Hansı küçə qadını tək olanda ağlamır? - Yeni sevgi şeirləri

Ümüd Abbas Nihani, şair

Ümüd Abbas Nihani, şair

8 dekabr 2021
# 17:20

Kulis.az Ümüd Abbas Nihaninin yeni şeirlərini təqdim edir.

Zamanı durdurub heçə çatmışam,
Əqrəbi qırılmış bir saatmışam,
Sən çıxıb gedəndən yasa batmışam,
Sən elə bilirsən peşman olmadım.

Məndə toxum oldun, bitə bilmədin,
Bəlkə də, günəşə yetə bilmədin,
Niyə birdəfəlik gedə bilmədin?
Mən ki sən istəyən insan olmadım.

Günahkar mənəm ki yarımçıq qaldım,
Qəlbindən süzülüb gözünə doldum,
Başdan ayağacan "xəyanət" oldum,
Başdan ayağacan "vicdan" olmadım.

Dərdimi böyüdüb insan elədim,
Həsrətə ağrıyla üsyan elədim,
Sənə hər şeyimi qurban elədim,
Bircə gedişinə qurban olmadım.

***

Qurban sənə, heç olmasa şəklimi,
Məndən qalan xatirətək əzizlə.
Bir qapını iki nəfər açsa da
Biri keçdi, biri qaldı bu üzdə.

Sən gedəndən dərdə döndü gecələr,
Günümə bax, səhərəcən iç elə,
Daş-kəsəkdi sənə gələn küçələr,
Heç olmasa pəncərəni təmizlə.

Sənin qədər sevmədim ki heç kimi,
Getdin, qazdın gedişinlə qəbrimi,
Mən sahildə danışanda dərdimi,
Qağayılar ağlayırdı dənizdə.

Səndən qabaq olanların, nəfəsim,
Nə gülüşü yadımdadı, nə səsi,
Bu həsrət də xəstəlikdi, çarəsi.
Nə Allahda tapıldı, nə də bizdə.

***

Səndən sonra yaşamadım, bilirsən,
Səndən sonra bacarmadım sevməyi.
Səndən sonra dadı qaçdı hər şeyin,
Səndən sonra bəyənmədim heç nəyi.

Ürəyimi milyon yerdən qırmısan,
Sənə qurban olsun təki hər qırıq.
Mən sadəcə səndən sonra anladım,
Anladım ki belə olur ayrılıq.

Baxışını, gülüşünü, qoxunu,
Unutmuram, ay gözümün qarası.
İndi sənə necə deyim nə oldu?
Səndən sonra olmadı ki sonrası.


Unut məni, çəkmə ağrı, çəkmə dərd,
Nə qalıbsa, məndən yandır, yox elə.
Səndən sonra bilirsənmi necəyəm?
Səndən əvvəl necəydimsə bax elə.


Küçə qadını

Nə gözəl mənzərədi gecələri gözləmək,
Darıxmaq! Darıxmağın özü üçün darıxmaq.
Kabus xatirələrin vahiməsindən qaçıb,
Qoynu sükunət dolu səssiz küçəyə çıxmaq.

Gəzişərsən küçədə, qulağında qulaqlıq,
Fonda dahi Şopenin əsrarəngiz “Aprel”i.
Oturub skamyada fikir edərsən, birdən
Səssiz-səssiz toxunar sənə kiminsə əli.

Səksənərsən qəfildən, çevrilərsən, baxarsan,
Dağınıq saçlarına baxıb ürəkdən gülər.
Gecənin bu vaxtında darıxan bir adama,
Küçə qadının da nəvazişi xoş gələr.

Çalışar cəlb eləsin fikrini hər şeyiylə,
Süzgün baxışlarına bir az gülüş də qatar.
Küçə qadınlarının demək olar hamısı,
Bədənlərindən qabaq gülüşlərini satar.

Bu qadın unutmayıb pak olan vaxtlarını,
Gözlərindən hələ də uşaq saflığı damır.
Bədənində pak olan təkcə göz yaşlarıdı,
Hansı küçə qadını tək olanda ağlamır?

Doğmalıq hiss edirəm hər döngədən, hər tindən,
Xəfif xatirə yatır şəhərin hər yerində.
Elə bil küçənin də ümidləri puç olub,
Çoxdan yandırılmayan işıq dirəklərində.

Səhər də süpürgəçi xala gələcək bura,
Gecə yenə bu qadın atılacaq gecəyə.
Sonra da mən çıxacam gəzişməkçün, deyəsən
Bəxti gətirməyənlər yığışıb bu küçəyə.


Barış get

Dünya ağ-qaralaşıb, səslər qırıq-qırıqdı,
Gedirsən, o yol, o sən, izləri əmanət et.
Bu gediş-gediş deyil, bu gediş ayrılıqdı,
Amma küsülü getmə, qurban olum, barış, get.

Elə gözəl gedirsən, nə intizar var, nə qəm,
İndi də küçələri sənsiz-sənsiz gəzərəm,
Gedişi dözülməzim, gedişinə dözərəm,
Təki bilim, xoşbəxtsən, eybi yoxdur, yığış, get,
Amma küsülü getmə, qurban olum, barış, get.


Görüştək vidalaşaq, “Sağ ol, gülüm, necəsən?”
Unudular nə şəhər, nə yol, nə küçə, nə sən,
İstəmirəm görəndə yanımdan düz keçəsən,
Soruş, narahat olma, nə sözün var, soruş, get,
Amma küsülü getmə, qurban olum, barış, get.

Mən həsrət qalsam belə, toxunar yuxum sənə,
Yadlaşar üzüm-gözüm, yadlaşar qoxum sənə,
İcazə ver, son dəfə doyunca baxım sənə,
Gözümdən itənəcən yolu qarış-qarış get,
Amma küsülü getmə, qurban olum, barış, get.

Nə mənasız gedişdi, nə gəmi var, nə qatar,
Bir sən varsan, bir də mən, bir də məsafələr var,
Bilmirəm gedənləri necə yola salarlar,
Bu da son əl sallama, bu da ki son baxış, get,
Amma küsülü getmə, qurban olum, barış, get.

Bu son görüş, son gediş məni kimsəsiz qoyar,
Mələklər qaçıb gedər, şeytan məni daşlayar,
Bax, hava da tutulub, indi yağış başlayar,
Xəstələnərsən axı, başlamamış yağış, get,
Amma küsülü getmə, qurban olum, barış, get.

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

17:00 19 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
O yay yadındamı, mənim mələyim? – Günün şeiri

O yay yadındamı, mənim mələyim? – Günün şeiri

12:00 9 aprel 2024
"Guya onun azadlığının həddi..." - Salam Sarvanın yeni şeiri

"Guya onun azadlığının həddi..." - Salam Sarvanın yeni şeiri

12:13 8 aprel 2024
Ay üzlü qıza məktub - Şeirlər

Ay üzlü qıza məktub - Şeirlər

00:01 29 mart 2024
"Belə ölür qadınların yarısı" - El Roman

"Belə ölür qadınların yarısı" - El Roman

20:00 28 mart 2024
# # #