Ucuz çayxanalarda yazılan kitab

Ucuz çayxanalarda yazılan kitab
14 mart 2024
# 09:00

Kulis.az Orxan Adıgözəlin "Saxla samanı, gələr zamanı" yazısını təqdim edir.

Fəxri Ağayevin “Saxla zamanı, gələr zamanı” kitabı bu günə kimi oxuduğum ən təsirli şəxsi inkişaf kitablardan biridir. Ümumiyyətlə, “şəxsi inkişaf”la bağlı ədəbiyyata maraq göstərən biri deyiləm və bu cür kitabların effektivliyini “sabun köpüyünə” bənzədirəm. Oxşar ədəbiyyat çox vaxt müvəqqəti motivəedici olmaqla yanaşı, təsir gücünü uzunmüddətli saxlamaq iqtidarında da olmur. Həmin kitablardakı gurultulu tövsiyylər, dəbdəbəli nümunələr xarakterə qüvvət verməkdən çox, şəxsiyyətə səthi meh ötürməklə kifayətlənir. Yəni, siz kitabı bitirən kimi, əlinizdəki məşəl sönür. Nəticədə, yenidən qaranlığa qərq olursunuz.

“Saxla zamanı, gələr zamanı” kitabı isə istisnalardandır. Şübhəsiz ki, kitabı belə səmərəli edən həm də onun Azərbaycan üçün uyğunlaşdırılması nüansıdır. Cənab Ağayev bu kitabı səkkiz aya yazıb. Kitabın yazılma prosesi isə əməlli-başlı eksperimental rituala bənzəyir. Müəllif kitabı nisbətən ekstremal şəraitdə yazıb. Belə ki, “Saxla zamanı, gələr zamanı” Binəqədi və Zığ qəsəbələrinin ucuz çayxanalarında qələmə alınıb. Fəxri bəy səkkiz ay ərzində günə dörd manat pul xərcləməklə kifayətlənir, gündəlik idmanından geri qalmır, işlərini də yerinə yetirməyi unutmurdu. Həmin səkkiz aylıq yazı prosesi zamanı, o, qırx ədəd kitab oxumağa da müvəffəq olub. Bütün bu prosesdəki ən maraqlı məqam kitabın əvvəldən beş ay müddətinə rus dilində yazılması idi ki, sonradan müəllif yazdıqlarının az da olsa təhrif olunmaması üçün onu yenidən Azərbaycan dilində yazmağa başlayıb.

“Saxla zamanı, gələr zamanı” kitabını oxuyanlar müəllifin uğurlarına, onun kitabda özü ilə bağlı təsvir etdiyi inkişaf təcrübələrinə şübhə ilə yanaşa bilərlər. Ancaq orada hər hansı şişirtmə və yalan faktoru yoxdur. Mən Fəxri Ağayevi şəxsən tanıyıram və belə bir adamla tanışlığa görə çox şadam. Bu fəxarət hissi, milli və qlobal səviyyədə özünü bütünləşdirir. Çünki Azərbaycanda və dünya səviyyəsində belə adamların varlığı və fəaliyyəti yaşadığımız planetə ancaq fayda verə bilər. Bu fikirlərim, tanışımı tərifləmək niyyəti güdmür. Fəxri Ağayev kimi öz həyatında inqilabi dəyişiklik edən əzmkar adamlar, ölkəmiz, bölgəmiz üçün əsl dəyərli resurs sayılır.

Müasir idarəetmə sistemlərinin tətbiq edilməsi üzrə biznes konsultant, idarəçilik, liderlik və şəxsi effektivlik mövzularında biznes təlimçi olan Fəxri Ağayev əvvəllər 120 kiloqram çəkisi olan, günə üç qutu siqaret çəkən biri olub. İndi isə, o peşəkar idmançıdır. İş adamı olan bu kəs, qaçış üzrə Bakı çempionu, ölkə ikincisi olan marafonçudur. Bir neçə il əvvəl Fəxri bəylə görüşəndə, o, ölkədəki məşhur bir holdinqin vitse-Prezidenti vəzifəsində işləyirdi. Onun şirkətdə yaratdığı idarəetmə üsulu təkcə holdinqə yox, həm də holdinqin siravi işçilərinin də sosial və iş bacarıqlarının rifahına xidmət edirdi.(artıq Fəxri bəy orada işləmir)

Bir neçə gün öncə bir dostuma Fəxri Ağayevin kitabı barədə təəsüüratlarımı yazmaq istədiyimi bildirdim. Dostum bildirdi ki, “mən Fəxri bəyin bir videosunu telefonuma yükləmişəm, hər dəfə ruhdan düşəndə həmin çıxışı izləyir və ilhamlanıram.”

Bəli, Fəxri bəy əsl ilham mənbəyidir. Adam bu günə kimi minlərlə universitet tələbəsinə biznes və şəxsi inkişafla bağlı təlim keçib. Onun hədəflərə çatmaqla bağlı sözləri sadəcə quru, şişirtmə söz yığını deyil. Həmin təlimatları yerinə yetirən bir xeyli adam var, hansı ki, o kəslər bu gün bir çox müvəffəqiyyət əldə ediblər.

Yaxın dost-tanışa sosial şəbəkələrdə maraqlı və səmərəli paylaşımlar edən adamlar barədə xəbər verəndə onların içində 5-6 nəfərdən biri də Fəxri Ağayevin profili olur.

Əslində, Fəxri bəyin kitabındakı şeylər “nou-xau”(know how) deyil. Bunu özü də deyir. Dünyada onsuz da hər şey təkrarlanır. Sadəcə, bu adam öz əzmi ilə o qədər intizamlı həyat sürür ki, onun uğurlu olmaması mümkün deyil. Əsas məsələ isə bayaq yazdığım kimi, kitabdakı maddələrin, işlək nümunələrin Azərbaycan həyat tərzinə, ölkədəki reallıqlara uyğunlaşdırılmasıdır.
Fəxri bəy “Saxla zamanı, gələr zamanı” kitabında həm də öz həyatının fərqli sferalarında tətbiq etdiyi fəaliyyət testlərindən yazıb. Onların işlək, qeyri-işlək praktikalarını detallı şəkildə oxucuya çatdırmağa çalışıb. Nəticə olaraq fəaliyyət planın sxemini yaradıb və onun tətbiqinin mövcud səmərəsi barədə məlumat verib. Bütün bunların məhsuldarlığı isə əlbəttə əzmkarlıq və həvəslə işləməklə ortaya çıxa bilər.

Odur ki, həyatında dəyişikliklər yaratmağa həvəsi olanlar, həmçinin, fəxr ediləsi həmyerlimizlə tanış olmaq istəyənlər Fəxri Ağayevin “Saxla zamanı, gələr zamanı” kitabını mütləq oxumalıdılar.

# 1998 dəfə oxunub

Müəllifin son yazıları

# # #