Günəş çıxsa, yolumu azacam - YENİ İMZA

Günəş çıxsa, yolumu azacam - YENİ İMZA
24 yanvar 2025
# 17:00

Kulis.az Pərviz Qurbanlının yeni şeirlərini təqdim edir.

Tənha, yuxusuz, sərxoş...
Boş küçələr ana qucağı qədər isti.
İşıq dirəkləri atam kimi yol göstərən.
Günəş çıxsa, yolumu azacam.

Baxış dilənəcəm gözlərdən
Xırda təbəssüm axtaracam dodaqlarda..
Unudacam hər kəsin dilini,
Evimizin yolunu.

Nömrəsiz avtobuslarla dolu şəhər,
Hara gedəcəyini bilməyən adamlar.

Bir it tanıyacaq məni, bir pişik sevəcək...
Əllərimə yox, gözlərimə baxacaqlar.

Gözlərimdən yaş töküləcək bu şəhərin vicdanına
And olsun, bu itin, pişiyin canına!
Qorxmayacam...

Səhər açıldı,
Günəş doğmadı,
Tənha, yuxusuz, sərxoş...

***

Yalnız adamam, çox azad.
İstədiyim vaxt intihar da edə bilərəm,
Amma özümü özümə bağışlayıram.

Bağışlayıram gözümün korluğuna,
Nəfəsimin darlığına.

Yarışırlar saçlarımla dırnaqlarım,
Hansının qayçı finişinə çatacağını bilmirəm
Dırnağımdan,
Saçımdan qısa olan ömrün içində.

Dırnaqlarımı yeyəndən iməkləyirəm hər tərəfə...

Xoşbəxtlikdən ötəri ağzımın suyu axır,
Ya da ağıl dişim çıxır.

Ağrıdan çəkdiyim ah adada bir sos siqnalıdır.
Nə yaxşı ki məni Allah yaradıb, Defo yox.
Şükür!

***

İndi gözüm görməyəli ağlım elə yaxşı kəsir,
Saçım ağarmağa, əllərim əsməyə.
Ayaqlarım tələsir
Evə, işə, görüşə, hər yerə.
Tələsənlərin saat əqrəbləri qədər sürətliyəm.

Amma tələsən adamlar qədər də gecikirəm.
Evə, işə, görüşə, hər yerə.
Ölümə belə gecikirəm,
Yaşamağa gecikdiyim kimi.

Bircə vaxtında susuram.
İnanmazsan, gəl yoxla.
Məni dinləmək üçün hər şeyindən keçərsən,
Getməyindən də...

***

Məni öldürməyə gücü çatan var.
Məni yaşatmağa gücü çatan yox.
Ortada qalmışam, deyəsən, Allah,
Məni qazanan yox, məni atan yox.

Taqətdən düşərmi dizlərim indi?
Yaman adiləşib sözlərim indi.
Hamıdan su içir gözlərim indi,
Xaraba qalmışda gözə batan yox.

Bu aydın səhərin gələr axşamı,
Zəhərə çevrilib ağzımın tamı,
Bir təlaş içində dolaşır hamı,
Bu gecə şəhərdə yuxu yatan yox.

Bir az da böyüdüm, sözlərim bişib.
Dünəndən bu günə hamı dəyişib.
Bu gecə könlümə aldanmaq düşüb,
Məni aldadan yox, məni satan yox.

Məni öldürməyə gücü çatan var.
Məni yaşatmağa gücü çatan yox.
Ortada qalmışam, deyəsən, Allah,
Məni qazanan yox, məni atan yox.

# 3784 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

16:00 22 yanvar 2026
"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

14:00 22 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər