Vallah, günah çex hakimdə deyil

Vallah, günah çex hakimdə deyil
15 dekabr 2014
# 11:54

Hay-küyə səbəb olan məşhur oyuna mən də getmişdim. Özü də sizə bilet üç manata, mənə on beş manata başa gəldi. Hələ içəri keçəndə əlimdən dönəri aldılar ki, bəs şuluq adama oxşayırsan, içində yad maddə ola bilər. İlk dəfə idi məndə. Həmişə oyunları mavi ekranlardan izləmişəm. Məramım, məqsədim toplumun - futbol komandası adı olsa da, “Qarabağ, Qarabağ” hayqırması həyəcanını yaşamaq idi. Tüklərim tikan kimi batırdı bədənimə, ürəyim qaçırdı içimdə, elə bil.

Birinci hissənin ilk on beş dəqiqəsi. Şaxtalı hava... Soyuğu hiss eləmirəm qürurdan. Qısaqol köynəkdə, “Qarabağ bizimdi, bizim olacaq” – nidalı cümləsinin verdiyi həzdən orqazm yaşayıram. Özümü Şuşada bulaq başında hiss eləyirəm.

İyirminci dəqiqə... Qəfil boynuma yağış damlası kimi soyuq nə isə düşdü. Günəbaxan qabığı. Hə , vallah. Ağız suyu ilə “yuyulmuş” günəbaxan qabığı. Arxada orta yaşlı üç nəfər oturub, “ zibilqabı“ kimi istifadə eləyirlər məni. Qabıqlar yağış kimi yağır üstümə.

Otuz birinci dəqiqə... Oyunçular bir ağızdan “oxşadılır”. “Ayağının bəndini..” , “Atanın...”, “Ay sənin ananın”...

Altmış yeddinci dəqiqə. “Peraşki” yağı süzülən kağızlar yerlə bir. Günəbaxan qabıqlarında üzən ayaqlar.

Bir daha əmin oldum ki, uduzacaq bizimkilər. Nəticə göz qabağında. Uzaq görən millətik axı, yaxını görmürük, uzaq çex məmləkətindən gəlmiş hakim bəy anında gözümüzə girir.

Biz boksda, güləşdə qalib ola bilərik. Uğurlarımız da ortada. Komanda formatında bütün yarışlarda məğlubiyyət səbəbimiz birlikdəlik prinsiplərini, komandalaşmağı bacarmamağımızdı. Bizdə fanat olmaq mədəniyyəti formalaşmayıb ki, oyun mədəniyyətimizlə qalib olaq.

Günah hakimdə deyil, vicdan haqqı. O yetim qolu hesaba alsaydı da, sadaladığım mənzərələrlə məğlubuq biz.

# 423 dəfə oxunub

Müəllifin son yazıları

# # #