Toydakı uşaq qatilləri

Toydakı uşaq qatilləri
22 oktyabr 2014
# 09:16

Hələ evlənməmişəm, bütün tanıyanlar bilir ki, toy məclislərinə ümumiyyətlə getmirəm. Pul yollamağım da yoxdur. Dəli-zadam?! Doğma qardaşımın toyunda əllərimi bir not da olsun açmamışam.

Asəf Zeynallı adına musiqi kollecini bitirmişəm, Milli Konservatoriyada davam eləmişəm. İndi belə yazmağıma baxmayın, “manıs “ kimi toylara da getmişəm.

“Rast” dəsgahı oxuyan yerdə bir də görürsən səndələyə-səndələyə bir əmi gəlir ki, ayə, al bu iki manatı bir “Can-cana” oxu. 5 manata “Qarabağ şikəstəsi” istəyən olur. Bir dəfə ağsaqqal bir kişi dedi ki, “Humayun” muğamı oxu!

Bir şax onluğu da yapışdırdı alnıma. Vicdan haqqı şişirtmirəm! Düz alnımın ortasına... Heç indi də tam olaraq bilmirəm o muğamı. “Humayun” adı altında “Şur” oxudum, əmi bir onluq da dürtdü cibimə. Sözüm onda yox, təmtəraqla təşkil olunmuş “Toy” adlı bayağı ritualın bütün detallarını Ağa Cəfərli və Mirmehdi Ağaoğlu daha dəqiq təsvir edib. Toylardakı qəbul etmədiyimiz, yox dediyimiz bütün fikirlərlərlə tam razıyam, sonuna kimi dəstəkləyirəm, sadəcə kiçik bir detal əlavə etmək istəyirəm.

Başımızın üstündə və hər iki çiynimizdə mələklər var ki, müsəlmanın bütün gəlmişini-keçmişini Tanrının vasitəçisi kimi qeyd eləyir. Sürətli inkişafın və avtomatlaşdırmanın sayəsində şadlıq saraylarına da “mələklər” təşrif buyurdu.

Bəy-gəlin şadlıq sarayına daxil olar-olmaz 6 “mələk” onları əhatəyə alır və ətrafında fırlanır. Bu “mələklər” birinci, ikinci sinif şagirdi olan qız uşaqları olur və geyimləri ilə “mələk” təsəvvürü yaradırlar.

Siz hamınız görmüsünüz bu ayini. Hətta, çəpik çalıb müşayiət də etmisiniz. Mələk qruplarını təşkil eləyən qızcığazlara rəhbərlik eləyən “xalalar” ayindən sonra 50-100 manat civarında pul alırlar toy sahibindən və hər uşağa 4 manat məbləğində əməkhaqqı verirlər.

Mən buna yox deyirəm!

O qızcığazlar dərslərini oxusalar, daha yaxşı olmazmı?

Toy abı-havasında mələkləşən bu qızların bütün günahlarını valideynlərinin boynuna yazıram. 4 manata ehtiyacı ola bilər valideynin, amma qızcığazların bu “mələkləşmə” ilə bütün gələcəyi məhv olur.

Ətrafında 2-ci sinif şagirdinin mələk libasında oynamasına sevinən toy sahibləri mənim üçün uşaq öldürən qatil kimidir!

# 2484 dəfə oxunub

Müəllifin son yazıları

# # #