9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?

9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?
23 sentyabr 2024
# 13:30

Bu gün məşhur şair Məmməd Aslanın anım günüdür. Kulis.az bu münasibətlə şairin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Məmməd Aslan Azərbaycan xalq dilini ən yaxşı bilən beş-üç şairdən biri hesab olunurdu.

***

9 qardaşı olub, hamısı dünyasını dəyişib. Bir doğma bacısı olub – Əzizə, bir də ata bir, ana ayrı Xublar adlı bacısı. Ögey bacısına şeiri də var: “Bacım Xublara məktub”. Deyirmiş, onu heç vaxt ögey hiss eləməmişəm.

***

Qardaşları kimi ölməsin deyə ona qurban deyib basdırıblar. Öz qəbrimi görmüşəm deyir Məmməd Aslan: “Molla atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa, orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq. Sonra deyib, gedin Bərdədəki İmamzadədə yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə basdırın, uşağın bəlalarını aparacaq!”

***

İki dəfə ailə həyatı qurub. Hər ikisindən ayrılıb. Öz şəxsi həyatını gündəmə gətirməyi sevməzmiş. Bu haqda yalnız bunları söyləyib:

“Boşanmağımla bağlı kimsəyə heç nə deməmişəm. Ən yaxın qohumlara da.”

Image result for məmməd aslan

***

Xanımlarla yola getməməsi haqda maraqlı bir əhvalatı da var. Deyir, AzTV-də onun haqqında film çəkmək istəyirlərmiş. Sədr Nizami Xudiyev bir xanım rejissoru məsləhət görür. Məmməd Aslanın cavabı hamını güldürür:

- Məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı.

***

Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib:

“Sevəndə dəlicəsinə sevmişəm”.

Sonra isə təəssüflə əlavə edib:

“Amma indi Allahdan başqa sevdiyim yoxdur”.

***

Sağ gözü 10 faiz görürmüş. Əməliyyat olunub. Dediyinə görə, onu italyan həkim kor eləyibmiş:

“Məni aldatdılar. Çox təriflədilər həkimi. Əməliyyat 15 dəqiqə çəkəcək dedi, 2 saat sürdü...”

***

Heç vaxt kitablarını satışa vermirmiş. Həmişə dostlarına paylayırmış. Yalnız kitab qədri bilən dostlarına...

***

Ağac mövzusunda 500 səhifəlik kitab yazıb. Adı da “Adəmdən günümüzə ağac”.

Image result for məmməd aslan

***

Səpib göyərdərəm sözü, kəlməni
Ayrı sənətim yox, ayrı işim yox
Tanıtsa bir misram tanıdar məni
Ayrı sənədim yox, arayışım yox

Bu şeir üç bənddir. Məmməd Aslan bu şeiri 3 ilə yazıb. Uyğun qafiyə tapa bilmirmiş.

***

İçkini heç vaxt yüz qramdan artıq içməyib. Şəkər xəstəliyini tapanda 100 qramı 30 qram eləyib. Deyirmiş, içki daxili orqanları hərəkətə gətirir.

***

Ən çox oxuduğu iki şair olub. Onların kitabı heç vaxt əlindən düşməzmiş. Aşıq Ələsgər və Füzuli. Özü bu haqda deyirmiş:

“Möminlərin bir qibləsi var, şairlərin iki: Füzuli və Aşıq Ələsgər.”

***

Ən böyük arzusu Kəlbəcəri görmək imiş. Deyirmiş, heç olmasa, ölümümdən əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxa biləydim...

# 19414 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
# # #