Sevgilimi əmioğlusu zorlamışdı

Sevgilimi əmioğlusu zorlamışdı
27 avqust 2014
# 16:07

Baxışları ilə yalvarırdı mənə. Nəfəsi elə soyuq idi ki, dondururdu göz yaşlarımı. İndi içimə ağlayırdım artıq və həzm eləyə bilmirdi ruhum bu ağrını. Boğazımda ilişib qalırdı zamanla yavaşlayan ürək döyüntüləri. Son dəfə nə isə demək istədi elə bil, dodaqlarına gücü çatmadı. Mən heç vaxt anamla könüllü yatmamışam, döyə-döyə, damdabacalarla qorxudaraq yatırıb anam məni. Amma atamın qollarında elə rahat yuxulayırdım ki, o başımdan yüngülcə sinəsinə sıxırdı və paltarına hopmuş siqaret iyi layla kimi ovsunlayırdı məni. Heç sənin atan ölübmü qollarının arasında?

Səhərə qədər dörd qutu siqaretlə təsəlli etdim. Dan yeri ağaranda artıq mağar qurulmuşdu. Bütün kənd bizdə idi. Meyiti yumaq üçün də hər şey hazır idi, molla Soltanəli dayı qollarını çırmalayıb gözləyirdi. Hər kəsə nifrət etdim bir anlıq, elə bil, onlar bilirdi atam gedəcək. Tabuta boyum çatmırdı mənim, düşüb arxalarınca gedirdim. Qəbiristana gedən hər kəs qayıtdı. Pişiyimiz yoxa çıxdı həyətdən o gün və tək qayıtmayan o oldu. Yadımdadı ki, üç mərasimində süfrəyə limon, xurma qoymağa pulumuz yox idi. Bibim oğlu qardaşıma nisyə bircə limon da vermədi dükanından. Halbuki, o dükanı bibim rəhmətə gedəndə atam vermişdi ona. Atamın başdaşını düzəltdirmək üçün əmilərimin naz etməyini demirəm hələ... Amma indi də bir tikə çörək tapırlarsa, atama borcludu onlar. Nə mənası var axı insanın?

Atam getdi... Bir siqaret tüstüsü qədər oksigen artdı dünyada, iki ayaq ölçüsü qədər bənövşələr əzilməyəcək, qarışqalar daha rahat olacaq həyətimizdə. Bir əl izini dəfn elədi qapımızın əlcəyi, asılqandan azaldı bır kişinin pencəyi və bir pencək çəkisi paltar ipimiz qalxdı yuxarı. Nə mənası var axı insanın?

İndi əmilərim də, dayılarım da təsadüfən xatırlayarlar. Məsafə uzaqlaşdıqca daha ağlamazlar xatirələrə. Bir cüt ayaqqabı azaldı qapımızdan atam gedəndə, amma dörd cüt körpə əmziyi artdı evimizdə. Bu illər ərzində bircə dəfə olsa da atamın dostlarından biri qapımızı açıb “nə yeyirsiniz, nə içirsiniz?” demədi. Atamın ili tamam olandan sonra hər kəs unutdu. Bircə o pişik sadiq qaldı atama, bircə o qayıtmadı. Heç sənin atan öldümü?

Anam kişinin paltarlarını taxtın altına yığmışdı. Atamın siqaret qoxusu üçün darıxdım, pencəyini qucaqladım... Cibinin küncündə bir günəbaxan qabığı gizlənib qalmışdı. Siqaret qoxulu günəbaxan qabığı... Sən heç bir günəbaxan qabığını qucaqlayıb öpdünmü? Sonda bir qabıq – nə mənası var axı insanın?

Hər kəs əvəz olunacaq bir gün. Atalar da , analar da. Əvəz olunacaqsan sən də.

Neçə il bundan öncə 28 May metrostansiyasının yaxınlığında kirayə qalırdım, yaşamırdım sadəcə qalırdım. Məndən bir mərtəbə aşağı yaxın dostum yaşayırdı. O sırf yaşayırdı.

Su ilə günləri vururdum başa, sadəcə su ilə. Bəzən pulum olurdu, həftələrlə əyləncələrdə, yeyib-içməklərdə bakal-bakal paylayırdım ömrümü.

O barın qapısına başını söykəyib titrəyirdi. Artıq şəhər oyanmışdı. Avtobuslar şütüyürdü küçələrdə. Çox gözəl idi, uzun saçlı, qarabuğdayı. İçkili olduğu uzaqdan hiss olunurdu. Ucuz siqaret qoxusu fonunda spirt iyindən gözlərim yaşardı. Apardım onu evə. Paltarını dəyişdi, mənimkiləri geyindi. Üzürdü elə bil köynəyimin içində. Balaca, şirin, yeməli bir qız idi. Əsnay idi adı. Naftalandan gəlmişdi. Daha doğrusu qovmuşdular. Əmioğlusu zorlamışdı, atıb getmişdi Rusiyaya. Hamilə qalınca, atası “götür bicblanı da, rədd ol” deyə qərarını vermişdi. Səhərə qədər danışdıq, dərdləşdik. Başını dizlərimə qoyub yatdı.

Daha gecə həyatı yaşamırdım, ancaq evdə olurdum. Ayrılmaq istəmirdim. Ovsunlamışdı elə bil məni. Məncə sevirdim onu, elə doğma idi ki, daha öpüşəndə ehtiraslanmırdım . Taksi Mehdi dayımız var idi. Köhnə “Reno” markalı maşınla gecələr gəzdirərdi bizi şəhərdə. Vaxtı ilə o qədər artıq pul vermişdim ki, rahat-rahat xidmətimizdə dururdu. Bir dəfə verirdik pulunu, bir dəfə yox. Kirayə pulunu ödəyə bilməmişdim son iki ay. Qovdular evdən bizi. Altı gecə o maşında sabahladıq. “Aşk yuvamız” idi daha “Reno”. Nə xəyallar qururduq, nə xəyallar. Uşaqlarımız da olmuşdu xəyalən. Maşının pəncərəsindən ümidlərimiz ulduzlara qədər uzanırdı. O bir gün anasını görmək istədi. Rayona yola salmağa pulum yox idi. Özü dedi ki, rayona tanış taksi var, avtovağzala gedək, bəsdi. Bir az gec oldu, amma, tapdıq bir tanış adam. Razılaşdı, ancaq “bu qəhbəni yenə azdıracaqlar rayondan” dedi. İstədim yarım ordaca başını. Əllərimi qaldıra bilmədim, qalxmadı əllərim. Son dəfə qucaqladım orda Əsnayı. Daha qayıtmadı. Telefonlarımızı satmışdıq deyə, əlaqəmiz də yox idi. Keçən il avtovağzala getdim, tapdım o dayını, “evlənib, bir uşağı da var, peysərin biri aldı arvad elədi”, dedi. Hisslərimin o anını izah etmək mümkün deyil. Dünən kirayə qaldığım evə qonşu olan dostumgilə getmişdim. Balkonda siqaret çəkirdik. Bir də gördüm həmin Mehdi dayı “Reno” markalı “aşk yuvamıza” kartof-soğan yükləyib, satır məhəllədə.

# 6764 dəfə oxunub

Müəllifin son yazıları

# # #