Burda havayı oxumaq da bahadır - Orxan Cuvarlı yazır...

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

11 yanvar 2022
# 14:00

Kulis.az Orxan Cuvarlının "Təhsil üçün elegiya" adlı yazısını təqdim edir.

Bu yaxınlarda Bakıdakı məktəblərin birində direktorun şagirdlərə fiziki şiddət göstərdiyi kadrlar yayıldı.

Daha sonra fotoqraf Orxan Əzimin Astaranın Diqo kəndində nəvəsini belinə alıb 5 km uzaqlıqdakı məktəbə aparan nənəni çəkdiyi foto sosial medianı məşğul etdi.

Çox keçmədən sosial mediaya daha bir "bomba" düşdü; Mədəniyyət və İncəsənət Universitetində illik təhsil haqqlarını ödəyə bilməyən tələbələrin adının yazıldığı siyahı lövhələrə vurulub nümayiş etdirilir.

Hərdən belə videolar, fotolar gündəmə gəlir, təhsil səviyyəmizi bəbəklərimizə soxa-soxa bizə göstərir.

Hər üç kadrla rastlaşanda içimdən bir sızıltı keçdi. Elə bil həmin video, şəkillər sillə kimi üzümə dəydi, üzümdə bir əlin qızartısı qaldı. Nə yazıq ki, həmin sillənin mənəvi ağrısı fiziki ağrısının xeyli ötəsindədir.

Görüntülərin ardından aidiyyəti qurumların alışdığımız, standart açıqlaması gecikmədi: "Araşdırırıq".

Hər problemdə bu adidən adi, sadədən sadə cavabı eşitməkdən qulaqlarımız döyənək olub.

Ən başdan başlayası olsam, o məktəb direktorunun şiddəti məni heç təəccübləndirmədi. Nəinki məktəblərdə, uşaq bağçalarında da vəziyyət ürəkaçan deyil.

Sırf belə şeylərə görə valideynlər özəl kurslara, bağçalara, məktəblərə üz tutur. Sözügedən müəssisələrdə onlar övladlarını az qala hər otağa quraşdırılmış kameralardan izləyirlər.

Beləcə dövlətin təhsil ocaqlarına inam zədələnir. Məktəblərdə şagirdlərin sayı azaldıqca keyfiyyət də ciddi dərəcədə aşağı düşür.

Biz məktəbdə oxuyanda da belə şiddət halları var idi. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu "adət-ənənə"nin kökü Sovet dövrünə dayanır. Valideynlərin övladlarının oxuması bahasına "əti mənim, sümüyü sizin" taktikası, müəllimlərə verilən əlahiddə imtiyaz, uşaqların dərisinə saman təpmək.

Hərdən yaşlı nəslin bununla qürrələndiyini görüb təəssüf edirəm.

Onlar müəllimin qoluzorba biri yox, pedaqoq olduğunu unudurlar.

Onlar övladlarına bir fərd kimi deyil, robot kimi yanaşırlar.

Bunların hamısı nəhayətində iş müsahibələrində adamın dadına çatmayan, özündən başqa heç kimə lazım olmayan bir kağız parçası üçündür.

Bəzən valideynlərin bu bəhsəbəhsini qavramaqda çətinlik çəkirəm. Neçə istedadlı yaşıdım bu mənasız yarışın qurbanı olub.

Bu eqo döyüşü neçə gələcəyin rəssamının, pianoçusunun, aşpazının başını yeyib…

Orxan Əzimin Astaranın Diqo kəndindən bizə göstərdiyi foto illərin reallığıdır. Azərbaycanda təhsil sistemindəki çatışmazlıqları bir mozaikaya bənzətsək, Diqodakı foto həmin mozaikanın bircə parçasıdır. Səmimi deyirəm.

Bir zamanlar kənd məktəblərində yuxarı sinif şagirdləri qışa hazırlıq üçün odun doğramağa gedirdi. Bəlkə də, bu vəziyyət hansısa kəndlərdə hələ də davam edir, xəbərim yoxdur.

Amma illər əvvəlki vəziyyəti təsəvvür edə bilirsiniz?

Qış aylarında otaqlar buz kəsirdi, onsuz da az şagird olan sinif otaqları bu aylarda bomboş görünürdü.

Ucqar kəndlərdə vəziyyət lap acınacaqlıdır.

Orxan fotoaparatın bircə düyməsini sıxmaqla əlli uşağın taleyinə toxuna bildi.

İllah da Şindan adlı balacanın…

– Servantesin sözüdür: İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar.

Məlum şəkillərdən sonra Təhsil Nazirliyinin sözçüsü açıqlama verdi:

"Yaxşı xəbər odur ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq".

Görəsən, həmin uşaqlar bu xəbəri ala bildilərmi? Bir bilsəm, nə qədər sevindiklərini… Adam həmin uşaqların əvəzindən ağlamaq istəyir. Dahi Əziz Nesin demiş;

"Öyle bir ağlasam,
Öyle bir ağlasam ki çocuklar
Size hiç gözyaşı kalmasa…"

Mədəniyyət və İncəsənət Universitetindəki hal isə tamamilə ibtidai üsuldur. Tələbəni alçaltmaq, yoldaşları arasında başıaşağı etmək, utandırmaq, gözümçıxdıya salmaq…

Bu ibtidai üsul uzun illərdir mərəzə çevrilib, Damokl qılıncı kimi təhsilimizin başının üstünü alıb.

Hər şeydən əvvəl təhsil səviyyəsi qənaətbəxş olmayan ölkələrdə ödənişli təhsil anlayışı mənə çox absurd görünür. Rəhmətlik Habil demişkən, burada havayı oxumaq da bahadır.

Aristotel deyir ki, təhsil rifah anında bir bəzək, fəlakət anlarında isə bir sığınacaqdır.

Amma biz bunlardan xəbərsizmiş kimi onsuz da boğulmaqda olan təhsilimizin bütün nəfəsliklərini bağlayırıq.

Təhsil boğulur.

Gənclik boğulur.

Gələcək boğulur.

# 1716 dəfə oxunub

Müəllifin son yazıları

# # #