Dörd fəsil cəhənnəm – 19 yaşlı gəncin şeirləri - Yeni imza

Dörd fəsil cəhənnəm – 19 yaşlı gəncin şeirləri - Yeni imza
14 sentyabr 2021
# 17:12

Kulis.az “Yeni imza” layihəsindən 19 yaşlı Mehdi Dostəlizadənin şeirlərini təqdim edir. Müəllifin şeirləri ilk dəfə yayımlanır.

***

Taxtından saldı yerə əcəl Süleymanları,
Tapdaladı ayaqlar xırda qarışqaları,
Nə Süleyman dadından doya bildi dünyanın,
Nə də ki, başqaları.

Başqaları nə bilsin, səltənət nə deməkdir?
Amma nə fərqi var ki, səltənət də yox olur,
Nəyə sahib olsan da, ölüm yaxınlaşanda,
İtirdiyin bir həyat, həyatda qazandığın hər bir çoxdan çox olur.

Ucuz şeylər uğruna tez qaçırıq irəli,
Tez də qalib gəlirik,
Bizə mükafat kimi ölüm təyin olunub bu amansız yarışda,
Baxır bizə ucadan mülk sahibi Süleyman,
Bir də ki bu dünyadan nakam gedən qarışqa...

Adı olmayan şeir

Cənnətə gedirəm ezamiyyətə,
Fəsillər dəyişəndə öz yurdunu tərk edib
başqa yerlərə köçən evsiz durnalar kimi.
Doğrusu, dörd fəsildir cəhənnəmdəyəm,
ancaq burda termometrlər həmişə dərəcəni ən yuxarı göstərir,
Buranın sakinləri həmişə qızdırmalı,
buranın sakinləri həmişə bərk xəstədir.

Keçən dəfə sonuncu qəpik-quruşumu da,
əlimdən aldı qəddar, mərhəmətsiz zəbani,
Özü də bilmirdi heç məndən aldıqlarını hara xərcləyəcək,
Axı cəhənnəmdəki bazarlar da istidən od tutub yanır,
Zəbani piştaxtaya yaxınlaşıb astaca satıcıya deyəcək:
- De görüm, qır qazanı neçəyədir?
Satıcı deyəcək ki:
- Yüz günahdır qiyməti!
Zəbani atacaq əlini öz cibinə,
Məndən çırpışdırdığı bir günaha baxacaq,
Sonra da gözlərindən peşmançılıq axacaq.

Cənnətə gedirəm ezamiyyətə,
Çünki mənim bütün günahlarımı yavaş-yavaş alıblar əlimdən,
İndi isə gedirəm, müqəddəs əllərimlə
cənnətdəki qadağan olunmuş o ağacın meyvəsini dərim mən.

Şərq xəbərləri

Əsir səmum küləyi, döyüşür fırtınalar,
Diri zərbələr vurur ölü divanələrə,
İndi lərzəyə gəlib dağılır bütxanalar,
Dönür malikənələr uçuq viranələrə;
...Xorasanda ölən var.

Bilmir hansı tərəfə əssin dəli küləklər,
Xarabanın sərhədi, ucu-bucağı yoxdur,
Bilmir hansı tərəfə qaçsın yetim bəbəklər,
Axı xarabalarda ata qucağı yoxdur;
...Xorasanda ölən var.

Baş qaldırıb hər kəsə, fələklər savaş açır,
Şahə qalxıb varlığın qəzəbinin atları,
Zaman da qorxusundan arxa cəbhəyə qaçır,
Geriyə axır indi dünyanın saatları;
...Xorasanda ölən var.

Ədalət doğulurdu atların izlərində,
Qazıb aşkar edirdi gizli dəfinələri,
Yatırdı türbələrin qızıl günbəzlərində,
Kimsəsiz körpələrin bütün xəzinələri;
...Xorasanda ölən var.

Kasıb ruhun nifrəti sayəsində sökülür,
Zəngin cismin rəngbərəng libasından naxışlar,
Kinli cəngavərlərin qılıncıyla tökülür,
Bəsit məmləkətlərə mürəkkəbdən yağışlar;
...Xorasanda ölən var.

Rəssam

Rəngbərəng şeirlər yazacağam mən,
Göy qurşağı paxıllıqdan öləcək,
Yazdığımı oxuyan heç kəs məni,
Şair bilməyəcək, rəssam biləcək.

Firuzə rəngində qaş həsrətiylə,
Barmağıma üzüklər girəcəkdir,
Mona Liza Da Vinçini tərk edib,
Mənimlə sevişmək istəyəcəkdir.

***

Zevs qəzəblənəndə,
Olimpin zirvəsində ildırımlar çaxırdı,
Zevs qəzəblənəndə,
Dağın ətəyindəki tanrıların gözündən,
Yaş sel kimi axırdı...

Poseydonun əsası bu selləri dindirir,
Suları yatırırdı,
Poseydonun əsası yer üstündəkiləri,
Torpağa batırırdı...

Üstdəki iki qardaş oyun çıxaran zaman,
Yeraltı cəhənnəmə dünyadan su damırdı,
Üstdəki iki qardaş oyun çıxaran zaman,
Bilmirdilər ki, Aid, ölmüşdü, yaşamırdı...

***

Bir əfqanın yurdu işğal olundu,
Döyüşməyi bacarmadı, etdi köç,
Hesab-kitab aparırdı köçəndə,
Vətən birdir, düşmən iki, nöqtə üç...

Bir əfqanın yolda fikri dəyişdi,
Şəriəti suç bilməyi bildi suç,
Geri döndü, onu xain bildilər,
Dönən birdir, hərdən iki, nöqtə üç...

Bir əfqanı bu gün edam etdilər,
Xəyalları düşdü suya, oldu puç,
Cəlladını çox sevirdi öləndə,
Bədən birdir, sevsən iki, nöqtə üç...

Qələm

Dünyanın bir ucunda iki xoşbəxt cavanı,
Birləşdirən nikaha imzanı qələm atır.
Fəqət başqa ucunda həmin qələm döyüşə,
Hərbə fərmanlar yazır, aləmi qırıb-çatır.

Nikaha imza atan sevgi dolu cavanlar,
İsti qucaqlarına körpə bala alırlar.
Amma nə qəribədir, onlar xoşbəxt olarkən,
Başqa yerdə körpələr öksüz, yetim qalırlar.

Ata-ana qayğısı görən əziz körpələr,
Böyüyür asta-asta, artıq qələm tuturlar.
Əfsus yetim körpələr min-min əziyyət görür,
Həyatın yollarında qəm atıb, qəm tuturlar.

O qələm tutan əllər tarix dərsi öyrənir,
Neçə-neçə fatehin həyatını bilirlər.
Məktəb üzü görməyən körpələr silah tutur,
Həyat nədir bilmədən, uşaq ikən ölürlər.

Qələm tutan böyüyür, qələmi də onunla,
Artıq böyük işlərə qələmiylə can verir,
Xırda yazı-pozular deyil onun gərəyi,
O daha uşaq deyil, ölümə fərman verir!

Digər adı olmayan şeir

Bu çılğın cəmiyyət, bu çılğın bəşər,
Hələ də göylərdən bəla diləyir,
Göylər də sakitcə baxır bizlərə,
Xəstə ürəklərə şəfa çiləyir.

Cəmiyyət yenə də inadkar qalır,
Deyir: - Öldür bizi, məhv eylə bizi!
Göylərsə bizlərdən daha inadkar,
Deyir: - Vaxtı deyil, əzmərəm sizi!

İnsan çıxış yolu axtarır yenə,
Günahlar törədir, göylə güləşir,
Toxunur göylərin şah damarına,
Göylər nəhayət ki, əsəbiləşir!

Buludlar günəşin önünü kəsir,
Bütün yer üzünə qaranlıq çökür,
Göylər səltənəti açıb ağzını,
Hirsindən dünyaya mərhəmət tökür.

# 6397 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
# # #