Bütün ölkələrin yolları birdi - Yeni şeirlər

Nazim hüseynli

Nazim hüseynli

25 aprel 2023
# 13:12

Kulis.az Nazim Hüseynlinin yeni şeirlərini təqdim edir.

Qaranquş yuvası
Övladlarıma

Evimizin dışında,
Qapımızın başında,
Yuva-otuz yaşında,
Bu yuvanı qoruyun!

Hər divara toxunmaz,
Hər qapıya sığınmaz,
Yaxşılardan çəkinməz,
Bu yuvanı qoruyun!

Haqdan gəlib qurubdu,
Könül verib qurubdu,
Çör-çöp hörüb qurubdu,
Bu yuvanı qoruyun!

Ata-ana qaranquş,
Qıyıb cana qaranquş,
Uç bu yana qaranquş...
Bu yuvanı qoruyun!

Hər il bala çıxarır,
Təlim verir, qaçırır,
Vaxt çatanda uçurur,
Bu yuvanı qoruyun!

Hər il üç-dörd balası,
Göyə qanad çalası,
Harda məskən salası?...
Bu yuvanı qoruyun!

Hesab edin vəsiyyət,
Ya da ki bir nəsihət:
Versə də çox əziyyət,
Bu yuvanı qoruyun!

Gəlişini tez duyun,
Müjdə sayın, bəxt sayın,
Lap qocalın, qarıyın,
Bu yuvanı qoruyun!


Dayaq olsa əgər...

Bütün ölkələrin yolları birdi:
Calanır, birləşir yollara yollar.

Hər dilin öz yeri var yer üzündə,
Qohumdu, qardaşdı dillərə dillər.

Gülüstan gözəldir çox gülləriylə,
Yaraşıq gətirər güllərə güllər.

Dünyamız cənnətə dönər uzansa
Dostluq eşqi ilə əllərə əllər.

Önündə dayana bilməz şər qüvvə,
Bir olsa, güc versə qollara qollar.

Halal nə, haram nə bilinmir daha,
Qarışıb gör necə pullara pullar.

Batır dənizlərdə minlərlə miqrant,
Oxşayır keçmişki qullara qullar.

Qorxudur insanı sunami, tayfun,
Hay verir yer yerdən sellərə sellər.

Silaha yox, sülhə güc versə dünya,
Bənzəməz xaraba çöllərə çöllər.

Qalmaz yer üzündə bircə binəsib-
Dayaq olsa əgər ellərə ellər.


Sev dünyanı, insan oğlu

Yeri sənin, göyü sənin,
Torpaq, hava, suyu sənin,
Qışı sənin, yayı sənin,
Sev dünyanı, insan oğlu.
Bax, bu dərə, dağ sənin,
Ağac sənin, yarpaq sənin,
Nə görürsən, gör, bax sənin,
Sev dünyanı, insan oğlu.

Qara, sarı, ya ağ ol sən
Dərə, təpə, ya dağ ol sən,
Hər dərdinə ortaq ol sən,
Sev dünyanı, insan oğlu.

Bacı olun, qardaş olun,
Yaxın olun, sirdaş olun,
Dünya birdir, yurddaş olun
Sev dünyanı, insan oğlu.

Görsən ki, bir büdrəyən var,
Dara düşən, titrəyən var,
Çat köməyə, halını sor,
Sev dünyanı, insan oğlu.

Olsa da çox amansız, sərt,
Gəl eyləmə hər dərdi dərd,
Ölümü də qarşıla mərd,
Sev dünyanı, insan oğlu.

Günəş baxış əsirgəməz,
Göylər yağış əsirgəməz,
Tanrı naxış əsirgəməz,
Sev dünyanı, insan oğlu.

Pisləməsin onu yetən,
Deyilik heç yana gedən,
Üstü vətən, altı vətən,
Sev dünyanı, insan oğlu.


Özünü dik tutan adam


Qayaya əyilləm,
çaya əyilləm,
bulağa əyilləm,
sənə əyilməm,
özünü dik tutan adam.
Çiçəyə əyilləm,
gülə əyilləm,
yarpağa əyilləm,
sənə əyilməm,
özünü dik tutan adam.
Sünbülə əyilləm,
dənə əyilləm,
torpağa əyilləm,
sənə əyilməm,
özünü dik tutan adam.
Ey müdrik qocalar,
dərdli analar,
sizə baş əyərəm,
sizə əyilləm,
gözəllik paltarın
əyninə geyib
bərəkət gətirən
yaza əyilləm,
səsi türkün ruhu
saza əyilləm,
sözə qul olaram,
sözə əyilləm,
sənə əyilməm,
özünü dik tutan adam.
Canımdan keçərəm
vətən yolunda
dağına əyilləm,
daşa əyilləm,
Qanadı qırılmış
quşa əyilləm,
sənə minnət etməm,
sənə əyilməm,
özünü dik tutan adam.
Döymərəm qapını
bir daha sənin,
polada dönərəm,
daşa dönərəm,
sənə ağız açmam,
sənə əyilməm,
özünü dik tutan adam.
Ömrü mərd yaşayıb
vuraram başa,
göylər yerə enə
yenə əyilməm,
sənə söz demərəm,
sənə əyilməm,
özünü dik tutan adam.


Səni

Özündən çox razı olma,
Həyat küskün edər səni.
Bel bağlama hər yetənə,
Bir gün gələr satar səni.

Yad bildiyin sanma yaddır,
Od bildiyin sanma oddur,
Şad bildiyin sanma şaddır,
Qarğışları tutar səni.

Ov bərəyə hər an gəlməz,
Çox istəsən az da olmaz,
Olma heç vaxt qədirbilməz,
Tanrı coşar, didər səni.

Tale hər gün üzə gülməz,
Yetən ölər, yatan ölməz,
Dünya cavan, qoca bilməz,
Torpaq alar, udar səni.

Dosta arxa, dayaq ol sən,
Düşmənin kim? Ayıq ol sən,
Yatanda da oyaq ol sən,
Fürsət düşsə budar səni.

Elə əyil, çəkmə özün,
Yeri gəldi şax de sözün,
Yaxşı-pisi seçsin gözün,
Elin sevsə yetər səni.

# 2588 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

12:00 1 dekabr 2024
# # #