Bəxtiyar Vahabzadənin oğlu: “Atamın xəstəliyinə mən bais oldum” - Müsahibə

İsfəndiyar Vahabzadə

İsfəndiyar Vahabzadə

13 fevral 2023
# 21:00

Kulis.az Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş səfir İsfəndiyar Vahabzadə ilə müsahibəni təqdim edir.

- İsfəndiyar müəllim, Bəxtiyar Vahabzadə ilə bağlı ən çox hansı hadisəni xatırlayırsınız?

- Portretini heç vaxt otağımdan asmamışam. Yazımda da yazmışam bunu. Amma bir xatirəni danışım sizə. Deməli, mən atamın şəklini İranda işlədiyim vaxt otağıma qoymuşdum. Orda məndən soruşdular ki, bu kimdi belə? Dedim, atam Bəxtiyar Vahabzadə. Onlar inanmadılar.

- Niyə?

- Elə bilirdilər ki, Bəxtiyar Vahabzadə ölüb. Bəxtiyar Vahabzadəni Nizami, Füzuli kimi klassik bilirdilər və düşünürdülər ki, yəqin neçə əsrdir dünyada yoxdur. Mən isə israrla deyirdim, sağdır, yaşayır, özü də mənim atamdır. Soyadımı-filan göstərəndə inandılar. Sonra mənə “Gülüstan” poemasını gətirdilər. Atamın yazdığı 6 səhifə olardı axı. Bu “Gülüstan” isə 80 səhifə idi.

Bəxtiyar Vahabzadə.jpg

- Bəlkə Sədi Şirazinin “Gülüstan”ı imiş...

- Yox, Bəxtiyar Vahabzadənin idi. Qəzəl kimi yazmışdılar özü də. Poemanı artırmışdılar.

- İsfəndiyar müəllim, yazınızda Vahabzadə imzasından imtina etdiyinizi də yazmışdınız...

- Bəli. Mən Məhəmməd Hadidən dissertasiya müdafiə edirdim. Çox ağır mövzuydu. İstəmədim ki, Bəxtiyar Vahabzadənin oğlu olduğuma görə dissertasiyamı qəbul etsinlər. Ona görə bütün sənədlərdə imzamı dəyişib Şəkili elədim: İsfəndiyar Şəkili! Mən yükdaşıyan da işləmişəm, amma heç vaxt atama deməmişəm ki, mənə üç manat, beş manat ver.

- Heç olmayıb ki, atanıza görə sizə hörmət etsinlər, qabağa çəksinlər?

- O günü bir yazı oxudum. Müəllifin adı yadıma deyil. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi halda, öz oğullarına atalıq elədi. Adam gərək bildiyi şeyi yazsın. Belə cızma-qara olmaz. Çox mənasız bir söhbətdir. Bəxtiyar Vahabzadənin övladları deputat seçildilər, icra başçısı, nazir oldular? Mən universiteti bitirəndə yolladılar İrana. Özü də bilirdim ki, inqilaba gedirəm. 61 nəfərdən bircə mən hərbiyə düşmüşdüm. Mən o üç ildə nələr çəkdim. Yeganə azərbaycanlı mən idim. Bəxtiyar Vahabzadə mənə nə etdi ki? İran inqilabından saxlatdı? İki il idi evlənmişdim, getmişdim Əfqanıstan müharibəsinə. Elə illər idi ki, 20 nəfərdən 5-i sağ qayıtmırdı. Orda atılan güllələr demirdi ki, bu güllə Bəxtiyarın oğluna dəyəcək, ya ayrısına. Atam onda deputat idi, istəsə məni saxlatdırardı. Amma mən getdim müharibəyə, odun-alovun içinə. İki dəfə kontuziya aldım. Ordan sağ qayıtmaya da bilərdim. Buna görə Bəxtiyar Vahabzadə nəsə etmədi axı. Mənasız söhbətdir bu söhbətlər. Mən diplomatik təhsil almışam. Qaynaqçı, montyor işləməli deyildim ki. İnsan nəsə yazanda gərək ağılla yazsın.

- Nəyəsə görə, hər hansı bir işə görə xahiş eləməzdi?

- Mən akademiyada müxbir üzvlüyünə düşmək istəyirdim. Gəldim atama dedim ki, sənin səsin keçərlidir, sənədlərimə qol çək, keçim müxbir üzvlüyünə. Dedi, oğul, sənin sənədlərin qabağıma çıxsa, üstündən xətt çəkəcəm. Mənim müdafiəmi üç il gecikdirdilər. Buna görə Bəxtiyar Vahabzadədən nəsə xahiş eləmədim.

- Bəxtiyar Vahabzadə haqqında tez-tez tənqidi yazılarla rastlaşırıq. “Gülüstan” poemasının KQB-nin icazəsi ilə yazılması da iddia edilir.

- Qətiyyən razı deyiləm. Axı necə icazə ola bilərdi ki, bu poemaya görə atamı universitetdən xaric elədilər. Atam iki il işsiz qaldı. Bunlar hamısı şifahi xalq ədəbiyyatıdır.

- Dissident adlandırılması da birmənalı qarşılanmır.

- Onu rəhmətlik Heydər Əliyev demişdi ki, respublikada bir nömrəli dissident Bəxtiyar Vahabzadə olub. Atamı çox təqib ediblər. Cavanlığından dissident olub atam. Doktorluğunu ləngidiblər. Partiyadan qovulub. KQB deyib ki, sən bunları yaz, mən də səni ac saxlayacam? Məntiqsizdi axı. Heç nə özbaşına olmur. O vaxtlar atamı hər şeydən qoruyan Heydər Əliyev olmuşdu. Mən 20 Yanvarda generalın üzünə tüpürən həmin kişinin oğluyam.

- Çox cəsarətli addım idi...

- Bizdə qorxmaq deyilən şey yoxdu. Atam da heç nədən qorxmurdu. General Dubinyakın üzünə tüpürmüşdü. O vaxt onu öldürə də bilərdilər. Niyə bundan danışmırlar? Ancaq ağızlarına gələni yazırlar. Bu gün uğursuz yazıçıların əl atdığı mövzulardı bunlar. İstəyirlər qalsınlar gündəmdə. Ağızlarına gələni yazırlar. Başda da Bəxtiyar Vahabzadə olur. Demək istəyirlər ki, mən gör nə cəsarətliyəm. Cəsarətin varsa, başqa şeydən yaz.

- Bəxtiyar Vahabzadə evdə necə biriydi? Mənə elə gəlir, zabitəli adam olub.

- Zabitəliydi. Heç vaxt övladlarını tərifləməzdi.

- Qadağalar qoyurdu?

- Elə qadağa olmurdu. Sözsüz, mən də cızığımdan çıxmırdım. Məsələn, gecə gec vaxtlarda evə gəlmirdim. Amma pis vərdişlərdən bizi uzaq tuturdu. Atam özü siqaret çəkən idi, amma araq içmirdi. Mən siqareti çəkməyə xaricdə başlamışam. Atam bunu bilmirdi. Və dünyasını dəyişənə qədər də siqaret çəkdiyimi bilmədi. Gizlətmişdim....

- Maraqlıdır...

- Hə... Heç vaxt atamın yanında maykada oturmamışam. Həmişə içəri girəndə ayağa dururdum. Bu 50 dəfə də olsa, beləydi. Hamı atasını sevir. Bir övlad kimi. Amma məndə bir övlad kimi ata sevgisi olmayıb, atama ilahi varlıq kimi baxmışam. Bir xatirəni danışım sizə. 35 yaşım var idi, atam mənə şillə vurmuşdu.

- Necə oldu bu?

- Mən idmanla məşğul olmuşam. Fiziki gücüm yaxşıydı. Atam bir şilləylə məni yerə sərəndə açığı təəccübləndim. Sevindim həm də. Çünki atamın bu qədər güclü olduğunu təsəvvür etməzdim.

- Bu ilk ata şilləsi idi?

- Uşaqlıqda yadıma düşmür məni vurmağı. Amma bir məsələ olmuşdu, ona görə vurdu.

- Nə məsələydi?

- 80-ci illərin axırları idi. Bakı Şəhər Partiya Komitəsində məsul vəzifədə çalışırdım. İndi açıb-ağartmaq istəmədiyim bir iş tutmuşdum. Necə deyərlər, cızığımdan çıxmışdım (gülür). Heç evdə tapılmırdım. Atam da hardansa bunu bilmişdi. Mən də onun zənglərindən qaçırdım. Evlərinə də getmirdim. Zəng gəldi, mənə, dedilər, atandı. Dedi, işdən çıxan kimi bizə gəlirsən. Mən də and-aman elədim ki, bir azdan komendant saatı başlayacaq, çölə çıxmaq olmayacaq. Halbuki onda xüsusi icazə kağızım vardı, çıxa bilərdim. Meydan hərəkatı dövrü idi, ara qızışmışdı. Atam əsəbiləşdi, dedi, sənin komendantın da, rəisin də mənəm. Mən bu haqda “Ata şilləsi” adlı yazı da yazmışam. İndi o şilləyə həsrətəm.

- İki oğlu bir qızı vardı... Ən çox yəqin sizinlə ünsiyyət qurardı...

- Məni çox istəyirdi. Müharibədən qayıtmayan qardaşının adını qoymuşdu mənə. O bilirdi ki, mən ədəbiyyatçıyam. Sizə bir şey deyim. Onun gecə zənglərindən qorxurdum. Telefonu götürüb həyəcanla: “Hə. Nolub?” deyirdim. Deyirdi, heç nə olmayıb, a bala, təzə şeir yazmışam, qulaq as, gör necədi.

- Bəyənmədiyiniz şeirləri olurdu?

- Hə, olurdu.

- Deyə bilirdiniz özünə?

- Deyirdim. Bəzən fikrimlə razılaşırdı, bəzən də deyirdi, get, öz işinlə məşğul ol.

- Mübahisələriniz olurdu atanızla?

- İnanclı adam deyiləm. Allaha inanıram, amma dinlərə inamım yoxdur. Atamla bu barədə mübahisələr edirdik. Mənimlə razılaşmırdı. Onda deyirdim ki, ata, Şopenhaueri, Kantı, Eynşteyni, Nitşeni mənə sən oxu demisən. Bu kitabları oxuyandan sonra şübhəyə düşmüşdüm. Atam isə məni inanca dəvət edirdi.

- Bəxtiyar Vahabzadə nə vaxt ailə həyatı qurmuşdu?

- 1950-ci ildə. Anamın 17 yaşı var idi, atamın 25. Anam öz anasıyla Sabir bağındaymış. Təsadüfən ordan keçən atam onu görüb, bəyənib. Sonra da elçi göndərib. Beləcə, evləniblər.

- Siz ailə quranda münasibəti necə oldu?

- Şahmar Əkbərzadə ilə görüşdüm. Dedim, bir qız var, evlənmək istəyirəm, amma atama deyə bilmirəm. Xahiş etdim ki, Şahmar müəllim desin. Şahmar Əkbərzadə ilə çox yaxın idilər. Atam bizə həmişə deyirdi ki, evlənəcəyiniz adam kim olur-olsun, amma qeyri-millətdən olmasın. Mənim də yoldaşım azərbaycanlı, göyçaylı... Amma arada pərdə var axı, çəkinirəm atama deməyə. Şahmar atama dedi. Atam da məni görəndə soruşdu ki, ə, görüşdüyün var, bəs niyə xəbər eləmirsən? Belə... Evləndik. 35 ildi evliyəm. Oğlumun adını da Bəxtiyar qoydum.

- Bəxtiyar müəllim şəkər xəstəliyindən əziyyət çəkirdi. Siz o zaman atanızın yanındaydınız?

- Əfqanıstanda olanda atam ayda bir-iki dəfə zəng edirdi. Bir dəfə də zəng eləyəndə deyiblər ki, bu işləyən korporasiya dağıdılıb, partladılıb. Dəstək atamın əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapdı. Mən 7-8 aydan sonra üzə çıxanda artıq xəstəydi.

- Hər an səksəkə içində olub...

- Mənə bəzən elə gəlir ki, atamın bütün xəstəliklərinin baiskarı mənəm. İranda işlədiyim vaxtlar idi. Atam bir aydan bir zəng edirdi. Onda yekə saqqal saxlayırdım, qıraqdan baxanda farsa oxşadardılar məni. Bizi ayrı yerə aparmışdılar, dəstəmizdən beş-altı nəfəri öldürmüşdülər. Mən olmamışam, atam zəng edəndə bunu ona deyiblər, o da elə bilib mən də onların arasındayam. Hər dəfə zəng eləyəndə deyirdim ki, bir-iki günə gələcəm. O hadisədən 6-7 ay sonra heç kimə demədən evə getdim. Qapını açanda atam məni gördü, ayağa qalxdı, amma yeriyə bilmədi, ayaqları tutuldu.

- Vay-vay...

- Onda təzyiq başladı atamda. 50-yə yaxın yaşı var idi. Bəxtiyar Vahabzadənin ürəyi sağdaydı. Bilirdiniz bunu?

- Yox.

- Hə... Onun bütün orqanlarının yeri tərsinə idi. Sağda olan soldaydı, solda olan sağda. Türkiyədə müayinə olunanda həkim şoka düşmüşdü. Rentgendən keçəndən sonra baxıb demişdi ki, ola bilməz, Bəxtiyar müəllim sizin ürəyiniz yoxdur. Atam da gülmüşdü ki, var, ancaq sağdadır. Sonra baxıb görmüşdü ki, doğrudan sağdaymış.

- Son günlərini necə xatırlayırsınız?

- Açığı, o günləri xatırlamaq istəmərəm. Əfqanıstanda idim. Fevralın 12-də telefonda söhbət elədik. Qar yağırdı. Dedi, ay oğul nə vaxt gəlirsən? Dedim, yayda hökmən gələcəm. 13-ündə işdə oturmuşdum, elə bil arxadan bıçaqla vurublar məni. Bir siqaret yandırdım. Zəng elədim dəfələrlə, məşğul idi telefonu. Atam hövsələsiz adam idi. Axı bu qədər telefonla danışmazdı. Evə gəldim, zəng elədilər. Oğlum dedi öldüyünü. Mən yola çıxdım. Gəlib, düşdüm İstanbula. Yağış yağırdı İstanbulda. Leysan idi. Ağlıma gəldi ki, bəlkə yalandan deyiblər. Məni görmək üçün bəhanə edirlər. Aeroportda televizora baxırdım. Televizorda dedilər ki, Azərbaycanın ünlü yazarı Bəxtiyar Vahabzadə vəfat edib. Onda inandım ki, atam ölüb. İndi oğlum da, qızım da mənə “ay oğul” deyir. Atamın dediyi kimi... Öləndən sonra tez-tez yuxularımda görürdüm atamı. Son vaxtlar intensiv görürəm. Tez-tez qəbrini ziyarətə gedirəm. Amma tək gedirəm...

- Bəxtiyar müəllimin 13 illik saatını taxırsınız...

- Atama bu saatı səfir Eldar Həsənov hədiyyə etmişdi. Mən heç vaxt atamın ad günlərində, yubiley tədbirlərində olmamışam. Həmişə orda-burda olmuşam. Məni də yandıran bu idi ki, heç vaxt yanında olmamışdım. 2009-cu ildə, fevralın 13-də atam dünyasını dəyişdi. Məni çağırmışdılar. Gəlib gördüm saatını çıxarıblar. Böyük əqrəb 3-ün üstündə, kiçik əqrəb 8-in üstündə dayanmışdı. 83. 83 yaşında da vəfat etdi. Mən rəqəmlərə inanıram. Bu hadisə həftənin cümə günü və ayın 13-nə, nəsh rəqəmə düşüb. Mən saatı götürdüm. Artıq 10-cu ildir ki, saat məndədir. Mənə elə gəlir ki, 13 il saat qolumda olandan sonra mən də öləcəm.

13 fevral 2022-ci il

# 23279 dəfə oxunub

Oxşar xəbərlər

Ömrüm başdan-başa yalandı - Ramiz Rövşəndən seçmə şeirlər

Ömrüm başdan-başa yalandı - Ramiz Rövşəndən seçmə şeirlər

16:00 15 dekabr 2024
Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

Kirli köynəyimi yumuşdu anam... - Şəhriyar Del Geraninin şeirləri

11:40 14 dekabr 2024
Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
#
#
# # #