Damarımdan sel gedir - Yusif Nazimin şeirləri

Damarımdan sel gedir - Yusif Nazimin şeirləri
1 iyul 2023
# 12:00

Kulis.az Yusif Nazimin yeni şeirlərini təqdim edir.

Ad günü şamları kimi
ömür tez əriyir.
Zaman şamı dibinə işıq salmır,
zaman çayında əks olunur Ay.
Kainatın Günəşi sönəndə
sönür insan bəxtinin nuru.

***

Bağışlayıram

Deyir, hər gözəlin bir eybi olur,
Səni gözəlliyinə bağışlayıram.
Səndə xəyanət də gözəl alındı,
Səni özəlliyinə bağışlayıram.

Göz yumdum palçığa suyun xətrinə,
Sevgi bir oyunsa, oyun xətrinə.
Bir gün ölçüləcək boyun xətrinə,
Səni son gününə bağışlayıram.

Nifrətli ürəklər gözümdə heçdi,
Mən şair adamam, nifrətim keçdi.
Vəfalı vaxtların yadıma düşdü,
Səni o günlərə bağışlayıram.

Umuda aldanıb, sözə inanma,
"Bəlkə, bir gün dönər!" - deyib də, yanma.
Düzdür, bağışlamaq çətindir, amma,
Mən bu ayrılığı alqışlayıram,
Ayrılıq özü də bir xatirədir,
Səni ayrılığa bağışlayıram.

***

Qəribə vaxtlar

Sənin də qəribə vaxtların olub,
Boynuma sarılıb öpən vaxtların.
Mən səndə özümü itirdiyimdə,
Sən məndə özünü tapan vaxtların.

Hələlik deyib-gül, hələlik şən ol,
Qabaqda başına döyməyin də var.
Hələlik özünə "bəxtəvərəm"- de,
Özünü özgətək söyməyin də var.

Özün də fərqində deyilsən hələ,
Oyanıb getmisən, yatıb getmisən?!
Atanda pul atar adam görmüşük,
Sən mənə məhəbbət atıb getmisən.

***

Sel

Buludların yanında
hörmətim yox, xətirim yox.
Yağış yağır, çətirim yox,
yol gedirəm piyada.
Yol getməyən varmı dünyada?! –
Hərə bir tərəfə,
hamı ölümə doğru!

Eynəyimə yağış damlaları düşür,
görməyimə mane olur.
Eynəyimsə yağışı sevməyimə
mane ola bilməz.
Suyun içindəyəm bütün.
Evə çatmışam, soba soyuq,
canımı isitmir tütün.

Bilən yoxdur, xatirələr yada düşsə,
həyacana bürünürəm,
üşümürəm.
Damarımdan sel gedir,
ruhum islanır.

***

30 ilin girəcəyi

Alınsa nə var!
Alınmır ki alınmır.
Xalxın uşağları daş atıb quş vurur,
mən daş atıb başımı yarıram.
Mənim işim Allaha qalıb.
Allah da ki, nə bilim
kimi yadına salıb,
məni unudub.
Atam mənə deyərdi ki,
“səndən heç nə olmayacaq”.
Atam haqlı çıxdı –
Mən qapqara şair oldum.
Şeir yazdım şelləndim,
Dil-dil ötdüm dilləndim,
Külək əsdi yelləndim.
Di gəl, bir işə yaramadım.
Bəxtim getdi, gəlmədi.
Heç mən də aramadım.
Tərsəm axı!
Yolu aldım əlimə
Bakı-Şamaxı, Bakı-Şamaxı!
Bir də gördüm otuz yaşındayam.
Nə alacağım var, nə verəcəyim.
Gördüklərimi görmüşəm,
qarşıdadır görəcəyim –
əgər yaşasam.

***

İnan mənə

Ötən zaman düşməz ələ,
Ömür qabaqdadır hələ.
Həyatı qanmasan belə,
Həyat qandıracaq səni.

Sevinc qəsrini qurmasan,
Dərd çəkməkdən yan durmasan,
Sən dərdini sındırmasan,
Dərdin sındıracaq səni.

Olan bir gün olmayacaq,
Olmayan bir gün olacaq.
Səni isindirən ocaq,
Sönüb donduracaq səni.

Yusif deyər öz dediyin,
Görməz olur göz dediyin.
Vaxt gələcək buz dediyin,
Yanıb, yandıracaq səni.


# 3123 dəfə oxunub

Oxşar xəbərlər

"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

15:00 6 avqust 2026
"Sevişənlər hər gün sarmaş-dolaşdı..."  - Ejen Gilvik

"Sevişənlər hər gün sarmaş-dolaşdı..." - Ejen Gilvik

14:10 5 avqust 2026
"Sən də Allah kimisən..." - Sevinc Yunuslu

"Sən də Allah kimisən..." - Sevinc Yunuslu

13:00 5 avqust 2026
"Bu əsəri yaradan dahi heykəltəraşın ehtirası oxunur..." - Persi Biş Şellinin şeirləri

"Bu əsəri yaradan dahi heykəltəraşın ehtirası oxunur..." - Persi Biş Şellinin şeirləri

14:30 4 avqust 2026
"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri

"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri

14:00 1 avqust 2026
"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar

"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar

16:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər