Flora Kərimova pis oxumaqlığı

Flora Kərimova pis oxumaqlığı
14 yanvar 2015
# 13:45

Dünya düz gedirdi, fırlanmırdı o vaxtlar. Dədəm deyirdi ki, Qarabağın qoyunları da avazla mələyir...

Elə zadlar var ki, bilmirsiniz, cəddim haqqı!

Şərqin ən böyük faciəsi qulağıdı.

Şərq qulağıyla görür.

Allahı da qulağıyla dərk elədi şərq.

Yazıları da qulağıyla oxuyanlar var.

Şərq-qərb müqayisəsi deyil məqsədim. Bir-iki cümlə götürüb gəlmişəm, qulaqlarınızı açın oxuyun.

İki oxşar səs arasında yerləşən səs düzümünə oktava deyilir. Bu yaxınlarda eşitdim ki, Mariah Gareyin 7 oktava səsi var. Üstəlik, Adam Lopez piano səsini üstələyərək Guinnes rekordlar kitabına düşüb. Hələ bir “dəli abla” var – Georgia Broun. Deyir, 8 oktava səsi var. Bunlara “zilxan” statusunu kim verib bilmirəm. Ağ yalandı. A qardaş, a bacı, yenə deyirəm, indi dünya fırlanır. Əlini qoy vicdanının üstünə, adlarını çəkdiyim adamlara qulaq as! Səs haqqı it balası kimi zingildəyirlər. Bu musiqi deyil, oxumaq dediyin qışqırıqla olmaz.

Filan kişinin 5 oktava səsi var deyirlərsə, bu sadəcə səsdi. Biri də var 5-ci oktavada oxumaq. Ki, bu mümkün deyil.

Kişi cinsli biri 3-cü oktavaya qədər oxuyur, sonrası “mələməkdi”.

İstisnalar var təbii ki. Misal üçün, Luçiano Pavarotti qardaşın 4 oktava səsi olub.

Qadın səsi kişi səsinə nisbətən zil olur. Bu da təbiətin onlara “şüvən salmaq” üçün verdiyi nemətdir.

Xanım Brounun “zingiltisi” səs olsa da, sənət deyil, oxumaq deyil. 8-ci oktava ərşi-fələkdi ki, orda ancaq “mələmək”, “zingildəmək” olar.

Qayıdaq özümüzə...Başlayaq muğamdan. Muğam oxumaq üçün 2,5-3 oktava kifayətdir. Hə, yadımdan çıxmamış deyim ki, muğam deyən kimi Qarabağ gəlir ağlıma. Dədəmin də təriflədiyi kimi avaz gözəldi, səs müdhişdi, di gəl, muğam sözlə musiqi qarışığından yaranır ki, Qarabağ xanəndələri söz bilməyiblər, qışqırıq daha çoxdu. Söz bilməyən qışqırıb, qışqırmayan xaric oxuyub, xaric oxumayanın ritmi yox.

Zil səs sənət deyil. Bu “filankəs çox kitab oxuyub, daha yaxşı yazıçıdı” prinsipinə oxşayır.

Hacıbaba Hüseynovun 2-ci oktavada elədiyini Arif Babayev 4-cü oktavada da eləyə bilməz.

Dinləyin Ahmet Kayanı. Musiqi sənəti prizmasından zəif ifaçıdı. Hətta, çox zəif! Sadəcə oxuduqları “hal musiqiləridi” deyə ruhumuza hopur.

Flora Kərimovanın bir çoxunuzun da əzbərlədiyi, ruhunuza “gömülmüş” ifaları var ki, başdan ayağa “falş”dı. Bu başqa yazının mövzusudu. Bu qədər problemlərin içində musiqi nəzəriyyəsindən danışmağımı qınayacaqsınız, amma problemlərinizin əksəriyyəti qulağınızla gördüyünüz üçün yaranıb, vallah.

Dönüb, dolaşıb gəlirik qulaq məsələsinə.

Oxuyurlar, həzm eləyirsiniz.

Deyirlər, yeyirsiniz.

Hər oxunan azana görə səcdəyə getməyin.

Allahı eşidənlər, onu üzdən tanımayacaqlar... Görməyi bacarın...

# 725 dəfə oxunub

Müəllifin son yazıları

# # #