"Beşiyin Bakıdadır, məzarın Ankarada" – Günün şeiri

"Beşiyin Bakıdadır, məzarın Ankarada" – Günün şeiri
31 yanvar 2024
# 13:05

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Kulis.az Xalq şairi Zəlimxan Yaqubun ona həsr etdiyi “Kişi” şeirini təqdim edir.

(Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr)

Yetmiş illik ayrılıq axır ki çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!

Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!"-deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

# 2751 dəfə oxunub

Oxşar xəbərlər

"Çayda da başyuxarı gedər, aşağı getməz..." - Adam Mitskeviçin "Tərs arvad"ı

"Çayda da başyuxarı gedər, aşağı getməz..." - Adam Mitskeviçin "Tərs arvad"ı

15:22 26 noyabr 2026
"Təkliyinə yuva gəzən perik quşam..."- Ağa Laçınlının şeirləri

"Təkliyinə yuva gəzən perik quşam..."- Ağa Laçınlının şeirləri

16:20 25 noyabr 2026
"Nankorluğumun amansız şaxtası ayaqlarındakı qanayan yaraları üşüdübsə..." - Lope de Veqa

"Nankorluğumun amansız şaxtası ayaqlarındakı qanayan yaraları üşüdübsə..." - Lope de Veqa

10:42 25 noyabr 2026
Düşüm heç olmasa izinə, Təbriz - Günün şeiri

Düşüm heç olmasa izinə, Təbriz - Günün şeiri

10:30 22 noyabr 2026
"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" -  Qulu Ağsəsdən Azər Turana

"Bütün bunlar nədən ötrüdür axı, bilirsən?" - Qulu Ağsəsdən Azər Turana

14:16 21 noyabr 2026
"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

"Aslan nələr çəkməmiş kiçik ağcaqanaddan..." - İvan Krılovun təmsili Abdulla Şaiqin tərcüməsində

10:29 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər