldı birinin
Bu tələsən adamların içindən.
Üst-başını axtardılar sənədçün,
Çiçək çıxdı ölənin döş cibindən.

Kimsə onun tanımadı, bilmədi,
Kimliyini, soyadını, adını .
Mızıldandı yoldan ötən adamlar,
– Əcəl bilir öz ağzının dadını...

Yazıq adam öləndə də hamıdan
Gizlətmişdi sinəsində birini.
Nə bilsin ki, döş cibindən tapılan
Bu Allahsız çiçək deyər yerini.

Əcəl dünən canın aldı birinin,
Çiçəyəcən ciblərimi boşaltdım.
Sonra kimsə uca səslə çığırdı,
- Heç nəyi yox,
Ciblərinə əl atdım.

***


Aşiqin könlündə peykan olmalıydı, olmadı,
İçdiyi gözdən axan qan olmalıydı, olmadı.

Dəmbədəm səhraboyu divanələr zəncirləyən
Bir dənə zülfi-pərişan olmalıydı, olmadı.

Yarə canın verməyə fürsət gəzirlər, məndəsə,
Yarə canın verməyə can olmalıydı, olmadı.

Öylə ayrıldıq səninlə, bir müqəssir tapmadıq,
Əvvəl-axır kimsə peşman olmalıydı, olmadı.

Bəxt karvanın yolun itlər kəsiblər, neyləyim,
Mən duran yerdə o karvan olmalıydı, olmadı.

Kürsüsün qəsb etdilər, viranə qalmış evlərə
Qəlbimin bayquşu sultan olmalıydı, olmadı.

Qeys məcnun olmağı səhvən seçibdir, mən bilən,
Yazıq əslində qəzəlxan olmalıydı, olmadı.


****


Saymağı ilk öncə adəm barmağından öyrənir,
Ömrünə az qaldısa, qəm qaysağından öyrənir.

Ağlamaq hissin buluddan öyrənənlər, gülməyi
Ağladıqdan sonra da göyqurşağından öyrənir.

Təkliyin zəncirlərin qırmaq çətindir, yaxşı ki,
Körpəlik vaxtında hər kəs qundağından öyrənir.

Bir fəsillik kölgəsin tərk eyləyib, getmək nədir,
Üç fəsildir ki, ağac öz yarpağından öyrənir.

Yoxdu Caviddə nəsə öyrətməyə, mən görmüşəm,
Gah solundan öyrənir, gah sağından öyrənir.

# 5148 dəfə oxunub

Oxşar xəbərlər

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

11:30 22 avqust 2026
"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

16:30 21 avqust 2026
"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

10:30 21 avqust 2026
"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

17:10 20 avqust 2026
"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

14:10 20 avqust 2026
"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

15:00 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər