Yarıya qədər rakı, qalanı su... - Bir dəfə İstanbulda

Yarıya qədər rakı, qalanı su... - Bir dəfə İstanbulda
5 dekabr 2023
# 14:54

Kulis.az Ulucay Akifin “Yarıya qədər rakı, qalanı su...” adlı yeni yazısını təqdim edir.

Yazıçı Anara ithaf


İstanbulda son günümüz idi. Şəhərə çıxıb vacib bildiyimiz şeyləri alacaqdıq Bakıya aparmaq üçün.

Mən anama çanta almağı tutmuşdum beynimdə, pul qalsa, özümə də nəsə alacaqdım. Nadir artıq özünə boz palto alıb əyninə keçirmişdi. Məmnun görünürdü. Elə İstanbuldakı adamlara da “mən bu paltonu İstanbuldan almışam, 1500 liraya!” demək istəyirdi.

Əyyub Qiyasla Xəyal Rza da bazarlıqlarını etmişdilər.

Pendikdə səs-küylü, insan və qağayılarla dolu küçələr boyu addımlayıb mağazaların vitrinlərinə baxırdıq.

Anar müəllim pencəyinin yan cibindən bir kağız parçası çıxarıb diqqətlə baxdı. Sonra kağızı yenidən cibinə qoyub hamımızdan qabağa düşdü. Biz də asta addımlarla onun arxasınca gedirdik.

Anar müəllim bir-bir apteklərə girirdi.

– Yoldaşının dərmanlarını axtarır. – Xəyal mənə dedi.

Xanımının dərmanlarını almaq üçün 85 yaşlı kişinin İstanbulda bir-bir aptekləri gəzməyi mənə çox xoş təsir etdi. Həm də kədərləndim:

– Kaş kameramız olardı, eləcə kənardan Anar müəllimi çəkərdik. – Xəyala dedim.

Özümdən asılı olmadan qəhərləndim. Gözümdən yaş da axdı. Hiss etdim ki, dostlar da mənimlə eyni hissləri yaşayırlar.

İstanbulda hava çiskinli, sərin idi. İri, kök qağayılar dar məhəllələrdə gülüşə-gülüşə gah işıq dirəklərinin, gah maşınların, gah da zibil yeşiklərinin üstünə qonurdular.

Açıq kafelərdən birində çay içdik.

Anar müəllim dərmanları alandan sonra hotelə qayıtdı. Zarafat deyil, adam Ankaradakı 4 gecədə də məclisimizi şərəfləndirdi. Səhərə qədər söhbət yoldaşı oldu, heç birimizdən də az içmədi.

Səhərlər isə üzünü təraş edib, şıq geyimiylə hamımızdan əvvəl tədbirə gəlirdi.

***

Hə, unutmuşdum. Ankaraya Türk Dünyası Yazarlarının beşinci Qurultayına getmişdik. Qurultayın açılış çıxışı zamanı Anar müəllimin son sözləri yadımdadır:

“Bu gün Qarabağ azaddır. Mən Qarabağın azad olunmasını gördüm. Deməli, bu qədər yaşamağa dəyərmiş...” – deyib asta addımlarla səhnədən aşağı düşdü.

Həmin Qurultaya 20 ölkədən 100-dən çox yazıçı, şair, ədəbiyyatşünas, filoloq və alim gəlmişdi. Qurultayın ən nəhəng adamı idi Anar müəllim. Hamı onunla salamlaşmaq, söhbətləşmək, şəkil çəkdirmək istəyirdi.

Anar müəllimin şəkil çəkdirməkdən heç xoşu gəlmirdi. Görəndə ki, şəkil çəkdirmə mərasimi başlayıb, yavaş-yavaş aradan çıxmağa çalışırdı.

Ankarada olduğumuz dörd gün boyunca mənim üçün Qurultaydan da önəmli olan gecələr açdığımız xudmani süfrələr və söhbətlərimiz idi. Anar müəllim heç bir dəvətimizə “yox” demirdi, hiss olunurdu ki, özü də bizlə bir məclisdə olmağa, söhbət etməyə can atır.

Onun üçün xırda görünə biləcək bütün bu addımları bizim üçün dəyərli idi. Biz də can atırdıq ki, Anar müəllim gəlsin, söhbət eləsin, bizə qulaq assın, sağlıq desin, hansısa xatirəsini danışsın.

İçki gözəl şeydir, məclisdə ürək yoldaşların varsa.

Anar müəllim ürək yoldaşı olmuşdu bizə. Onu digər dostlarımdan ayırmırdım. Aramızdakı yaş fərqini hiss etdirmirdi.

– Anar müəllim, feysbukda bunu paylaşıb yazdım ki, “Azərbaycanın iki böyük yazıçısı”. – şəklimizi göstərib, - dedim.

– Düz yazmısan. – Anar müəllim gülə-gülə dedi.

Məclislərimizdən birində içkinin təsirindən ya nədən, ürəyim açıldı, qədəhimi götürüb ayağa qalxdım:

– Mən istəyirəm, bunu Anar müəllimin sağlığına içək! Mən Anar müəllimi sevirəm! Onun 35 ildir Yazıçılar Birliyinin sədri olmağı məni zərrə də narahat eləmir. Mən onu yazıçımız kimi sevirəm. Mənim atam 2004-cü ilin Qurultayında namizədliyini irəli sürmüşdü. Bir adam da səs verməmişdi atama. O gün atama səs verməyənlər məni nədəsə qınamağa çalışırlar indi. Heç biri vecimə deyil.

– Ulucay, bu söhbəti açdınsa, mən də deyim. Atanla mənim çox gözəl münasibətimiz var idi. Və biləsən ki, mən ondan heç vaxt incimədim, heç mətbuatda da onun haqqında mənfi nəsə danışmadım Qurultaydan sonra. Mənim ona çox böyük hörmətim var idi. – Anar müəllim də mənim sağlığıma əlavəsini elədi.

Söz sözü, söhbət söhbəti açırdı gecəboyu uzanan məclislərimizdə. Gah kədərlənirdik, gah da gülürdük...

– Bir dəfə liftdə qalmışdım. İyirmi dəqiqə idi qapını aça bilmirdilər. Mən də eləcə dayanmışdım liftdə. – Anar müəllim başına gələn bir hadisəni danışmağa başladı. – Bir də gördüm, liftin çölündən kimsə məndən soruşur ki, nəyəsə ehtiyacınız var? Dedim, hə, bir şiş tikə, bir şiş lülə...

Hamımız güldük. Şişləri dişimizə çəkdik, qədəhlərimizi boşaltdıq. Səhər də kostyumlarımızı geyinib tədbirə yollandıq.

Belə gözəl keçirdi məclislərimiz.

Rəşad Məcidin iştirak etmədiyi məclislərimizdən birində yaxşıca içmişdim. Özüm də hiss edirdim ki, kefim kökdür: Odlu-alovlu çıxışlar edirəm, səsimi gah qaldırıram, gah endirirəm. Həmin məclisin səhəri, Qurultayın fasiləsində Rəşad müəllimə yaxınlaşdım:

– Heyf, dünən oturmadınız bizlə. Dünən kefim əla idi!

– Keflənmişdin? – Rəşad müəllim siqaretini tüstülədib güldü.

O gün yenə məclisimiz quruldu. Rəşad Məcid də gəldi bu dəfə. Elə süfrəyə oturan kimi ilk sözü bu oldu:

– Ulucay, eşitdim, dünən yaman keflənmisən... – hamının eşidəcəyi tonda deyib, güldü.

Xəyal Rza, Əyyub Qiyas bir yandan, Nadir Yalçın o biri yandan kefləndiyimi təsdiqlədilər. Köməksiz qaldığımı görüb üzümü Anar müəllimə tutdum:

– Anar müəllim, mən dünən keflənmişdim?

– Mən hiss eləmədim! – Anar müəllim qətiyyətlə dedi. Yenə güldük və məclisimiz başladı.

***

İstanbuldakı ilk gecəmizdə hotelin zirzəmisindəki yeməkxanada açdıq süfrəmizi. Əyyub Qiyas rakı almışdı. “İstanbula gəlib rakı içməmək olmaz” - demişdi, biz də etiraz eləməmişdik.

Zeytun, pendir, çərəzlər, heyva, nar...

Məncə, həmin məclis Türkiyədəki 6 günümüzün şahı idi.

Zirzəminin öləziyən işıqları rakı süfrəsinə uyğunlaşdırırdı ruhumuzu. Sükut yetərincə idi. Nadirin telefonundan gah türkülərin, gah da öz klassik musiqilərimizin səsi gəlirdi astadan.

Yarıya qədər rakı, qalanı su...

Çörəyin kənarından qopar, süzməyə batır, zeytundan da at ağzına...

Yarıya qədər rakı, qalanı su...

Dilimlənmiş heyvadan, almadan da dişlə...

Yarıya qədər rakı, qalanı su...

Anar müəllim mahnı sifariş verir Nadirə.

Neşet Ertaşa qulaq asırıq, sonra Emin Sabitoğluna...

Yarıya qədər rakı, qalanı su...

Hamı kədərlidir, hamı bir o qədər də xoşbəxt...

Anar müəllim itirdiyi dostlardan danışır, sonra deyir ki, siz də mənim dostumsunuz, çox sağ olun bu gözəl günlər və məclislər üçün.

Yarıya qədər rakı, qalanı su...

***

İstanbulda “Şuşa şeir şöləni”ndə iştirak edirik. Rəvan Cavid də qoşulur bizə.

Fəxrlə çıxırıq səhnəyə,

sinəmizi qabağa verib şeirlər oxuyuruq,

nitqlər söyləyirik,

Qarabağdan danışırıq, başımız dik,

Şuşadan danışırıq, alnımız açıq,

Bir-birimizə baxırıq, gözlərimizin içi parıldayır...

Çıxırıq tədbirdən, sonuncu gecəmizdir İstanbulda...

Siqaret çəkirik...

***

İstanbuldakı son gecəmizdə Anar müəllim bizə qonaqlıq vermək istədiyini deyir,

Rəvan, Nadir və mən səhv vapura minirik, səhv limanda düşürük...

Sonra səhv avtobusa minib, səhv dayanacaqda düşürük...

Nadir Rəvana əsəbiləşir, Rəvan gəlməyən taksiyə, mən heç kimə...

Taksiyə minib restorana gəlirik...

Bu dəfə süfrə xudmani deyil...

Rakı içirik, balıq yeyirik...

Yarıya qədər rakı, qalanı su...

Sağlıqlar deyilir, vida sözləri kimi...

“Mən Bakıda bu məclislər üçün darıxacam” – deyir Anar...

“Biz də!” – deyirik...

Yarıya qədər rakı, qalanı su...

“Gərək Bakıda da görüşək, bu cür məclislər quraq” – deyir Anar...

“Mütləq!” – deyirik...

Yarıya qədər rakı, qalanı su...


# 6286 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #