İtə hürən insanlar

İtə hürən insanlar
1 dekabr 2014
# 10:30

Qoldan güclü bir dostun ola, tutub ata səni bu şəhərdən

İki həftədi başıaşağı gəzirəm. Hə, vallah! Məcazi məna-zad çıxarmayın sözümdən. Bildiyiniz kimi deyil məsələ. Əllərim olur ayaqlarım, ayaqlarım da başım. Bu vəziyyətdə insanları olduqları kimi görürəm. Adamın başı yerə yaxın olsa yaxşıdı. Sürünən kim, iməkləyən kim, quyu qazan kim – hamısını gözün qədər yaxın görürsən.

Nə isə sözüm onda yox. Bəzi məqamları qanammıram. Ağacın kökləri yerdə, yarpaqlarının yuxarıda olmasıdısa nizam-intizam, qəbul eləmirəm. Bəlkə də elə yer var, bizə məlum deyil, amma orda ağaclar bizdəkinin əksinə bitir? Bəlkə orda qadınlar yox, kişilər doğur? Mən dediyim yerdə yağış yerdən göyə yağır. Kim belə yerin olmadığını sübut eləyəcək?

Arada düşünürəm ki, olan-bitən hər zad yuxudu. Bizə öyrədiblər - “yaşayırıq, öləcəyik”. Mənim kimi biri çıxıb deyəcək ki, ölmüşük, diriləcəyik - nə deyəcəksən? Necə sübut eləyəcəksən əksini?

Bəlkə bütün insanları sən uydurmusan? Bəlkə sən də kiminsə təxəyyülüsən?

Bir ömür əlləş-vuruş, ad-san qazan, xəstəlik tap, ağrı çək, xoşbəx ol - sonda məlum olur ki, bir dəlinin təxəyyülüsən. Heç kimsən.

Xəyalında bir məqam canlandırırsan - bu konkret fərd də ola bilər, bir hadisə də. Təsəvvür elə ki, canlandırdığın obraz real olur. Sən düşündüyün an hardasa peyda oldu, qurduğun ssenarini yaşadı, bitdi.

Sən canın bir qulaq as, bir it adama niyə hürsün? Lap, sən deyən olsun – özünümüdafiə. A kişi, o hardan bilir ki, müdafiə olunmaq lazımdı? Bəlkə biz hürürük itlərə? Necə ki, itlər hürəndə biz sakitləşdirməyə çalışırıq, əksinə, onlar sakitləşdirir, biz hürürük?

Bəlkə mənim yazımı oxumağın, bu vaxta qədər yaşadıqların hamısı yuxudu? Biri mənə sübut eləsin ki, bu yuxu deyil? Hətta, bu yuxunun əslində yuxu olmadığını sübut eləməyə çalışmağın özü də yuxunun davamıdı – desəm, bir sübutun yoxdu. “Hər şey nisbidir” qanun ilə razı deyiləm. “Filankəsə nisbətən şərəfsizdi” - dediyimiz biri, kimin üçünsə müqəddəs ailə başçısı, atadır. Hər şey nisbidirsə, filankəsi aşağılamağımız da nisbidir. Hətta, bunun nisbi olduğunu bildiyimiz də nisbidir.

Bəlkə də gördüyümüz yuxular reallıqdı. Yuxugörmə anında ayılır insan. Qoy burasını açıqlayım bir az. Təsəvvür elə ki, yuxuda görürsən ki, İsrafil əmi ölüb. Sonra ayılırsan, iki gün keçir, İsrafil əmi ilə realda qarşılaşırsan. Elə bəlkə, İsrafil əminin öldüyü yuxu deyildi, o zaman sən ayıldın, gerçəkdən o kişi öldü. İki gün sonra görməyin, filan yenə yuxudu...

Bəlkə bu yazını yazmağımı yuxuda görürəm? Oxuyursan indi... Sənin oxumağın da bəlkə mənim yuxumdu? Bəlkə, uydurduğum obrazsan?

# 1331 dəfə oxunub

Müəllifin son yazıları

# # #